Ermənistan müxalifət liderini Azərbaycana sığınmağa məcbur edən faktorlar
Martirosyanın Azərbaycana gəlməsinə Ermənistanın sosial-iqtisadi-siyasi vəziyyəti, Azərbaycanda milli-dini-siyasi tolerantlıq prizmasından baxmaq lazımdır
18 Sentyabr 2015 13:47 SiyasətErmənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istədi. V. Martirosyan bildirib ki, rəhbərlik etdiyi müxalif yönümlü "Milli Azadlıq Hərəkatı" təşkilatının fəaliyyətinə görə Ermənistan dövlət orqanları və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istədi. Əlbəttə, Martirosyanı Azərbaycana gətirən ciddi səbəblər var. Azərbaycan və Ermənistan ictimaiyyəti tərəfindən də, müxalifət liderinin düşmən ölkəyə sığınması birmənalı qarşılanmır. Bu nöqteyi-nəzərdən Martirosyanın Azərbaycana gəlməsinə Ermənistanın sosial-iqtisadi-siyasi vəziyyəti, Azərbaycanda milli-dini-siyasi tolerantlıq prizmasından baxmaq lazımdır. Paralel olaraq bu, Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnamə, Qərb və Rusiyanın dəstəklədiyi Ermənistan hakimiyyətinin terrorçu və işğalçı siyasətini saf-çürük etməsi məsələlərində vacibdir. Bu hadisə əvvəlcə, Ermənistanda proseslərin doğru yöndə cərəyan etmədiyinin ifadəsidir və erməni müxalifləti tərəfindən atılan ilk addım deyil. Keçən ilin iyunun 14-də Azərbaycandan sığınacaq istəyən erməni yazıçı, Tavuş vilayəti başçısının keçmiş müavini Lübix Çubuxçiyanı xatırlamaq lazımdır. Rejimə etiraz olaraq hakim Respublikaçı Partiyasından istefa verən Çubuxçiyan həyati təhlükəsizliyi üçün Azərbaycana müraciət etdi. O, müraciətində "Azərbaycandan sığınacaq istəmək üçün 20 il gecikmişəm" ifadəsini xüsusilə vurğuladı. Prinsip etibarilə, Çubuxçiyan və Martiroasyanla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxmasından bu günədək 100-ə yaxın erməni hərbçinin qaçaraq könüllü formada Azərbaycana sığınması faktlarına da toxunmaq olar.
Siyasi vəziyyət
Ermənistanda iyunda elektrik enerjisinin bahalaşmasına etiraz olaraq başlayan və bu gün də davam edən antihakimiyyət nümayişləri, İrəvandakı rejimin iç üzünü ifşa etdi, ölkənin vəziyyətini ən kiçik detallara qədər parçaladı. Birincisi, nümayişlər Xocalı Soyqırımı kimi XX əsrin ən vahiməli qanlı hadisəsini yaratmış Sərkisyan rejiminin öz xalqına qarşı da barışmaz və güzəştsiz mövqedə dayandığını üzə çıxardı. İrəvanda başlanan etirazlar tədricən regionlara yayıldıqca, hakimiyyət xalq kütlələrinə qarşı təzyiq rıçaqlarını işə saldı. Nəticədə polis dövləti yaratdığını sübut edən Sərkisyan rejiminin dəyənəyi altında onlarla müxalifətçi əzildi, şikəst edildi və həbs olundu. Müxalifət liderləri Levon Ter-Petrosyan və Raffi Ovanesyanın "Dayan!" çağırışlarına baxmayaraq, hakimiyyət nümayişləri yatıranadək dəyənəyi əlində saxladı. Təkcə bir fakta baxmaq kifayətdir: Sentyabrın 12-də İrəvanda baş vermiş nümayişdə hakimiyyət 50 nəfər müxalifətçini həbs etdi. Təzyiqlərə məruz qalanlar arasında Vaan Martirosyan və ailəsi də vardı. Belə ki, Azərbaycana qaçaraq sığınacaq istəyən Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan avqustun 15-i həyat yoldaşı ilə birlikdə öz evində olduğu zamanı hakim Respublikaçı Partiyasından olan deputat Mqer Serdikyanın adamları tərəfindən döyülüb. Hadisə cütlüyün övladının gözü qarşısında baş verib. Müxalifətçinin sözlərinə görə, hadisə zamanı döyülən həyat yoldaşı bətnindəki körpəni itirib. Hadisə ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılsa da, bu prosedur indiyədək yekunlaşmayıb. Yayılan məlumatlarda erməni müxalifətçinin deputatın adamları tərəfindən döyülməsinə səbəb kimi onun "QazProm Ermənistan" şirkətinin cinayətkar əməllərini ortaya çıxarmasıdır.
Rusiya faktoru
İrəvan aksiyalarında Sərkisyan iqtidarının dəhşətli üzünü ifşa edən digər faktor Rusiyayla bağlıdır. Belə ki, etirazçıları susdura bilməyən rejim Moskvadan aldığı tapşırıqlar üzərindən Rusiyanın Ermənistandakı hərbi bazasının əməkdaşlarını polis və təhlükəsizlik qüvvələrinin əməkdaşları qismində İrəvana cəlb etdi. Son dərəcə amansızlıqla yaranmış gərginliyin qarşısı alındı. Moskvanın proseslərə müdaxilə etməsi, mitinqlərdə etirazçıların hakimiyyəti xarici siyasət kursunda Moskvadan imtina etməyə çağırmaları ilə bağlı idi. Nümayişlərdə Moskva əlehinə formalaşdırılmış qruplaşmanın başında dayananlardan biri də, Azərbaycandan siyasi sığınacaq istəmiş Vaan Martirosyandı. Əlbəttə, hakimiyyətin Martirosyanın fonunda ümummüxalifətə qarşı güzəştsiz olması rejimin özünün ölkəni diktatorial qaydalarla idarə etməsinə olan simpatiyası və Moskvadan edilən təzyiqlərlə bağlı idi. Xalq isə, birmənalı Rusiyanı istəmir. Çünki, Levon Ter-Petrosyandan bu yana Ermənistanda mövcud olmuş oliqarx və korrupsioner rejimlərlə yanaşı, Rusiya da 1991-ci ildən bu yanda Ermənistanda davam edən ağır sosial-iqtisadi vəziyyətə görə məsuliyyət daşıyır.
Sosial-iqtisadi böhran
Ermənistan iqtisadiyyatında ağır böhran var. Hökumətin problemi həll etmək üçün gördüyü səthi tədbirlər nəticə vermir. Maliyyə problemi son 1 ildə 7 minə yaxın şirkəti iflas etdirib. Bu, Ermənistanda fəaliyyət göstərən şirkətlərin 24%-ni təşkil edir. Digər şirkətlər də dövlətə aylıq hesabat təqdim edə bilmirlər. Paralel olaraq, son ayda işsizlik 27% artıb. Rusiyanın iqtisadi çöküşü hakimiyyəti çıxılmaz vəziyyətə salıb. Avropa şirkətləri İrəvanın istədiyi 200 milyon dolları vermədi. Ermənistanı tərk etmək istəyənlər bank və mübadilə məntəqələrində xarici valyuta tapa bilmirlər. Valyuta problemi bank və mübadilə məntəqələrini bağlanmaq təhlükəsi qarşısında qalıblar. Baş nazir Ovik Abramyanın ərzağın sürətlə bahalaşması barədə açıqlaması, Ermənistanın iqtisadi mənzərəsini göstərən əsas elementdir. Kənd təsərrüfatı əhalinin 1/3 hissəsini ödəyə bilmir. Millə gəlirlərin həcmi 1 il ərzində 3 dəfə azalıb. Xarici ölkələrdən investisiya yatırımı dayandırılıb. İnşaat sektoru iflic vəziyyətdədir, hökumət boşalmış paytaxt və regionlarda tikinti işi həyata keçirməkdə maraqlı deyil. Ölkənin istilik təchizatının ana kanalı sayılan Razdan İES, 3 Elmi Araşdırma İnstitutu, özəl telekanallar, digər media qurumları, Zvartnots Beynəlxalq Hava Limanı, İrəvan Konyak Zavodu, "Armentel" Telekomnukasiya Stansiyası, "Metsamor" AES, paytaxtdakı mehmanxanalar, qızıl istehsalı zavodları - bir sözlə, Ermənistanın strateji iqtisadi infrastrukturu xarici borc qarşılığında Rusiyaya verilib. Əhalinin 20%-i gəlirinin 80%-ni əlində saxlaya bilir. 80% gəlirin isə 15-17% nəqliyyat xərclərinə istifadə edilir. İşsizlik 65%-ə çatır. Avrasiya İttifaqına daxil olmasından sonra Avropadakı müfuzunu itirən hakimiyyət diasporadan da yardım ala bilmir. Maliyyə problemi yaşayan Ermənistan üçün Qərb bankları kredit verməyi də riskli hesab edir. Başqa sözlə, Ermənistan elə bir bəlanın içərisindədir ki, Rusiyadan imtina edə bilmir. Çünki, Ermənistan və hakimiyyət Azərbaycana məxsus Dağlıq Qarabağ və ətraf rayonları nəzarətdə saxlamasını Rusiyaya borcludur. Həmin işğala görə, İrəvan dövlətin bütün siyasi və iqtisadi arsenalını Kremlə verib.
Erməni oliqarxiyası
Rusiya ilə yanaşı Ermənistanda hökm sürən acınacaqlı vəziyyətə və xalqın məhrumiyyət içində yaşamasına səbəb olan böyük bir problem də var: erməni oliqarxiyası. Məsələn, Amerikada yaşayan erməni biznesmen Vaaqn Ovanyan Ermənistan iqtisadiyyatını ələ keçirmiş oliqarxların ölkəni məhvə doğru apardığını dedi. Ovanyan təhlükəli oliqarx mafiya qarşısına xalqın öz ümidini itirdiyini vurğuladı. Erməni siyasi analitik Aykazn Qaqariyan da Ermənistan iqtisadiyyatının milli sərvətləri ələ keçirmiş bir qrup oliqarxın əlində olduğunu etiraf edib. Avropa Yenidənqurma və İnkişaf Bankının İrəvan ofisinin keçmiş direktoru Valeriyu Razloq da oliqarxların iqtisadiyyatı darmadağın etdiklərini bildirdi və qeyd etdi ki, oliqarxlar Ermənistanda korrupsiya hallarının çoxalmasında əhəmiyyətli pay sahibidirlər. Razloqla yanaşı digər iddialar reallıqlar var. Həqiqətən, Rusiyanın nəzarətində olmayan digər iqtisadi sektorlar prezident Serj Sərkisyan, keçmiş dövlət başçıları Levon Ter-Petrosyan və Robert Köçəryan arasında bölüşdürülüb. Ermənistan Şərab zavodu, "Ararat" Bankı, "Ararat" restoranlar şəbəkəsi, "Armavia" dövlət hava yolları şirkəti, "BTBBank Armenia", Dağlıq Qarabağdakı 3 şərab zavodu, "Hadrut" şərab zavodu, "Flash" şirkətlər qrupu, "Global-Contact" Ofşor Şirkəti kimi müəssisələr Sərkisyanın nəzarətindədir. Prezident "Armavia"-nın başçısı Mixail Baqdasarova məxsus olan "Mika" şirkətlər qrupu vasitəsilə ölkənin daşınmaz əmlak, tikinti, maliyyə, informasiya və kommunikasiyatexnologiyaları, buğda emalı, un istehsalı kimi sahələrini əlində saxlayır. Şirkət yanacaq, təyyarə, avtomobil benzini vədizelin ölkəyə idxalını da həyata keçirir. Qurumun nəzdnində olan "Mika cement" və "Mika house" qrupları tikinti və tikinti materialları sahəsində fundamental inhisarçılardır. "Mika" FK-da şirkətə məxsusdur. "Mika-Karabakh" isə Azərbaycanın işğal altında olan rayonlarında zərgərlik məhsullarının istehsalı ilə məşğul olur. Sərkisyan "Mika Group" vasitəsilə"Armsberbank"-ın 50%-nə, "Jazzve" qəhvə şirkətinə və "Philip Morris" şirkətlərinin rəsmi distribyutorluğunu həyata keçirir. Şəbəkəyə Sərkisyanın kürəkəni Mixail Minasyan nəzarət edir. Prezidentin biznes imperiyasındakı əsas tərəfdaşları Mixail Baqdasarov və "Flash" Şirkətinin başçısı Barseq Beyleryandır. Qeyd olunan strateji əhəmiyyətli sektorun müəyyən hissəsi isə Levon Ter-Petrosyanın nəzarətindədir. Petrosyan öz sahələrinə "SİL" Şirkətlər Qrupunun prezidenti Xaçatur Sukiasyanın əlilə nəzarət edir.
Azərbaycan Martirosyana niyə yer verdi?
Yuxarıda sadlanan faktorlar Martirosyanın fonunda digər müxalifət və xalq nümayəndlərinin Ermənistandan qaçmasına zəmin yaradır. Əlbəttə, həmin şəxslərin özlərinə düşmən mövqeyi hesab etdikləri Azərbaycana üz tutmları başqa bir məsələ - Azərbaycanda siyasi, milli və dini tolerantlığın olduğunu sübut edən və Avropa Parlamentinin ölkəmizlə bağlı qətnaməsini alt-üstə edən məsələdir. Prinsip etibarilə Azərbaycandan siyasi sığınacaq istəmiş Vaan Martirosyan Dağlıq Qarabağın Ermənistana məxsus olmasını iddia edən milyonlarla ermənidən biridir. Məsələn, araşdırma aparıb Martirosyanın Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olması yönündə çıxışlarını tapmaq və buna görə, ona qarşı cinayət işi açıb həbs etmək olar. Lakin, Azərbaycan buna getmir, ona görə yox ki, erməni müxalifətçinin və digər ermənilərin iddialarına haqq qazandırı, ona görə ki, Martirosyan Azərbaycandan kömək istəyib və Ermənistanda hakimiyyət tərəfindən ona həyati təhlükə vardı. Əgər Azərbaycan erməni siyasətçiyə qalmaq üçün yer verirsə, bu ölkəmizin humanizmə verdiyi dəyərin ifadəsidir. Qədim Azərbaycan türklərinin bir sözü var: "Biz qaçanı qovmadıq, aman diləyəni öldürmədik". Prinsipcə, Martirosyanın Azərbaycandan aman diləməsi və kömək istəməsi, bilavasitə Ermənistanın istər Dağlıq Qarabağ, istər daxili, istərsə də xarici siyasətində yalnış olduğunun etirafı idi. Bu həm də bir üzr və bağışlanma istəyidir.
Mənsur