Çexiya prezidenti Azərbaycana gəlib

Dövlət başçıları arasında görüş keçirilib

Sentyabrın 15-də Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycana rəsmi səfərə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçıları arasında təkbətək görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bu səfərin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb. Prezidentlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib. Prezident İlham Əliyev çexiyalı həmkarı Miloş Zemanı Bakıda salamlayaraq qeyd edib ki, bu, Çexiyanın dövlət başçısının Azərbaycana ilk səfəridir. Prezident ümid etdiyini bildirib ki, bu səfər uğurlu keçəcək: "Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı". Dövlət başçısı qeyd edib ki, tərəflər uğurla inkişaf edən ikitərəfli münasibətlərin səviyyəsini yüksəldəcəklər: "Biz iqtisadi, siyasi, mədəniyyət, eləcə də energetika sahələrində əməkdaşlıq edirik. Bizim aramızda tam qarşılıqlı anlaşma mövcuddur. İkitərəfli səviyyədə biz bir neçə dəfə Çexiya və digər yerlərdə görüşmüşük". İlham Əliyev deyib ki, hər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı, eləcə də regional münaqişələrin həlli məsələlərində tam qarşılıqlı anlaşma var: "Bu gün regionda vəziyyəti, regional sabitliyi də müzakirə etdik. Qabaqcadan proqnozlaşdırma müsbət inkişafın vacib elementlərindən biridir. Sabitliyin pozulduğu ölkələrdə çox mənfi nəticələri görürük". Prezident vurğulayıb ki, Azərbaycan və Çexiya yaxşı tərəfdaş və dost ölkələrdir. İlham Əliyev əlavə edib ki, Azərbaycan və Çexiya arasında əmtəə dövriyyəsinin artımı müşahidə edilir və ticarəti indikindən daha da balanslı etmək üçün onun strukturuna yenidən baxmaq lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00