AAK-dən Avropa Parlamentinə etiraz

Avropa Azərbaycanlıları Konqresi  Avropa Parlamentinin Azərbaycana qarşı yönəlmiş qətnaməsi ilə bağlı bəyanat yayıb. "OLAYLAR"-ın xəbərinə görə, bəyanatda Avropa Azərbaycanlıları Konqresinin Avropa Parlamentinin qətnaməsinə dair kəskin narazılığı və böyük narahatlığı ifadə olunur, qətnamənin Azərbaycana qarşı qərəzli və birtərəfli, xüsusilə də "hədələyən barmaq" üslubunda  tərtib edildiyi vurğulanır. Azərbaycanın müstəqillik illərində əldə etdiyi yüksək nailiyyətlərin nəzərdən qaçırıldığı bildirilir.
Etiraz bəyanatında Avropa Parlamentinə bir sıra suallar ünvanlanıb: Necə olur ki, Avropa Parlamenti Azərbaycandakı insan haqları ilə bu dərəcədə maraqlanaraq, bu məsələyə "həssas" və "qayğıkeş" hisslərlə yanaşır, ancaq digər azərbaycanlıların taleyinə biganə qalır? Necə olur ki, Avropada dəfələrlə müzakirə edilən Dağlıq-Qarabağ məsələsində Azərbaycan torpaqlarını işğal edən Ermənistana və işğal edilmiş ərazilərdə qurulmuş  separatçı rejimə qarşı heç bir sanksiyalar qəbul edilmir? Nədən Xocalı faciəsinin nəticəsində öldürülən insanların, öz yurd-yuvalarından didərgin düşmüş insanların hüquqları Avropa Parlamentini narahat etmir?
Bəyanatda həmçinin bildirilir ki, Ermənistan Avropa Parlamentinin Dağlıq Qarabağa dair qətnamələrini yerinə yetirməyərək işğalı hələ də davam etdirir, onların  törətdikləri dəhşətlər hələ də beynəlxalq birlik tərəfindən öz hüquqi qiymətini almayıb.
AAK hesab edir ki, Avropa Birliyi özü hazırda bir sıra insan hüquqları problemləri qarşısındadır. Belə ki, Avropa Birliyinin bir sıra ölkələrində bu günə qədər insan hüquqları pozulur, insanlar rasizm və millətçi basqınlara məruz qalırlar. Belə bir halda Avropa Parlamentinin başqa dövlətlərə "dərs keçməyi" qeyri-ciddi və yolverilməzdir. Bəyanatın sonunda qeyd edilir ki, Azərbaycan demokratik inkişaf yolunda olan bir ölkədir və Avropa bu prosesə yalnız dəstək verə bilər, Azərbaycanın daxili siyasətinə müdaxilə xarakteri daşıyan addımlar yolverilməzdir. AAK Avropa Parlamentini konstruktiv dialoq aparmağa çağırır, Avropa Parlamentindən Azərbaycana qarşı münasibətdə ədalətli mövqe nümayiş etdirməyi tələb edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00