Atila Lins: “Azərbaycanın dünyada nüfuzu artıb”
16 Sentyabr 2015 12:55 SiyasətMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Braziliya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Katibliyinin sədri Atila Lins ilə görüşüb. "Olaylar"-ın xəbərinə görə, Komitə sədri bildirib ki, Braziliya dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Azərbaycan Latın Amerikası dövlətləri, xüsusilə Braziliya ilə əlaqələrin yaxınlaşmasına böyük önəm verir. Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu nəzərə çatdıran Səməd Seyidov qeyd edib ki, Azərbaycan üçün Braziliya xüsusi əhəmiyyət kəsb edən ölkədir. Səmimi fikirlərə görə təşəkkürünü bildirən Atila Lins Azərbaycanın dünyada nüfuzunun artdığını diqqətə çatdırıb. Braziliya parlamentinin strukturu və fəaliyyəti barədə danışan qonaq iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin vacibliyini və qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, bu işdə əsas vəzifə parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının üzərinə düşür. Söhbət zamanı iki ölkə arasında turizm və iqtisadi əlaqələrin inkişafı üçün münbit şəraitin mövcud olduğu xüsusi vurğulanıb.