Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi son qətnamə ilə bağlı qeydlər

Avropa Parlamentinin Azərbaycana dair 2015-ci il sentyabrın 10-da qəbul etdiyi 2915/2840 (RSP) saylı qətnamə ilə tanış olunca həmin qətnamədə yer alan müddəalar haqqında rəy bildirmək qərarına gəldik. Açığı, həmin müddəaların əksəriyyəti müəyyən aspektlərdən baxıldığında düzgündür, ancaq əksikdir. O əksikləri maddə-maddə tamamlamaq isə bizim üzərimizə düşür.

1) Qətnamədə qeyd olunur ki, Azərbaycanda insan hüquqları problemi mövcuddur. Doğrudur, çünki 1 milyondan artıq azərbaycanlının təməl hüquq və azadlıqları qətnaməyə səs vermiş insanların dəstəklədiyi Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, pozulub. 28 inkişaf etmiş Avropa dövləti 20.000 qaçqını qəbul edə bilmədiyi halda, Azərbaycan dövləti 1 milyon insanın bütün ehtiyaclarını təkbaşına təmin etmişdir. Avropa İttifaqı, Avropa Şurası, ATƏT kimi insan hüquqlarına mühüm əhəmiyyət verən təşkilatlar isə işğal qarşısında susqun qaldıqları müddətcə həmin insanların digər hüquqlarının - ata-baba yurdlarına geri qayıtma hüquqlarının bərpası mümkün hesab olunmur.

2) Qətnamədə qeyd olunur ki, Azərbaycan demokratiyanın prinsiplərini pozur. Doğrudur, Azərbaycan Qərbin nəzərində mövcud olan "Demokratiya, hüquq dövləti, rifah dövləti ancaq Qərb məhsuludur və Qərbə məxsusdur" önyarğısını pozaraq, Azərbaycanda da o dəyərlərin mövcud olduğunu isbat etmişdir. Bu gün Azərbaycan 20 illik müstəqillik dövrünə baxmayaraq, bir çox sahələrdə Qərbdən öndədir və Qərb üçün nümunə təşkil edir. Mədəniyyətlərarası dialoqun, tolerantlığın iflasa uğradığı, islamofobiyanın vüsət aldığı Qərb üçün Azərbaycan gözəl bir nümunə təşkil edir.

3) Qətnamədə qeyd olunur ki, Azərbaycanda jurnalistlər üzərində təzyiqlər var. Doğrudur, çünki bu təzyiqlər həm cəmiyyətdən, həm də dövlətdən gəlir. Azərbaycanda mətbuat əməkdaşlarına başqalarına - adi vətəndaşlara, ictimai xadimlərə, xarici ölkələrin dövlət və hökumət başçılarına qarşı təhqir, böhtan, şantaj xarakterli materiallar hazırlayaraq pul qazanmaq qadağandır. Azərbaycanda jurnalistlərə köməksiz insanlara, misal üçün, miqrantlara badalaq ataraq onları yıxmaq və yıxılana zövqlə baxmaq yolverilməzdir. Azərbaycanda həmçinin aclıqdan və susuzluqdan taqəti qalmayan tənha uşağın cəsədini yemək üçün ölməsini gözləyən vəhşi quşu kameranın yaddaşına köçürə bilmək üçün səbrsizliklə gözləmək qadağandır. Eyni zamanda Azərbaycanda mətbuat işçilərinin sərbəst şəkildə narkotik istifadə etmələrinə də icazə verilmir. Azərbaycanda yalnız mətbuat orqanının fəaliyyəti üçün dövlət büdcəsindən yardım edilir, mətbu orqanların borcları dövlət tərəfindən ödənir və mətbuat işçilərinə dövlət tərəfindən mənzillər verilir.

4) Qətnamədə qeyd olunur ki, Azərbaycanda vətəndaş cəmiyyəti üzərində nəzarət var. Doğrudur, çünki qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara lobbiçilik fəaliyyəti adı altında rüşvət almağa, bəşəriyyət, humanizm, ədalət prinsiplərinə zidd olan əməllərə qurşanmağa, öz rifahlarını başqalarının kədəri, göz yaşları üzərində qurmağa icazə verilmir.

5) Qətnamədə qeyd olunur ki, Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələri icra etməmişdir. Doğrudur, çünki BMT TŞ-nın 4 qətnaməsi, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO, Avropa İnsan Hüquqları Məhkəməsi və digər beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələri vardır. Həmin qətnamələrdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə, qaçqın və məcburi köçkünlərin geri qaytarılmasına çağırışlar edilir. Bu qətnamələr isə hələ də icra olunmamış qalmaqdadır. Reallıq göstərir ki, qətnamələrin Azərbaycan tərəfindən icrasının tək yolu danışıqlara alternativ taktikaya müraciət etməkdir. Azərbaycan isə atəşkəsin imzalandığı gündən bəri bu istiqamətdə real addım atmamışdır.

6) Qətnamədə qeyd olunur ki, Azərbaycanda sərbəst toplaşmaya icazə verilmir. Doğrudur, çünki kimliyindən asılı olmayaraq ictimai asayişin pozulması məqsədilə toplaşmaq qadağandır. Onlar ancaq paytaxtın icazə verilən yerində bu məqsədlə toplaşa bilərlər. Lakin bu sahədə hüquq pozuntularına qarşı cəza məsələsində qanunvericiliyimizi hələ də Avropa standartlarına uyğunlaşdıra bilməmişik. Bizdə qanunsuz nümayiş - mitinq, küçə yürüşü keçirənlər üçün maksumum 500 manat cərimə nəzərdə tutulur, halbuki Fransa kimi inkişaf etmiş demokratik ölkədə bu cərimə 30.000 avro həcmindədir.

7) Qətnamədə qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətləri insan hüquqlarının təmini üçün çalışmalıdır. Doğrudur, çünki belə şirkətlər əksər hallarda fəaliyyət göstərdikləri ölkələrdə yerli qanunlara lazımi qədər əməl etmirlər və yerli işçilərlə istədikləri kimi kobudcasına rəftar edirlər-həmin işçilərin hüquqlarını kobud şəkildə pozurlar. Onlara qarşı isə bəzən hətta heç bir cəza tədbiri görülmür. Avropa şirkətləri belə əməllərə son qoymalıdır.

8) Qətnamədə qeyd olunur ki, Azərbaycanda ədalətsiz həbslər mövcuddur. Doğrudur, çünki ölkədə müharibənin bitmədiyini, atəşkəs rejimində yaşandığını nəzərə alaraq, belə bir şəraitdə vətənə xəyanət etmiş şəxslərin adi məhkəmələr tərəfindən məhkum olunması ədalətli deyil. Ümumqəbulolunmuş prinsiplərə uyğun olaraq, belə hallarda hərbi səhra məhkəmələri qurulur və xainlər o qanunlara uyğun mühakimə olunurlar.

9) Qətnamədə Azərbaycan Prezidentinin ünvanına da bəzi rəylər səsləndirilmişdir. Hiss olunur ki, qətnaməni hazırlayan və ona səs verən zaman bəzi parlamentarilər nəyinsə təsiri altında olmuşlar və ölçü hissini unutmuşlar. Başa düşmək olar, çünki bizdə istifadəsi qadağan olan bəzi şeylər Avropada sərbəst şəkildə istifadə olunur. Necə olmasa da Avropa azadlıqlar ölkəsidir. Ancaq özlərinə qayıtdıqları zaman onlar da aydın şəkildə başa düşürlər ki, İlham Əliyevin intellektual səviyyəsi, insansevərliyi, ədaləti, idarəçilik bacarığı, xarizması yalnız Azərbaycanı idarə etməyə deyil, dünya miqyaslı təşkilatları və yaxud super dövlətləri idarə etməyə qadirdir. Ancaq belə olan halda dünyada sülhə, əmin-amanlığa, ədalətə nail oluna bilər.

10) Qətnamədə bəzi şəxslərə viza verilməməsinə çağırışlar edilir. Haqlıdırlar, çünki bu məsələ Azərbaycanı da narahat edir. Belə ki, qondarma rejimin nümayəndələri, Xocalıda soyqırımı törədən qatillər rahat şəkildə Avropa ölkələrindən viza alaraq səyahət edir, beynəlxalq axtarışda olmalarına baxmayaraq, onlara qarşı heç bir tədbir görülmür. Bəzən isə qanunları kobud şəkildə pozan, bu səbəblə də cinayətdən yayınmaq istəyənlər də əsasən Qərb ölkələrinə sığınır, yerlərdəki konsulluqlarından viza alaraq həmin ölkələrə qaçırlar. Beləliklə də, Avropa cinayətkarlar məskəninə çevrilir. Belə insanlara viza verilməməsi olduqca məntiqli görünür.

11) Qətnamədə Avropa Parlamentinin sədri Martin Şultsa müəyyən funksiyalar verilir. Açığı, bu məni heç təəccübləndirmədi, çünki onun Azərbaycana qarşı ardı-arası kəsilməyən hücumları mənə Nazi generalı Pol Şultsun İkinci Dünya Müharibəsi zamanı fürerin əmrinə əsasən, Bakı neftini ələ keçirmək məqsədilə Qafqaz müharibəsində inadkar iştirakını xatırladır. İki Şultsun qohumluq əlaqəsi barəsində heç bir məlumatım yoxdur, ancaq onların Azərbaycana qarşı hissləri və strategiyaları eyni görünür. Ümid edirik ki, Martın Şults Avropa Parlamentinin Azərbaycanla bağlı iclaslarından əvvəl "Mənim mübarizəm" əsərini əzbərləmir. Yoxsa Martın Şults özünü fürer və yaxud onun sadiq yandaşı hesab edə bilər, Avropa Parlamentini Fürer Administrasiyası və yaxud SS-in baş qərargahı, Azərbaycanı Nazi gettosu, Azərbaycanlıları ilə oradakı yəhudi əsrlərlə səhv salar.

12) Qətnamədə razılaşmadığımız əsas məsələ onun hazırlanma şəkli və ifadə tərzidir. Sanki mərkəzi hakimiyyət əyalətə təlimat verir. Qətnaməni hazırlayanlar və ona səs verənlər unudurlar ki, Azərbaycan onların nə keçmiş, nə də ki indiki vassalıdır. Ümumiyyətlə, Azərbaycan bu quruma üzv belə deyil və Avropa Parlamentinin Azərbaycanla bağlı belə bir qətnamə qəbul etmə məcburiyyəti müəmma doğurur. Onlar Azərbaycanı Afrikanın, Yaxın Şərqin hər hansı dövləti ilə qarışıq salmamalıdırlar ki, istədiklərini diktə edə biləcəklərini zənn etməsinlər. Azərbaycanda hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır və bu xalq da öz iradəsini yalnız mandat verib seçdiyi rəhbəri vasitəsilə ifadə edir. Azərbaycan xalqı öz dövlətini, dövlətçiliyini, dövlətçiliyinin atributları olan Bayrağını, Gerbini, Himnini və bütün bunların təminatçısı olan rəhbərini qorumağa qadirdir.

13) Qətnamədə Azərbaycanda 1 noyabr tarixində keçiriləcək Parlament seçkiləri ilə bağlı rəy yer almışdır. Təəccüblüdür ki, seçkilərə hələ rəsmi olaraq start verilmədiyi bir zamanda Avropa Parlamenti onun nəticələrini "proqnozlaşdıra" bilmişdir. Bildiyimiz qədər, Qərb nə qədər inkişaf etsə də, hələ ki bunu müəyyən edəcək texnologiya hələ ki icad edilməmişdir. Ola bilsin ki, bəzi parlamentarilər dədə-baba üsullarından- rəml atıb fala baxmaq metodundan istifadə etmişlər. Burada qurumun qanunverici orqan və yaxud ekstrasenslər-falçılar klubu olması aydın deyil. Bu da qurumun işləmə funksiyasını şübhə altına salır.

14) Qətnamədə homoseksualların hüquqlarının qorunmasına çağırışlar edilir. Bu qətnamədə mütləq surətdə razılaşmadığımız məsələlərdən biri də homoseksuallarla bağlı olan bənddir. Azərbaycan milli mentalitetinə yad olan bu dəyərlərə hörmət göstərən Qərb dövlətləri istədiyi zaman o insanları dəvət edərək öz ölkələrində sığınacaq verə bilərlər. Bundan hər kəs məmnun qalacaqdır.

Bizcə, münasibətlərin gələcək mərhələlərində bu amillərin nəzərə alınması qarşılıqlı surətdə daha faydalı olardı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00