Müxalifət seçkilərdən çəkilir. Niyə?

ADP namizədlərini geri çəkdi; "Azadlıq-2015" bloku da boykot anonsunu verdi; Avropa Birliyi ilə rəsmi Bakı arasındakı münasibətlərdən bu dəfə "bəhrələnmə"nin yeni metodları aranır

Azərbaycanda seçki kampaniyasının gedişində siyasi proseslərdə şok gəlişmələr yaşanmağa başlayıb.
Müxalifət partiyaları parlamentdə təmsil olunmaq şansını dəyərləndirmək əvəzinə yenə populist bəyanatlar verir, olayları səthi dəyərləndirir, perspektiv planlarını səbatlı etməyə çalışmırlar.
Seçkilərdə iştirak edəcəyini bəyan edən ADP sentyabrın 16-da İdarə Heyətini toplayaraq seçkilərdə iştirakdan imtina qərarı qəbul edib.

"Biz oynamırıq!"

ADP-nin mətbuat xidmətinin yaydığı rəsmi press-relizdə bildirilir ki, son vaxtlar Azərbaycanla ABŞ və Avropanın demokratik institutları arasında münasibətlərin gərginləşməsini, ATƏT-in 2015-ci il parlament seçkilərində müşahidə missiyasından imtina qərarı verməsini, habelə ölkədə seçki öncəsi real siyasi vəziyyəti nəzərə alaraq ADP 1 noyabr seçkilərində iştirakdan geri çəkilir.

Rəyasət Heyətinin qərarına əsasən, ADP sədri Sərdar Cəlaloğlu 9 saylı Binəqədi 2-ci, partiya sədrinin birinci müavini Həsrət Rüstəmov 18 saylı Nərimanov-Nizami, partiya sədrinin müavini Taliyət Əliyev 21 saylı Nəsimi 1-ci, partiya Ali Məclisinin sədri İsa Cəfərov 45 saylı Abşeron, Vasif Abdullayev 35 saylı Xətai 3-cü seçki dairələrində seçki fəaliyyətlərini sentyabrın 16-dan dayandırdıqlarını bəyan ediblər.ADP sədri Sərdar Cəlaloğlu "Yeni Müsavat"a açıqlamasında deyib ki, seçki kampaniyasının ilk günlərindən prosesə aktiv şəkildə qoşulub imza toplayıblar və iki gün öncəyə qədər imzatoplama prosesini həyata keçiriblər. Lakin son günlər Avropa ilə münasibətlərin gərginləşməsinin pik həddə çatmasından sonra seçkilərdən geri çəkilməli olublar: "Biz görürük ki, Avropa Birliyi ilə Azərbaycanın bütün münasibətləri korlandı. ATƏT, Avropa Parlamenti seçkilərə müşahidəçi göndərməyəcək. Ona görə də qərara gəldik ki, seçkidə iştirak eləməkdən çəkinək".YAP-ın deputatlığa namizədlər siyahısının ADP-nin belə bir qərar verməsinə təsir göstərib-göstərmədiyinə gəlincə, S.Cəlaloğlu dedi ki, seçkilərdən imtina etmələrində hakim partiyanın siyahısının qətiyyən heç bir rolu olmayıb: "Əksinə, YAP-ın belə siyahısı seçkilərdə iştiraka daha böyük stimul verərdi. Amma biz Demokrat Partiyasıyıq və bizim əsas hədəfimiz Azərbaycanla Avropa arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın Avropatlantik məkana inteqrasiyasına nail olmaqdır və sairdir. İndiki halda isə Azərbaycanla Avropa arasında elə bir gərgin konfrontasiya var ki, hətta kimsə deputat olacağı təqdirdə belə, məqsədlərinə çata bilməz. Bizim addımımız siyasi reallıqları düzgün qiymətləndirməkdir. Bunu belə qəbul etməyiniz daha düzgün olardı. Mən şəxsən özüm imzaları da toplamışdım. Ancaq son günlərdəki vəziyyəti dəyərləndirib geri çəkildik".

Seçkidə iştirak edən yeganə seçki bloku "Azadlıq 2015"dən prosesi yarımçıq saxlayıb boykota getmək çağırışları səslənməyə başlayıb.

Blokdakı tanınmış müxalifət təşkilatı KXCP-nin sədri Mirmahmud Mirəlioğlu açıqlamasında boykota gedə biləcəklərinin anonsunu verib.

Qeyd edək ki, "Azadlıq 2015" seçki blokunu 7 partiya təsis edib. ADP-nin ardınca "Azadlıq 2015"dən seçkidən geri çəkilmək barədə xəbərdarlığın gəlməsi ölkə siyasətində, seçki kampaniyasında indiyə qədər rast gəlinməyən hadisə olacaq. Göründüyü kimi, KXCP sədri də açıqlamasında Azərbaycanın Avropa ilə münasibətlərinin korlanmasını xüsusi vurğulayır və ardınca seçkidən geri çəkilə biləcəklərini dilə gətirir. Avropa Parlamentinin ötən həftə Azərbaycan hakimiyyətini qəzəbləndirən məlum qətnaməsindən az sonra müxalifət partiyalarının seçkidən imtina etməyə başlaması və səbəblərdən biri kimi Avropa Birliyi ilə münasibətlərin korlanmasının göstərilməsi təsadüf sayıla bilməz.
YAP-ın seçki siyahısını xəyulə kimi qarşılayanlar, Port-Arturda yapon gəmilərini görəndə təşvişə düşən rus admiralları kimi davrananlar əslində məğlubiyyətlərini bəribaşdan etiraf edirlər.
YAP seçki siyahısını açıqlayıb? Hakimiyyət müxalifətə seçkilərdə "şans vermir?
Qəribə, ritorika müstəvisindən çox kənar suallardır. Müxalifət liderlərinin məntiqinə görə, YAP siyahısını açıqlamamalı, ya da orada ən zəif, potensial baxımdan müxalifətçi namizədlərlə rəqabət qabiliyyətinə malik olmayan insanlar yer almalıydılar. Kəsəsi, hakimiyyət geri çəkilməli və müxalifətə "buyurun, keçin, bizsə birtəhər, kənarda durarıq" deməliymiş.
Məntiqə görə, YAP-ın siyahısının açıqlanması müxalifət liderləri üçün mübarizə, seçkiqabağı təbliğatda sivil, amma iradəli qarşıdurma üçün stimul olmalıydı.
Siyasət mübarizədir və bunun əksini düşünənlər romantikaya qapıla bilərlər.

Yenə də gözlənti

Tanınmış müxalifət partiyalarından birinin rəhbərliyinə daxil olan şəxs "Yeni Müsavat"a maraqlı açıqlama verib. Sən demə, aparıcı müxalifət partiyalarının seçkidən çəkilməsindən sonra Avropa Birliyi və ATƏT-dən daha bir sərt qətnamə gələcək və adıçəkilən beynəlxalq təşkilatlar "müxalifətin iştirak edə bilmədiyi seçkinin nəticələrini tanımırıq və belə seçki ilə keçirilmiş parlament legitim sayıla bilməz" bəyanatını verəcəklər.
Avropa Parlamentinin Azərbaycanla bağlı məlum qətnaməsindən sonra Avropa İttifaqı ilə rəsmi Bakı arasındakı münasibətlərin gərginləşdiyini, yaxud bundan sonra gərginləşəcəyini təxminləyən müxalifət siyasətçiləri həmişə olduğu kimi, illüziyaları reallıq sayırlar, deyəsən.
Avropa İttifaqı romantiklər toplusu yox, praqmatiklərin təşkilatıdır və rəsmi Brüssel Bakı ilə münasibətlərinin qətnamədən sonra pisləşəcəyini düşünməyə dəyməz.

Reallıq odur ki, Cənubi Qafqaz regionunda Rusiyanın təsir imkanlarının artdığını görən və bunun qarşısını almağa çalışan Avropa Birliyi Moskvanın forpostuna çevrilmiş Ermənistana, yaxud Qərbin bütün səylərinə rəğmən Rusiyanın təsir dairəsindən çıxardıla bilməyən Gürcüstana əminliklə stavka edə bilmir.
Xəzəryanı və Cənubi Qafqaz bölgələrində regional infrastruktur, nəqliyyat və enerjidaşıyıcılarının nəqli layihələrindən tutmuş, Avropa Birliyinin təbii qaz təminatı sahəsində Rusiyanın asılılığının azaldılması, Ön Asiyaya siyasi təsirlərin genişləndirilməsi və habelə avrointeqrasiya proseslərinirn sürətləndirilməsi siyasəti baxımından ölkəmiz Qərb üçün müstəsna əhəmiyyət kəsb edir. O əhəmiyyət və önəm azalmayıb - Yaxın Şərqdə və postsovet məkanındakı son proseslər Bakı ilə Avropa Birliyi arasındakı təmasları daha da intensivləşdirəsidir.
Siyasət bəyanatlar və qərarlardan ibarət deyil - zahiri görünüş kütləyə hesablansa da, mahiyyət həmişə məzmunu müəyyənləşdirir.
Azərbaycan müxalifəti də "Avropa Azərbaycandan üz döndərdi" tipli açıqlamalar verirsə, deməli, hakimiyyətə əks mövqedə durduqlarını deyənlərin orta və uzaq perspektivli strategiyaları ilə mövcud taktikaları yenidən qüsurludur, yarımçıqdır və növbəti uğursuzluqları ehtiva edir.
Gərgin seçkiqabağı mübarizəyə qatılmaq əvəzinə "biz oynamırıq" bəyanatlarının verilməsi, sadəcə, təəssüf doğura bilər.

Orxan Hun
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00