Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valteri qəbul edib
15 Sentyabr 2015 14:38 SiyasətElmar Məmmədyarov Azərbaycanın ərazilərinin işğal olunmasının beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edildiyini xatırlatdı. Bildirdi ki, BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1994) saylı qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və ərazilərinin işğalı qınanılır, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olması faktının bir daha təsdiq olunduğunu deyən nazir qətnamələrdə işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu qeyd etdi. O, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının qaçqın və məcburi köçkünlərin geri qayıtmasına, kommunikasıyaların bərpasına, etimadın yaranmasına və regionda sülh və təhlükəsizliyin bərpa olunmasına xidmət edəcəyini deyərək, buna qarşı yalnız Ermənistanın çıxış etdiyini nəzərə çatdırdı. Yenilənmiş Madrid prinsiplərində bu məqamların əks olunduğunu deyən nazir münaqişənin mərhələli həllinin beynəlxalq ictimaiyyət tərəfindən mümkün həll yolu kimi qəbul edildiyini vurğuladı.