Azay Quliyev ATƏT-in sessiyasına qatılacaq
15 Sentyabr 2015 12:51 SiyasətMilli Məclisin deputatı Azay Quliyev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 15-də Monqolustanın paytaxtı Ulan Bator şəhərinə səfər edib. Bu barədə MM-dən verilən məlumata görə, sessiyanın əsas mövzusu "ATƏT ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həlli: regional əməkdaşlıqda parlamentlərin rolunun gücləndirilməsi" olacaq. Tədbirin açılış mərasimində Monqolustan Prezidenti və ölkə Parlamentinin sədri iştirak edəcəklər. Toplantıda regional təhlükəsizlik, terrorizm və insan alveri ilə mübarizədə ATƏT-in rolu, regionda iqtisadi çətinliklər, qida təhlükəsizliyi, suyun idarəçiliyi ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq, demokratik təsisatların inkişafı, insan hüquqları, media azadlığı, dini dözümlülük, gender bərabərliyi məsələləri müzakirə olunacaq. Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsinin iclası olacaq. Həmçinin "Mərkəzi Asiya" adlı dəyirmi masanın keçirilməsi nəzərdə tutulub. Səfər sentyabrın 20-də başa çatacaq.