Azərbaycan seçicisi kimə və nəyə səs verəcək?

Əvvəli ötən sayımızda

Hakim Yeni Azərbaycan Partiyasından fərqli olaraq müxalifət hər dəfə olduğu kimi bu dəfə də seçkilərə dağınıq və pərakəndə halda gedir. Hələ 2013-cü ilin prezident seçkiləri başa çatdıqdan dərhal sonra müxalif düşərgənin qarşıdan gələn parlament seçkilərində birgə iştirakı ilə bağlı təşəbbüslər irəli sürülsə də, ötən iki il müddətində partiyalar bu təşəbbüsü reallaşdıra bilmədi. Əksinə bu illər ərzində mövcud olan Milli Şura, Demokratik Qüvvələrin Məşvərət Məclisi, "Vətən" Siyasi Bloku, "Qarabağ" bloku kimi müxalifət birlikləri fiaskoya uğradı, fəaliyyətsiz quruma çevrildi. Hətta cəmi iki partiya-Azərbaycan Demokrat Partiyası və Ümid Partiyasının təmsil olunduğu "Qarabağ" bloku belə parlament seçkiləri ilə bağlı məsələdə ümumi razılığa gələ bilmədi.

Bu günə olan məlumata görə, müxalifət düşərgəsindən BAXCP, VİP, MDHP, Böyük Quruluş, VHP, Müsavat, AMİP, KXCP və digər partiyalar seçkilərdə iştiraka qərar verib. Artıq sözügedən partiyalar seçki mübarizəsinə qoşulacaq namizədlərini müəyyən edərək aktiv seçki prosesinə qoşulublar. Özünü əsas müxalifət partiyası hesab edən Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkilərdə iştirakdan imtina edib. Bu günlərdə eyni qərar Azərbaycan Demokrat Partiyası tərəfindən də qəbul edilib. Təbii ki, hər bir siyasi təşkilatın qəbul etdiyi qərara hörmətlə yanaşmaqla yanaşı bir mühüm məqamı da qeyd etmək yerinə düşər ki, siyasi partiyaların başlıca vəzifəsi ölkənin siyasi həyatında baş verən hadisələrdə yaxından iştirak etmək olmalıdır. Bu sırada ölkədə keçirilən bu və ya digər seçkilərdə iştirak etmək, seçki mübarizəsinə qoşulmaq ön yer alır. Siyasi partiyanın seçkilərdə iştirakdan imtina etməsi isə onun passiv siyasi fəaliyyətini ortaya qoymuş olur. Bu fəaliyyətsizlik öz-özlüyündə partiyanın elektoratının da tədricən ondan uzaqlaşmasına gətirib çıxarır. Partiyaların seçkidə iştirakdan imtina etməsinin başlıca səbəblərindən biri onun seçkiyə ciddi qüvvə kimi çıxa bilməyəcəyidirsə, digəri cəmiyyətdən dəstək alacağına olan şübhəsidir. Eyni zamanda ciddi seçki mübarizəsi aparacaq namizədlərinin olmaması da siyasi təşkilatın seçkilərdən imtina etməsini şərtləndirən amillərdəndir. Bu mənada əslində AXCP və ADP-nin seçkilərdə iştirakdan imtina etməsini başa düşmək olar. AXCP-də son aylar baş verən silsilə istefalar heç şübhəsiz ki, partiya üçün seçkiqabağı ağır zərbə idi. Hazırda yalnız özü və məhdud sayda çevrəsi qalan Əli Kərimlinin indiki situasiyada seçkidə iştirakdan başqa yolu yoxdur. Eyni şeyi ADP barədə də söyləmək mümkündür. Bu gün demokratlar sözün həqiqi mənasında kadr çatışmamazlığından əziyyət çəkir.

Digər müxalifət partiyalarına gəlincə seçki mübarizəsini qarşıya məqsəd qoyan həmin siyasi təşkilatlar 1 noyabr tarixinə ciddi hazırlaşırlar. Əgər hazırda parlamentdə təmsil olunan BAXCP, MDHP, VHP, Böyük Quruluş partiyaları Milli Məclisdəki mandat sayını artırmağı hədəfləyibsə, AMİP və VİP isə bu il parlament partiyası olmaq üçün çalışır. AMİP-nin kifayət qədər seçki təcrübəsinin olduğunu nəzərə alsaq milli istiqlalçıların buna nail olacağını söyləmək olar. VİP-ə gəlincə isə bu partiyanın nisbətən konstruktiv mövqe nümayiş etdirməsi, radikal müxalifət partiyaları kimi dövlətə deyil, məhz hakimiyyətə müxalifət olması cəmiyyət tərəfindən dəstək qazanıb. Eyni zamanda AMİP-də zaman-zaman anoloji mövqe sərgiləyib. Ona görə də Azərbaycan cəmiyyətinin müxalif hissəsinin məhz konstruktiv müxalifətə etimad göstərəcəyi istisna edilmir. Ümumilikdə götürəndə isə müxalifətin noyabrın 1-də keçiriləcək parlament seçkilərində də ciddi bir uğura imza atacağı gözlənilmir. Bunun isə səbəbləri cəmiyyətin hər bir üzvünə bəllidir. Qısaca olaraq qeyd edə bilərik ki, bu düşərgə daxilində mövcud olan qeyri-səmimilik, bəzi partiyaların hakimiyyətlə dövlətə müxalifətçiliyi səhv salması, bir çoxlarının xarici dairələrin maraqlarına xidmət etməsi, ən əsası isə hələ də əksər müxalifət siyasilərinin 1988-90-cı illərin psixologiyasından kənara çıxa bilməməsi cəmiyyətin müxalifətə olan dəstəyinin tamamilə azalmasına gətirib çıxarıb.

O ki qaldı noyabrın 1-də baş tutacaq seçkilərin nəticəsi olaraq formalaşacaq yeni qanunverici orqana, ümid etmək olar ki, Azərbaycan seçiciləri Milli Məclisin simasının bir qədər dəyişməsinə səs verəcək. Etiraf etmək lazımdır ki, IV çağırış Milli Məclisə keçirilən seçkilərdə mandat əldə etmiş deputatların heç də əksəriyyəti ona göstərilən etimadı doğrultmadı. Kimi seçicilərinin taleyini düşünmək əvəzinə cinayət əməlinə yol verdi, bir digəri Azərbaycana radikal dini cərəyanların ayaq açmasına şərait yaratdı, bir başqası yalnız öz biznesini qurmağa üstünlük verdi. Seçicilərin ona etimad göstərməsi qarşılığında bir dəfə olsun belə deputat seçildiyi rayonun mövcud problemini diqqətə çatdırmayan bəzi millət vəkilləri 5 il ərzində "susmaq qızıldır" prinsipinə üstünlük verdilər. Ancaq ümid etmək olar ki, V çağırışı Milli Məclisə seçilən deputatlar sırasında qeyd edilən mənfi cəhətləri özündə daşıyanlar olmayacaq. Azərbaycan prezidenti İlham Əliyevin siyasi islahatlarla bağlı fikirləri qanunverici orqan üçün keçərli olacaq. Artıq Azərbaycan cəmiyyəti də bütün sahələrdə olduğu kimi qanunverici orqanın tərkibində yenilik arzulayır. Özü də keyfiyyət baxımından yenilik. Qlobal proseslər və Azərbaycana qarşı artan təzyiqlər fonunda  bu gün bizə qanunverici orqanda kifayət qədər təcrübəli, beynəlxalq aləmə Azərbaycanın haqq səsini çatdırmağa layiq parlamentarilər lazımdır.  Eyni zamanda müxtəlif ölkələrdəki həmkarları ilə əlaqələr qura bilən, onları Azərbaycanın dostuna çevirməyə nail olan şəxslər Milli Məclisə seçilməlidir ki, ümumi işin xeyrinə olsun. Əminliklə deyə bilərik ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində Azərbaycan seçicisi də məhz buna səs verəcək.

Füzuli

Ardı var

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00