“Merkel və Obama hakimiyyətdən getsə, Qərb-Azərbaycan əlaqələri düzələcək”
Zahid Oruc: “Elə hesab edilməsin ki, bu hakimiyyətin guya ölkədə hansısa QHT strukturları ilə bağlı mövqeyinə, yaxud məhkəmə qurumlarının onlarla bağlı seçdiyi qərarlarla bağlıdır”
15 Sentyabr 2015 14:31 SiyasətAvropa Parlamenti Azərbaycana qarşı bir sıra sanksiyaları nəzərdə tutan qətnamə qəbul etdi. Məlum qətnamə Azərbaycan hakimiyyəti, açıq cəmiyyət institutu, bəzi müxalifət partiyaları və cəmiyyət nümayəndələri tərəfindən etirazla qarşılandı. Bu etiraz nümayişi içərisində müzakirə olunan əsas məsələ - Ermənistanın silahlı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərinə görə düşmən ölkəyə qarşı heç bir cəza tədbirinin görülməməsi oldu. Paralel olaraq, Ukrayna torpaqlarını öz ərazisinə ilhaq etməsi fonunda Rusiyaya tətbiq edilən sanksiyaların, hansı səbəblərə görə, Ermənistan üçün nəzərdə tutulmaması da müzakirə mövzusuna çevrildi. Həmçinin BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi əsasında işğalçı Ermənistanın cəzalandırılmasına çağırışlar edildi. Millət vəkili Zahid Oruc "Olaylar"a Avropadan Ermənistana qarşı hansısa qətnamənin qəbul edilməsinin mümkünsüzlüyünü dedi. Z. Oruc bu faktın ciddi düşünmək üçün mühüm amil olduğunu diqqətə çatdırdı: "İddia olunur ki, Qərbin yalnız hakimiyyətlə davası var, bunun guya xalqa aidiyyatı yoxdur. Bir sıra qüvvələr Avropanın siyasi dairələrin marağını cəlb etmək üçün, onların mənafelərinin daşyıcısı kimi özlərini təqdim etmək naminə bir az irəli gedib deyirlər ki, "hazırkı hakmiyyətin əvəzinə onlar iqtidarda olsaydılar, Qərblə yaxşı münasibətlər fonunda Dağlıq Qarabağ məsələsini çoxdan həll edərdilər". Lakin, iş orasındadır ki, 90-cı illərin əvvəllərində Azərbaycana qarşı olan sərt sanksiyaların hamısı həmin iddiaçıların iqtidarı dövründə tətbiq olunub. 907-ci düzəliş, həmin Avropa Parlamentinin 1991-92-ci illərdəki qərarları da məhz o dövrə təsadüf edir. Ona görə də kimsə, elə hesab etməsin ki, bu məsələ hakimiyyətin guya ölkədə hansısa QHT strukturları ilə bağlı mövqeyinə, yaxud məhkəmə qurumlarının onlarla bağlı seçdiyi qərarlarla bağlıdır".
"Qərb hakimiyyəti bölmək istəyir?
Zahid Orucun sözlərinə görə, Qərb Azərbaycandan bir neçə məsələdə müqavilə istəyir: "İlk növbədə, hakimiyyəti bölməyi və iqtidarda özünün maraqlarını təmsil edən adamları kimi xarakterizə olunan bir siyasətin gerçəkləşməsini istəyir. Biz bunu müxtəlif ölkələrdə görmüşük və "pro-Qərb hakimiyyətləri" termini də buradan yaranıb. İkincisi, Qərb iddia edir ki, o qüvvələr ki, Qərblə portnyorluqdadı, onlar toxunulmaz olsunlar. Yəni Qərb nöqteyi-nəzərində belədir ki, heç bir hakimiyyətin onlarla bağlı hansısa sərt tədbirlər görməsinə ixtiyarı yoxdur. Üçüncü məsələ geosiyasi faktordur. Qərb Rusiya ətrafında özü üçün bufer zona yaratmağa çalışır. Düşünür ki, bu vasitə ilə Rusiyanı təkləyəcək, siyasi və coğrafi cəhətdən dağıda biləcək. Əgər hansısa dövlət bu prosesə getmirsə, avtomatik olaraq o Qərbin çevrəsində yer almış media nəhənglərinin qəzəbinə tuş gəlir, ölkənin əlehinə ağır aritlleriya hücumu təşkil olunur. "Fransa 2" telekanalının məlum o informasiya terroru da buradan yaranıb. Məsələn, Fransua Olland Bakıya gəlir, iki ölkə arasında razılaşmalar imzalanır, bunu xüsusi şərabların, imzalanma mərasimindəki tostların və sairənin kontekstində elə təqdim edirlər ki, kənardan baxan adam elə hesab edir ki, bu kriminal hadisədir. Başa düşmürəm, nə vaxtdan dövlətlərarası razılaşamlar, bundan sonra təşkil olunan ziyafət mərasimləri dünya üçün bu qədər qəbahət və cinayətdir?". Heydər Əliyev Fondunun Fransada Azərbaycan maraqlarını irəlilətmək üçün mühüm təbdirlərin reallaşdırdığını xatırladan Zahid Oruc: "Məsələn, Firuz Abadinin məşhur rəsm əsərlərinin sərgisi təşkil olunur. Həmin tədbirə qatılanları, orada iştirak edənləri, Azərbaycan maraqlarının müdafiəçisi qismində çıxış edən Fransa parlamentarilərini və fəalların üzərində yeriyirlər. Hər bir məqalələrin əksinə çıxırlar, Azərbaycan haqqında müsbət fikirləri rədd edirlər. Bunun özü sübut edir ki, Azərbaycan əlehinə açıq formada informasiya müharibəsi həyata keçirilir", - deyə vurğulayıb.
"Bu cəbhəni Azərbaycan açmayıb"
Zahid Oruc bildirib ki, əgər Azərbaycanın öz mədəni, humanitar maraqlarını həyata keçirmək pisdirsə, hansısa beynəlxalq tədbirləri maliyyələşdirmək çox böyük cinayətdirsə, o zaman ABŞ-ın hər il maliyyə ilində 5 milyard dollar dünya çapında Amerikanın maraqlarının müdafiəsi üçün xərclədiyi pulları da nəzərə almaq lazımdır. Z. Oruc qeyd edib ki, həmin vəsaitlər beyin mərkəzlərinə, siyasi institutlar, fink, fənk adlanan məlum fond və qurumlara yönəldilir: "Niyə? Amerika Konqresinin xəttilə Azərbaycanda açıq cəmiyyət institutuna maliyyə vəsaitləri ayrılır. Nəyə görə? Həmin vəsaitlər Amerika vətəndaşının vergi ödənişlərindən toplanır. Bu nəyə lazımdı ki, gətirib həmin vəsaitləri regionlarda xərcləsinlər? Yəni, həqiqətənmi əsas maraq demokratiyanın ixracıdır? Qətiyyən belə deyil. Bu 80-ci illərdə öz dövlətləri üçün kəşf olunmuş unikal modeldir. Qərb Azərbaycana deyir ki, bir nəfərin həbsi Dağlıq Qarabağın işğalından böyük cinayətdir, Qarabağ hadisəsi isə statistik hadisədir. Amma Qərbin nəzərində Leyla Yunusun həbsi "qlobal cinayət"dir. Təsəvvür edin, Azərbaycan gedib Qubadlını, Zəngilanı azad etsə, biz hansı sanksiyalarla qarşılaşarıq? Bizdə hamı bilirdi ki, Leyla Yunus mənşəcə ermənidir, amma deyirdik ki, 30 min ermənidən biridir, rahat da yaşayır və dövlət əlehinə də fəaliyyət göstərir. İndi onun casusluq əməlinə qiymət verilir və bir erməni cəzalandırılır. İndi Dağlıq Qarabağ geri qaytarılsa və 50 erməni cəzalandırılsa, nə baş verər? Bütün bu hadisələr fonunda bizim gəldiyimiz qənaət ondan ibarət olmalıdır ki, Azərbaycan bu mübarizə cəbhəsini özü açmayıb. Biz Avropa ilə normal əlaqələri həmişə istəmişik. Avropanın bizimlə normal iqtisadi əlaqələri var. Yeganə siyasi sferada müəyyən problemlər mövcuddur, onu da biz uydurmamışıq, biz yaratmamışıq. Bütün bunlar fonunda Azərbaycan Qərbdən qoxmur. Bizim Avropada bəzi siyasi iqtidarlarla problemimiz var. Əminəm ki, Barak Obama və Angela Merkel hakimiyyətdən getdikdən sonra Qərbin Azərbaycanla münasibətləri xeyli düzələcək".
Mənsur Rəğbətoğlu