Rauf Arifoğlu: “Seçkilərə gedib-getməyəcəyimə yaxın günlərdə aydınlıq gətirəcəm”

"Seçkilərdə iştirak edib-etməyəcəyim barədə hələ qəti qərar verməmişəm". "Olaylar"ın məlumatına görə, bu sözləri noyabrın 1-də Azərbaycanda keçiriləcək Parlament seçkilərində namizəd kimi iştirak edib-etməyəcəyi barədə ünvanlanan suallara cavabında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. R. Arifoğlu qərar vermək məsələsində hələlik tərəddüd etdiyini diqqətə çatdırıb: "Bakı dairələrindən birinin üzərində dayanmışam. İlkin hazırlıqlar da aparılıb. Lakin qəti qərarı verməmişəm. Düşünürəm ki, 24-25 sentyabra qədər zamanım var. Seçki mühiti, ortam, şərtlər uyğun olsa və inansam ki, mənim nəticələrim keçən dəfələrdə (2005-2010) olduğu kimi, dəyişdirilməyəcək, namizədliyimi verəcəm. Bunlardan hər hansı biri olmasa, boşuna zaman və para xərcləmək fikrim yoxdur. Bunu əvvəl də demişəm, bir daha təkrar edirəm: Hazırda imkanlarımız, mövqeyimiz və gücümüz bir neçə deputatın birlikdəki imkanından, gücündən daha yüksəkdir. Biz hər kəsə olduğu kimi, yeri gələndə bir sıra deputatlara, bəzən digər vəzifəli şəxslərə dəstək oluruq, problemlərini həll edirik. Rayonlara gedib, seçki kampaniyası keçirmək isə, əvvəldən də dediyim kimi, istisna olunur; "Yeni Müsavat"ın işinə, həyatımızın ritminə mənfi təsir edəcək; heç uyğun deyil. Bu baxımdan, bir sıra "qaranquşlar" məni kimlərləsə üz-üzə qoymaq zəhmətini çəkməsinlər. Namizədliyimizi versək, Bakıdan verəcəyik, verməsək, "Yeni Müsavat", "musavat.com", "minval.az" adlı tribunalarımızdayıq. Hər hansı yekun qərarı gələn həftə qeyd olunan media quruluşları vasitəsi ilə bildirəcəm. O zamana qədər xahişim budur ki, hörmətli həmkarlarım bu mövzuda məni narahat etməsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00