Avropa Parlamentində əyləşən nadan siyasətçilərinin əməlləri...
Tökülən nahaq qanlar, dini, irqi ayrı-seçkilik, miqrasiya problemləri...
16 Sentyabr 2015 15:10 SiyasətDünya ölkələri sırasında öz yerini tutan Azərbaycanda sosial-iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər onun qüdrətini daha da artırmaqdadır. Çox təəssüf ki, Azərbaycanı gözü götürməyən qüvvələr bütün mümkün vasitələrdən istifadə edərək ölkəmizi gözdən salmağa çalışırlar. Avropa Parlamentinin bu günlərdə qəbul etdiyi qətnamə dediklərimizin əyani sübutudur. Millət vəkili Leyla Abdullayeva bildirib ki, SSRİ dağıldıqdan və müstəqillik əldə etdikdən sonra Azərbaycan beynəlxalq hüququn müstəqil subyekti olaraq yeni beynəlxalq münasibətlər sisteminin də tərkib hissəsinə çevrilmişdi. Müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşən respublikada müxtəlif siyasi qüvvələr hakimiyyət uğrunda daxili çəkişmələrə başladı. Qarabağ uğrunda Ermənistanla gedən müharibə, iqtisadiyyatın dərin tənəzzülü, keçid dövrü adlanan zamanın problemləri, daxili separatizm - bütün bu problemlərin fonunda bir-birini əvəz edən iqtidarlar ölkənin xarici siyasət orientirlərini müəyyən etməkdə səhvlərə yol verməkdə idi. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın tələbiylə 1993-cü ildə hakimiyyətə qayıtması dövlət idarəçiliyində köklü dəyişikliklərə səbəb oldu və Azərbaycanın maraqlarının balanslı xarici siyasət kontekstində qorunması başlandı. L. Abdullayevanın qeyd etdiyinə görə, demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə mühüm uğurlara imza atmışdır: "Azərbaycanın uğurları, beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, bəzi antiazərbaycançı şəbəkələri, beynəlxalq təşkilatları "narahat" edir. Xarici antiazərbaycançı şəbəkə və onların əlaltıları, bəzi yerli dairələr Azərbaycanda baş tutan mühüm ictimai-siyasi, beynəlxalq tədbirlər ərəfəsində öz simalarını açıb göstərirlər. Bu kontekstdə əminliklə deyə bilərik ki, ikili standartlar siyasətinin qurbanlarından biri də elə ölkəmiz Azərbaycandır. Azərbaycan Respublikası etnik separatizmdən əziyyət çəkən, əraziləri işğal altında olan, barəsində qəbul edilmiş BMT qətnamələrinə məhəl qoyulmayan, doğma torpağından qovularaq öz ölkəsində məcburi köçkün statusu qazanmış insanların yaşadığı ölkə deyilmi? Xocalı soyqırımı kimi insanlıq və bəşəriyyət əleyhinə cinayət olan hadisə azərbaycanlıların başına gəlməyibmi? Bu cinayəti törədənlərin kimliyi hamıya, o cümlədən beynəlxalq təşkilatlara, Qərb dövlətlərinə məlum deyilmi? Nəhayət, Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr birbaşa öz üzərilərinə götürmüş olduqları öhdəliyi - konfliktin həlli vəzifəsini nə üçün yerinə yetirmirlər? Məgər konkret olaraq BMT qətnamələrini rəhbər tutaraq və bu 4 ali hüquqi akta əsaslanaraq işğalçının hansı tərəf olduğunu bəyan etmək və digər ölkələrə münasibətdə olduğu kimi, Ermənistana da sanksiya və təzyiq tədbirləri tətbiq etmək mümkün deyilmi? Qərb bu gün özünü "insan hüquq, azadlıqlarının təminatçısı və müdafiəçisi" qismində görürsə, onda niyə qəbul etmir ki, BMT Təhlükəsizlik Şurasından ali qurum və onun qəbul etdiyi qətnamələrdən ali hüquqi akt yoxdur. Azərbaycan ictimaiyyəti haqlı olaraq soruşur ki, işğalçı Ermənistana niyə sanksiyalar tətbiq olunmur? Özünü "demokratiyanın beşiyi" elan edən Qərb Ermənistanın işğalçılıq siyasətinə göz yumaraq torpaqlarını işğaldan azad etmək hüququ olan Azərbaycan dövlətini beynəlxalq hüquq prinsiplərində onunla eyniləşdirərək işğalçı ilə işğala məruz qalana fərq qoymur. Ermənistana və separatçı Dağlıq Qarabağ rejiminə ciddi hüquqi sanksiyalar tətbiq edilmirsə bu, artıq həmin ölkələrin xristian təəssübkeşliyi, məsələyə ikili standartlardan yanaşmasıdır. Hesab edirəm ki, Avropa Parlamentinin son qətnaməsi də birbaşa olaraq bu ikili standartlar siyasətinin bariz nümunəsidir". Deputatın fikrincə, qətnamə qərəzli və qeyri-obyektiv xarakter daşıyır: " Müstəqil dövlət olaraq Azərbaycan öz Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara cavab verməyə tam hazırdır. Dünyada baş verən proseslərin mahiyyət və istiqamətindən asılı olmayaraq biz müstəqil siyasətimizi həyata keçirməkdən yayınmırıq. Bu gün regionun lider dövlətiyik. Bunlar Heydər Əliyev siyasətinin və onun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyətinin nəticələridir. Demokratiya Azərbaycan dövlətinin və xalqının şüurlu, azad və birmənalı seçimidir. Bu yolla getmək, dünya dövlətləri içərisində öz layiqli yerini tutmaq, insan hüquq və azadlıqlarını ən yüksək səviyyədə təmin etmək dövlətimizin əsas hədəfidir. Bu yolda Azərbaycana tövsiyə və dəstək verənlərə etiraz edilmir. Amma bu, göstəriş və təzyiq formasında olacaqsa, əsl məqsəd yüksək ideallar adı altında əslində öz iradələrini yeritməkdirsə, əminliklə deyə bilərik ki, bunun heç bir nəticəsi olmayacaqdır. Müstəqillik ulu öndər Heydər Əliyevin də dediyi kimi, ən böyük nemətimizdir. Azərbaycan öz suverenliyini hər şeydən üstün tutacaq, digər ölkələrin hansı məqsəddə olmasından asılı olmayaraq daxili işlərinə müdaxiləyə imkan verməyəcəkdir. Azərbaycan xalqı öz taleyini özü həll edəcək dərəcədə yetkin və müdrik xalqdır". Millət vəkili Tahir Rzayev də hesab edir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə qərəzli və əsassızdır. Məlum qətnamə ölkəmizə, siyasi hakimiyyətə qarşı yönəlmiş şantaj xarakteri daşıyır və heç bir reallığı əks etdirmir. Azərbaycan Avropa İttifaqının üzvü olmadığı və bu təşkilat qarşısında heç bir öhdəlik götürmədiyi üçün qəbul edilmiş qətnamənin hüquqi əsası yoxdur və o, bilavasitə ölkəmizin inkişafını istəməyən qüvvələrin təhriki ilə "hazırlanlıb" qəbul edilib. Qətnamədə qarşıdan gələn 1 noyabr parlament seçkiləri ilə də bağlı əsassız və qərəzli fikirlərin əksini tapdığını vurğulayan T. Rzayevin bildirdiyinə görə, xeyli əvvəlcədən sözügedən seçkilərinin demokratik keçirilməyəcəyi haqda fikir yürütmək və bunu qərarlaşdırmaq savadsızlıqdan, ən başlıcası məkrli niyyətlərdən xəbər verir: "Ölkəmizdə mövcud olan yüzlərlə mətbuat orqanı, qəzet və jurnalın, minlərlə qeyri-hökumət təşkilatının, informasiya şəbəkəsinin fəaliyyətini, respublikada baş verən müsbət dəyişiklikləri görməməzliyə vurmaq mətbuatın, söz azadlığının inkişafına kölgə salmaqdır, qara yaxmaqdır. Bu, əslində bizə yox, Avropa Parlamentinin özünə ləkədir. Onun gələcək fəaliyyətinə zərbədir. Avropa Parlamenti qərəzli mövqeyi ilə Avropa dəyərlərini ayaqlar altına atır. Özünü dünyada rüsvay edir. Nəinki demokratik inkişafa, insan hüquqlarına zərər verir. Əslində münaqişələri kəskinləşdirir, yeni qarşıdurmalara yol açır. Bu gün dünyada baş alıb gedən müharibələr, tökülən nahaq qanlar, kütləvi terror hadisələri, dini, irqi ayrı-seçkilik, miqrasiya problemləri, iqtisadi böhran, aclıq-səfalət məhz Avropa Parlamentində əyləşən bir çox bədniyyətli deputatların, dünyanın nadan siyasətçilərinin əməlləridir".
Alim