Qərb müsəlman dövlətlərini şaquli idarəçilikdən məhrumetmə xətti götürüb
16 Sentyabr 2015 16:35 SiyasətSon günlərin qabarıq hadisəsi Avropa Birliyi Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədir. Həqiqətən, sərtliyi ilə seçilən, diqqətçəkən siyasi sənəddir. Cəmiyyətin müxtəlif kəsimləri sənədə münasibətlərini bildirirlər.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyir ki, seçki ərəfəsi nümayiş etdirilən mövqe siyasi çalar və məqsədlərlə boyanmış halda təzahür edir: "Ola bilər bir çoxları Avropa Parlamentinin addımını iqtidara qarşı hərəkət kimi dəyərləndirsin. Fərqli baxdığımdan, bunu iqtidardan əvvəl dövlətə qarşı həqarət sayıram. Maraqlıdır, bu gün nə baş verir ki, Avropa Birliyi Azərbaycana qarşı belə "bozluq" nümayiş etdirir? Nədir onları dövlətimizə, onun rəsmi təmsilçilərinə qarşı belə qəzəbləndirən? Nəyə görə belə həssas dönəm-seçki ərəfəsi seçilib? Suallar çoxdur.. Elə isə güdülən məqsədləri ehtimallar kimi sıralıyaq. AB Azərbaycanın sahib olduğu neft və tikiləcək ixrac qaz kəmərlərinə nəzarəti üzərinə çəkmək istəyir. AB məmurları seçki ərəfəsi təzyiq göstərərək, rüşvət qoparmaq məqsədi güdür. Dağlıq Qarabağ konfliktində Azərbaycanın gəldiyi üstün durumda bizi zəiflətmək məqsədi güdülür. Azərbaycanı Rusiya ilə konfliktə cəlb etməkdə çətinlikləri aradan qaldırmaq istənilir. Bu yolla Moldovada Dnestryanı ərazidə, Azərbaycanda Qarabağda və Gürcüstanda hərbi konfliktləri qaynar fazaya keçirməklə Ukrayna cəbhəsini genişləndirmək arzulana bilər. Qərb Rusiyanın hərbi xərclərinin və itkilərinin artmasında maraqlıdır. Azərbaycanın Rusiyaya qarşı sanksiyalarda yer almaması da Qərbi qıcıqlandıran faktorlardandır. Nəyin əsas səbəb olmasından asılı olmayaraq, bir məsələdə əminəm ki, onların bu hoqqası bizim xeyrimizə deyil. Çünki əvvəldə qeyd etdim ki, ölkədə bu dəngənin formalaşmasında onlar bilavasitə iştirakçı olublar. Deməli, millətimizin ədalətli sistemə qovuşmaması onları rahatsız etmir. Əksinə, son 25 ildəki bizimlə davranışları sübut edir ki, dövlətimizin institusional inkişafında maraqlı deyillər. Çünki, klassik demokratik dövlət quruluşuna malik tərəflərlə güc dilində danışmaq, onları təhdid etmək mümkün olmur". VİP sədri bildirib ki, son 3-4 ilin davranışları isə sübut edir ki, ümumiyyətcə Qərb müsəlman dövlətlərini şaquli idarəçilikdən məhrumetmə xətti götürüb. "İdarə olunan xaos" nəzəriyyəsi ilə bütöv və hüzurlu dövlətləri xəritədən silir: "İraq dövlətinin mövcudluğuna kimi inandıra bilərlər? Liviyanı səhralarda sosial güvənc və rifah vahəsindən xarabazara çevirən qüvvələr kimdir? Misirdə demokratik prezidenti devirib hakimiyyətə hərbi diktatoru gətirib, sonra onu dünyaya sırayan dövlətlər hansılardır? Suriyanı darmadağın edib, insanlarını dənizlərdə və kamyonlarda boğan, hasara alıb heyvana verilən kimi çörək atan, ərazisinə buraxmayan mədəniyyətin mənsubları kimlərdir? Yəmənin xalq hərəkatını qondarma Ərəb liqasında birləşmiş sülalə hakimiyyətlərinin orduları ilə bombalatdıran kimlərdir? Bəhreyndə əhalinin mütləq əksəriyyətini qonşu dövlətin ordu və polisi vasitəsilə "ram" etdirilməsinə göz yuman kimlərdir? Bu gün qardaş Türkiyəni təhdid edən İŞİD, PKK kimi terrorist təşkilatları maliyyələşdirən, silahlandıran və himayə edən hansılardır? Birmənalı deyirəm tərəfinə ümüdlə baxdığımız və inanmaq istədiyimiz Qərb adlandırdığımız məvhum, o məvhumun tərkibi olan dövlət və strukturlar. Yadınızdadırsa, 11-ci ilin əvvəllərində Ərəb baharını bizlərə də sırımaq təşəbbüsləri oldu. Şükürlər olsun ki, buna nail olunmadı. Allah bilir indi camaatımız harada, dövlətimiz nə vəziyyətdə idi".
Füzuli