“Seçkilərə mane olmaq istəyən qüvvələr fəallaşıblar” – QHT sədri
17 Sentyabr 2015 12:52 Siyasət"Azərbaycanda keçiriləcək parlament seçkilərinə maneə olmaq istəyən qüvvələr yenə fəallaşıblar". Bu barədə "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı danışıb. Həmin qüvvələrin müxtəlif çağırışlar etdiyini deyən M. Əsgərqızı bu çağırışlara müsbət cavab verən bir sıra siyasi qurumların seçkiləri boykot qərarları verdiklərini də xatırladıb: "Bəlkə də bu fakta diqqət yetirməzdim, amma söhbət şəhid ailələrindən gedir. İndi də həmin qüvvələr şəhid ailələrindən istifadə etmək istəyirlər. Mən küçələrə axışıb kimlərinsə əlində alətə çevrilən insanlara müraciət edirəm: Sizin əzizləriniz böyük amal uğrunda, torpaqlarımızın müdafiəsində canlarını qurban verdilər. Onları bu millət, bu torpaq üçün sizlər yetirdiniz. Amma bu gün kimsə, haradasa sizə qarşı laqeydlik göstərirsə bu Azərbaycan dövlətinin, ölkə başçısı, cənab İlham Əliyevin sizlərə olan münasibəti kimi qiymətləndirilməməlidir. Vaxtilə ümummilli Lider Heydər Əliyev də, bu gün cənab Prezident İlham Əliyev də, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva da sizlərə böyük qayğılar göstərirlər. İnanıram ki, hansı probleminiz varsa, o həllini tapacaq. Çünki siz bu dövlətdə böyük hörmətə, diqqətə layiq insanlarsız. Qaldı o şəxslərə ki, sizləri lazımsız əməllərə yönəldirlər, inanıra ki, onlar ifşa olunacaqlar. O kəslər üçün ictimai qınaq ən böyük cəza olar. QHT-lərə müraciət edirəm, bu gün belə addımları atanları tanıyırsınız, onlar sizin təşkilatlarınızın üzvləridilər. Sual edirəm,əgər bu gün kimlərisə belə hərəkətlərdən çəkindirmirsinizsə heç sizin Vətən sevginizə də inanmıram. Azərbaycanımız naminə bir olaq, cənab Prezident İlham Əliyevin ətrafında möhkəm, sıx birləşək". ("OLAYLAR" İA)