Ermənistan məruzəçinin məktubunu cavabsız qoyub
16 Sentyabr 2015 12:57 SiyasətMilli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyəti üzvlərinin ölkəmizdə səfərdə olan qurumun Siyasi işlər və demokratiya komitəsinin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" üzrə məruzəçisi Robert Uolterlə görüşü olub. "Olaylar" xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsindən, qurumla uğurlu əməkdaşlıqdan söz açıb. Vurğulanıb ki, 20 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bütün regionun təhlükəsizliyini ciddi təhdid altında saxlayır. Son vaxtlar Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində atəşkəs gün ərzində mütəmadi olaraq pozulur. ATƏT-in Minsk qrupunun münaqişə ilə bağlı göstərdiyi səylər heç bir nəticə vermir. Səməd Seyidov Ermənistan nümayəndə heyətinin Avropa Şurasında münaqişə ilə əlaqədar məsələlərin gündəlikdən çıxarılması üçün ardıcıl iş apardıqlarını təəssüf hissi ilə qeyd edib. O, xüsusilə diqqətə çatdırıb ki, Azərbaycan münaqişənin həllində ədalət və humanizm prinsiplərinə, beynəlxalq hüquq normalarına istinad olunmasına tərəfdardır.
Robert Uolter səmimi görüşə görə minnətdarlığını bildirib, hal-hazırda Ermənistan tərəfindən Azərbaycanın sərhəd bölgələrində hərbi təcavüzün intensivləşdiyindən xəbərdar olduğunu deyib. Dağlıq Qarabağ münaqişəsi üzrə məruzənin hazırlanmasına məsul olduğunu qeyd edən qonaq bunun üçün hər iki tərəflə sıx əməkdaşlığın qurulmasının vacibliyini diqqətə çatdırıb. Təəssüf hissi ilə bildirib ki, hesabatın hazırlanmasına kömək məqsədi ilə Ermənistan tərəfinə ünvanlandığı məktub hələ də cavabsız qalır, məruzə ilə bağlı Yerevana və Dağlıq Qarabağa səfərləri baş tutmayıb. Robert Uolter Ermənistanın qurumdakı nümayəndə heyətinə bu məsələ ilə bağlı etirazını bildirdiyini də vurğulayıb. O, ən qısa zamanda məruzəsini yekunlaşdırmaq məcburiyyətində olduğunu bildirdi, problemin tezliklə həll ediləcəyinə ümidvar olduğunu bəyan edib. Söhbətdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.