Avropanın insan hüquqları adı altında separatizmə dəstək siyasəti
15 Sentyabr 2015 15:42 SiyasətTarixin bütün dövrlərində ədalətsizlik, ikili standartlarla üzləşən Azərbaycan təəssüflər olsun ki, bu gün özünü tərəqqipərvər hesab edən dünya tərəfindən eyni mövqe ilə qarşılaşır. Demək olar ki, hər addımda rastlaşdığımız bu ədalətsizlik, ikili standartlar artıq cəmiyyətimizdə birmənalı şəkildə, haqlı olaraq belə bir fikir formalaşdırıb ki, dünyanın ədalət prinsipi tamamilə pozulub. Əgər belə olmasaydı bir neçə gün əvvəl Avropa Parlamenti Azərbaycanla bağlı ədalətsiz bir sənədin qəbul edilməsinə canfəşanlıq göstərməz və onu reallaşdırmazdır.
Artıq hər kəsə sözügedən sənəddə yer alan və ən xırda obyektivliyi belə özündə ehtiva etməyən nüanslar bəllidir. Və həmin qərəzli fikirlərə qarşı istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyələrdə münasibət bildirilib, tutarlı faktlar ortaya qoyulub. Eyni zamanda haqlı olaraq Avropa Parlamentindən nümayiş etdirdiyi qərəzli mövqeyə görə izahat tələb olunub. Lakin gözlənildiyi kimi Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən ermənipərəst avropalılar bu arqumentlər qarşısında susmağa üstünlük veriblər. Necə ki, 20 ildən artıqdır ki, Qarabağ probleminin həlli məsələsində susqunluq nümayiş etdirirlər. Ancaq nəzərə almaq lazımdır ki, onların bu susqunluğunun nəticəsidir ki, ötən müddət ərzində əldə bayraq tutduqları insan hüquq və azadlıqları erməni işğalı nəticəsində kobud şəkildə pozulub. Bu gün erməni maraqlarına xidmət edən bir neçə "hüquq müdafiəçisinin" hüquqlarının pozulduğunu iddia edən Avropanın bəzi ermənipərəsət millət vəkilləri və siyasiləri nədənsə Ermənistanın təcavüzü nəticəsində 1 milyon azərbaycanlının hüquqlarının pozulması faktını görməzdən gəlirlər. Məgər 1 nəfərin "hüququ" 1 milyon insanın hüququndan daha önəmlidirmi? Yaxud erməni işğalından qaçqın və məcburi köçkünə çevrilən həmin 1 milyon şəxsi Avropa Parlamenti insan hesab etmirmi? Əslində burada hər kəsə məlum olan bir detal var. Bu gün avropalıların müdafiə etdiyi həmin "hüquq müdafiəçisi" erməni maraqlarına xidmət etdiyindən Avropa onu müdafiə edir. Açıq-aşkar erməni təssübkeşliyi.
Əgər erməni təəssübkeşliyi olmasaydı
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olması, eləcə də münaqişənin 20 ildən artıqdır ki, həll olunmaması barədə məlum sənəddə bircə kəlmə də olsa qeyd edilərdi. Necə olur ki, Avropa Parlamenti Azərbaycandan insan hüquq və azadlıqları ilə bağlı hansısa tələbi edə bilir, ancaq Azərbaycanın üzləşdiyi ptoblem, onun həlli ilə əlaqədar hansısa təşəbbüs göstərmir. Baxmayaraq ki, elə Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi öz əksini tapıb. Ancaq həmin ərazi bütövlüyünün işğalçı Ermənistan tərəfindən pozulmasına göz yumulur. Halbuki ilk növbədə işğal altında olan Azərbaycan ərazilərinin boşaldılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən söhbət getməlidir. Yalnız bundan sonra insan haqlarından danışmaq olar.
Ortada olan reallıq ondan ibarətdir ki, Azərbaycanın üzləşdiyi Qarabağ problemi, erməni separatizmi, işğalçılıq siyasəti Avropanı, dünya birliyini maraqlandırmır. Əksinə beynəlxalq aləm Azərbaycana əsassız təzyiq göstərmək, ona təsir etməklə separatizm, işğalçılığa rəvac verir, haqq qazandırırlar. Rusiyanın Ukraynaya təcavüzü zamanı Moskvaya qarşı sanksiyalar tətbiq edən, Gürcüstanla bir neçə günlük hərbi qarşıdurma zamanı ayaqlanan Avropa, dünya birliyi necə olur ki, eyni mövqeni Qarabağ probleminin həlli məsələsində nümayiş etdirmir? Məgər Avropanın ağızdolusu danışdığı ədalət prinsipi budur?
Əslində bütün cərəyan edən prosesləri müşahidə edərkən gəlinən qənaət ondan ibarətdir ki, Avropanı, oradakı ermənipərəsət dairələrinin əsas hədəfi Azərbaycan hakimiyyəti ə onun yürütdüyü müstəqil siyasətdir. Bu gün müdafiəsinə qalxdıqları Leyla və Arif Yunuslar avropalılar üçün təsir vasitəsidir. Tam əminliklə deyə bilərik ki, insan hüquqları antiAzərbaycan şəbəkəsi üçün önəmsiz bir şeydir. Günü sabah bu gün müdafiəsinə qalxdıqları "hüquq müdafiəçiləri" həbsdən azad edilsə belə avropalılar onların azadlığa buraxılmasını problem kimi qabardacaqlar.
Deməli
Azərbaycana olunan təzyiqlər yalnız rəsmi Bakının müstəqil, milli maraqlara dayanan siyasət həyata keçirdiyi üçündür. Həmçinin Azərbaycan Dağlıq Qarabağ məsələsində Qərbin müəyyən dairələrinin arzu etdikləri güzəştə getmədiyi üçün ölkəmizə qarşı təzyiqlər edilir. Ancaq hər kəsə bəllidir ki, nə indiyə qədər, nə də bundan sonra Azərbaycan bu kimi təzyiqlərə boyun əyməyib və əyməyəcək də. Azərbaycan kimin nə istəməsindən və arzu etməsindən asılı olmayaraq ərazi bütövlüyünü bərpa edəcək. Bu məsələdə kim Azərbaycana dəstək nümayiş etdirəcək, hüquqlarımızı tanıyacaqsa onunla da əməkdaşlıq ediləcək.
S.İsmayılbəyli