Dubayla gömrük əməkdaşlığı genişləndirilir

Dövlət Gömrük Komitəsində Birləşmiş Ərəb Əmirlikləri Dubay Əmirliyinin Dəniz Limanları, Gömrük və Cəbəl Əli Azad Zona Komitəsinin sədri Sultan Əhməd Sultan bin Sulayemin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. DGK-dan verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycanın bütün dünya dövlətləri, o cümlədən, Dubay əmirliyi ilə bütün sahələrdə sıx əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu qonaqların nəzərinə çatdırıb və hər iki tərəfi birləşdirən bir çox amillərin olduğunu vurğulayıb. A.Əliyev qeyd edib ki, Azərbaycan və Dubay arasında istər siyasi, istərsə də iqtisadi münasibətlər yüksək səviyyədədir: "Ümumiyyətlə, bizim ümumi maraq doğuracaq işbirliyimiz var. Sizin nümayəndə heyətinin Azərbaycanda gömrük işinin təşkili ilə tanışlıqdan sonra tələb və təkliflərə uyğun işimizi qurmaq daha əlverişli olardı", - deyə Komitə sədri söyləyib. Nümayəndə heyətinin rəhbəri Sultan Əhməd Sultan bin Sulayem Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək ölkənin iqtisadi nailiyyətlərinin Dubay tərəfində böyük təəssüratlar yaratdığını bildirib. Bu uğurları Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulayan qonaq neft gəlirlərinin ölkə iqtisadiyyatına yönəldilməsi və iqtisadiyyatın şaxələndirilməsini yüksək dəyərləndirib. Azərbaycanla bir çox sahələrdə, eləcə də gömrük işində əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdıran qonaq bu səfər nəticəsində səmərəli və məhsuldar əlaqələrin təməlinin qoyulacağına, eləcə də tərəflər arasında təcrübə mübadiləsinin qarşılıqlı fayda verəcəyinə inandığını deyib. Sonra qonaqlar Dövlət Gömrük Komitəsində Dubay Gömrük Xidməti haqqında təqdimat keçirib, eyni zamanda Azərbaycanda gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar. Bundan başqa, Dubay nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalına baş çəkib və burada qonaqlara səhiyyə ocağının fəaliyyəti barədə ətraflı məlumat verilib. Dubay nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 18-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00