YAP-ın köhnə-yeni namizədləri

Nəhayət ki, hakim Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqladı. Əksər siyasi dairələrin səbirsizliklə gözlədiyi hakim partiyanın namizəd siyahısı cəmiyyət üçün sürpriz oldu desək yanılmarıq. Təsadüfi deyil ki, hətta hakim partiyanın rəqibi olan müxalifət düşərgəsi də YAP-ın namizəd siyahısını bu cür dəyərləndirir.  Məlumat üçün qeyd edək ki, Yeni Azərbaycan Partiyası ölkə üzrə mövcud olan 124 seçki dairəsindən 117-dən namizəd irəli sürüb. Namizədliyi irəli sürülənlərdən 53 nəfəri  2010-cu ildə keçirilmiş IV çağırış Milli Məclisə deputat seçilmiş şəxslərdir.

Hakim partiyanın namizəd siyahısı bir sıra məqamları ilə diqqət çəkir. Belə ki, əvvəlcədən proqnozlaşdırıldığı kimi universitet rektorları deputatlığa namizəd kimi göstərilməyib. Səbəb isə onlar qarşısında qoyulmuş "ya mandat, ya da deputatlıq" şərtidir. Abel Məhərrəmov, Əhməd Vəliyev və Gülçöhrə Məmmədova rektorluğu mandatdan üstün tutsalar da, lakin Səməd Seyidov, Əhliman Əmiraslanov, Ağacan Əbiyev və Aqiyə Naxçıvanlı ikinciyə üstünlük verib. Bu səbəbdən də adıçəkilən şəxslər hakim partiyanın deputatlığa namizədləri siyahısında yer alıb.
Hakim partiyanın namizədlər siyahısında diqqət çəkən digər mühüm məqam əvvəlki seçkilərdən fərqli olaraq YAP-ın bu dəfə gənclərə bir qədər də üstünlük verməsidir. Belə ki, 6 saylı Culfa-Babək seçki dairəsindən Ülviyyə Həmzəyeva,  8 saylı Binəqədi birinci seçki dairəsindən  Aysel Əlizadə,  10 saylı Binəqədi üçüncü seçki dairəsindən Samirə Həsənova, eləcə də 81 saylı Beyləqan seçki dairəsindən Şahin İsmayılov cəmiyyətdə aktiv gənclər kimi tanınır. Siyahıda nisbətən gənc olan simalar da yer alır ki, bu da Yeni Azərbaycan Partiyasının gəncləri önə çəkməsi, onların potensialı, bacarıqlarından istifadə etməsi kimi dəyərləndirilə bilər.
Yeni Azərbaycan Partiyasının deputat namizədləri sıyahısında digər qeyd edilməli müsbət məqam isə qadın namizədlərin çoxluq təşkil etməsidir. Siyahıdan da bəlli olduğu kimi seçkilərdə Mehriban xanım Əliyeva da başda olmaqla hakim partiyanın 20-dən artıq xanım namizədi mübarizə aparacaq. Bu da öz-özlüyündə YAP-ın gender bərabərliyini qoruduğu, cəmiyyətdə qadınların irəli çəkilməsi, onların mühüm yer tutmasına maraqlı olduğunun göstəricisidir. Məlumat üçün qeyd edək ki, 2010-cu ilin parlament seçkilərində hakim partiyanın 16 xanım üzvü Milli Məclisdə mandat əldə etmişdi.
Yeni Azərbaycan Partiyasının namizəd siyahısı müəyyənləşdirərkən xüsusi bir məqama da diqqət yetirdiyi bildirilir ki, bu da IV çağırış Milli Məclisə deputat seçilmiş bəzi YAP-çılar barədə xoşagəlməz faktların ortaya çıxması, yaxud həmin şəxslərin hakim partiyanın adına xələl gətirmələridir. Belə ki, 2010-cu ilin parlament seçkilərində 81 saylı Beyləqan seçki dairəsindən hakim partiyanın namizədi olmuş Ayaz Orucovun qaçqın və məcburi köçkünlərə evlərin tikintisi zamanı müəyyən maliyyə pozuntularına yol verdiyinin üzə çıxması onu bu dəfə hakim partiyanın siyahısından uzaq salıb. Eləcə də əvəlki seçkilərdə YAP-ın namizədi olan Qalib Salahzadə barədə KİV-də müntəzəm olaraq xoşagəlməz matürialların dərc edilməsi onu hakim partiyanın namizədi olmaq şansından məhrum edib.
Hakim partiya hər seçkidə olduğu kimi bu il də namizəd siyahısı müəyyənləşdirərkən müttəfiqlərini də nəzərdə saxlayıb. Belə ki, YAP 3 saylı Naxçıvan şəhər, 7 saylı Ordubad-Culfa, 50 saylı Abşeron-Qobustan, 60 saylı Salyan-Neftçala, 66 saylı Biləsuvar, 93 saylı Bərdə şəhər, 116 saylı Qəbələ və 122 saylı Xankəndi Seçki Dairəsindən namizəd irəli sürməyib. Belə ki, qeyd edilən dairələr üzrə adətən hakim partiyaya yaxınlığı ilə seçilən digər partiyaların namizədləri və bitərəflər seçki mübarizəsinə qoşulur. Bir qayda olaraq Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 60 saylı Salyan-Neftçala, Zahid Oruc93 saylı Bərdə şəhər, 66 saylı Biləsuvar seçki dairəsindən Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı namizədliyini irəli sürür. Bu mənada hakim partiyanın həmin dairələrdən namizəd irəli sürməməsini YAP-ın müttəfiqlərinə jesti kimi də qiymətləndirmək mümkündür.
Göründüyü kimi hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərinə köhnə-yeni komanda ilə gedir.

Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00