Avropa Parlamentinin qətnaməsinə vurulan tərs sillə
16 Sentyabr 2015 15:08 SiyasətAzərbaycana qarşı ənənəvi qərəzçiliyi və qeyri-obyektiv yanaşması ilə seçilən Avropa Parlamenti bu günlərdə daha bir ədalətsizliyə imza atdı. Hər kəsə bəlli olduğu kimi söhbət sözügedən qurumun Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən gedir. Hər bir nöqtə, vergülü böhtan, qərəz dolu qətnamənin heç bir reallığı əks etdirmədiyi, yalnız Azərbaycanın imicinə zərbə vurmağa xidmət etdiyi istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyələrdə sübuta yetirildi. Ölkənin rəsmi şəxslərindən tutmuş qanunverici orqanına, siyasi partiyalarından qeyri-hökumət təşkilatlarına, ictimaiyyət nümayəndələrinə qədər hər kəs Avropa Parlamentinin məlum qətnaməsinə öz kəskin etirazını bildirdi, avroparlamentarilərin bu yanaşmasını qərəzli hesab etdi. Özünü demokrat, insan hüquqlarının müdafiəçisi, Avropa dəyərlərinin təbliğatçısı hesab edən, lakin fəaliyyətlərində sadalanan heç bir prinsipi gözləməyən Avropa Parlamentinə son sözü isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi. Özü də Avropanın anlayacağı dildə, onun yalnışlıqlarını ortaya qoymaq, iç üzlərini açmaqla. Necə ki, bir neçə ay əvvəl Avropaya səfəri zamanı dövlət başçısı elə qoca qitənin öndə gedən dövlətlərindən birində Avropanın yalnış siyasətini haqlı olaraq tənqid etmişdi. Həm də Avropa liderlərinin biri ilə görüşdə. Baxmayaraq ki, avropalıların bir çoxu üzdə bir söz, arxada isə tamam başqa söz deyir. Azərbaycan dövlət başçısı ilə müxtəlif səviyyəli tədbirlərdə görüşərkən onun əlini sıxmağa, ondan xoş söz eşitməyə can atır, arxada isə erməni lobbisi ilə birgə Azərbaycan əleyhinə fəaliyyət göstərir.
Avropa Parlamentinin məlum qətnaməsinə cavabı da Azərbaycan Prezidenti İlham Əliyev elə Avropa dövlətlərinin liderlərindən biri ilə keçirdiyi görüşdə verdi. Çexiyalı həmkarı Miloş Zeman ilə görüşdə Avropa Parlamentinin məlum qətnaməsini sərt tənqid edən dövlət başçısı sözügedən sənədi tamamilə əsassız, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribat kimi xarakterizə edib:
"Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüblər, bizi şantaj ediblər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar".
Prezident bununla Avropanın ölkəmizə qarşı hər zaman qərəzli mövqedən yanaşdığını və ölkəmizin inkişafını istəmədyini diqqətə çatdırıb. Həqiqətən də Avropanın bir çox siyasi çevrələri Azərbaycan kimi müsəlman ölkəsinin inkişafını, onun hər hansı bir uğura imza atmasını həzm edə bilmirlər. Bunu sübuta yetirmək üçün yaxın tarixə qısa ekskursiya etmək kifayətdir. İstər "Evrovision" musiqi yarışması, istərsə də Birinci Avropa Oyunları ərəfəsində Avropadakı bəlli dairələrə Azərbaycana qarşı hərəkətə keçərək belə bir mötəbər yarışların ölkəmizdə təşkil olunmasını əngəlləmək istəyirdilər. Həmin tədbirlər vasitəsilə Azərbaycan beynəlxalq aləmdə daha da yaxından tanınacaqdı ki, bu da antiAzərbaycan şəbəkəsinin maraqlarına uyğun deyildi. Eyni zamanda həmin mədəni-kütləvi tədbirlər Azərbaycanın üzləşdiyi problemlər, ermənilərin işğalçılıq siyasətinin dünya ictimaiyyətinə daha ətraflı çatdırılması baxımından da əlverişli fürsət idi. Bu isə antiAzərbaycan şəbəkəsi, eləcə də onu maliyyələşdirən erməni lobbisini narahat etməyə bilməzdi. Ona görə də Azərbaycan hədəf seçilmişdi.
Prezidentin antiAzərbaycan şəbəkəsinin arxasında erməni lobbisinin durduğu barədə xatırlatması da Avropa üçün siqnal olmalıdır: "Burada əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz. Bizə qarşı bu çirkin əməllərdə fəal iştirak edən deputatların bəziləri Azərbaycanın ayrılmaz hissəsi olan və işğal edilmiş Dağlıq Qarabağa bu vaxta qədər dəfələrlə qanunsuz səfərlər ediblər və beləliklə, Azərbaycan qanunlarını kobudcasına pozublar". deyən dövlət başçısı dolayısıyla Avropanı da erməni işğalına bəraət qazandırmaqda ittiham edir. Yəni, Avropanın müəyyən çevrələri erməni lobbisinin maliyyə dəstəyi əsasında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın iştirakçısına çevrilirsə, deməli erməni işğalına da bəraət qazandırılır. Bu sıraya həmin dairələrin işğal altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlərini də daxil etsək, o halda real mənzərə göz qabağındadır və hər şey aşkardır. O halda Avropadan səmimiyyət, Qarabağ probleminin həllində aktivlik gözləməyə dəyməz. Əgər aktivlik göstərilsə belə, bu yalnız erməni maraqlarına xidmət edəcək. Ona görə də prezident haqlı olaraq qeyd edib: "Budurmu Avropa dəyərləri? Bəziləri bunları bizdə də tətbiq etmək istəyirlər. Belə dəyərlər bizə lazım deyil. Qoy, özləri üçün qalsın. Avropa Bu gün Avropa dəyərlərinin sarsıdılması prosesi gedir. Avropa həmişə bizim bölgədən mütərəqqi, müasir, tolerant bir məkan kimi görünürdü. Ancaq bu gün bunu əfsuslar olsun ki, çox nadir hallarda görürük".
Prezidentin qeyd etdiyi kimi bizə sözdə demokratiyadan bəhs edib antidemokratik addımlar atan, ədalətdən danışıb ədalətsiz qərarlar qəbul edən, terrorizmə qarşı mübarizəni prioritet hesab edib terroçu Ermənistana dəstək nümayiş etdirən, özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi qələmə verib, lakin ölkələrinə üz tutan miqrantlara qarşı qeyri-insanı davranışlara yol verən Avropa lazım deyil.
S.İsmayılbəyli