Milli Məclis Avropa Parlamentinə etiraz etdi
“Avropa ilə əlaqələrin davam etdirilməsinin heç bir əhəmiyyəti yoxdur"
14 Sentyabr 2015 16:59 SiyasətSentyabrın 14-də Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi plenar iclası keçirilib. İclasın çağırılmasında məqsəd Avropa Parlamentinin 10 sentyabr tarixli iclasında Azərbaycandakı insan hüquqlarının vəziyyətilə bağlı qəbul olunmuş qətnamənin müzakirəsi olub. İclasda MM sədri Oqtay Əsədov qeyd edib ki, biz Avropa Parlamentinin Azərbaycana qərəzli qətnamələr qəbul etdiyinin dəfələrlə şahidi olmuşuq. Ancaq bu dəfə Avropa Parlamenti bütün sərhədləri keçib. Bu dəfə Avropa Parlamenti bütün davranış qaydalarını pozub: "Biz Avropa Parlamentinin iclasını canlı müşahidə etdik və Avropa Parlamenti deputatlarının Azərbaycana qarşı nə qədər qərəzli mövqe tutduğunu gördük. İclasdakı məlumatlar açıq-aşkar saxtakarlığa əsaslanıb". Onun sözlərinə görə, adətən Azərbaycana qarşı qətnamə qəbul ediləndə 40-50 deputat iştirak edirdi. Ancaq bu dəfə 635 deputat iştirak edib. Çalışıblar ki, çox deputat iştirak etsin. Həmin iclasda Avropa Komissiyasının xarici əlaqələr komissarı söz alıb dedi ki, prosedur pozulub, bu məsələ ilk öncə komitələrdə müzakirə olunmalıdır. Əks halda biz Azərbaycanaı itirə bilərik. Ancaq ondan dərhal sonra vitse-spiker çıxış etdi və elan etdi ki, məsələ müzakirə olunmalıdır. Daha sonra iki deputat da çıxış edərək durumun dəyişməsinə qarşı çıxdılar. Sonradan araşdırmamız zamanı bəlli oldu ki, həmin iki deputat Dağlıq Qarabağda olub, qondarma prezidentlə görüşüb". Spiker qeyd edib ki, Avropa Parlamentinin sədri Şultsa müraciət edib: "Jurnalist Rasim Əliyevin məişət zəminində öldürülməsini siyasi qətl kimi təqdim edirlər. Korrupsiyaya bulaşan lobbiçilərin təsiri özünü göstərir. Əsində bu qərar Avropa Parlamentinin öz imicinə təsir göstərir. Azərbaycan parlamenti olaraq biz daim beynəlxalq əlaqələrdə işlər görmüşük, münasibətlərin inkişaf etdirilməsinə çalışmışıq. Avronest Parlament Assambleyasına daxil olduq. Biz bu təşkilatlara daxil olanda qeyd edirdilər ki, bu, Avropa Parlamenti ilə əməkdaşlıq üçün bir meydandır. Avronestdə 60 deputat Avropa Parlamentindən, 60 deputat isə üzv olan 6 ölkədən təşkil edilib. Ancaq bu günə qədər Avronestdə Dağlıq Qarabağla bağlı bir sənəd imzalada bilmədik". Spiker əlavə edib ki, hazırda dəhşətli müqayisə yaranıb. 7 milyon kv.km ərazisi, 1 milyard əhalisi olan Avropa 300-400 min qaçqını qəbul edə bilmir. Torpaqlarının 20 faizi işğal olunan Azərbaycan dövləti 25 ilə yaxındır bir milyondan çox qaçqını saxlayır. Amma danışanda, avropalıların ağızına çullu dovşan sığmır. O, qeyd edib ki, bu gün Avropanın Yaxın Şərqdən gələn qaçqınları qarşılama mənzərəsi əsl konslager mənzərəsini yaradır: "Adam baxa bilmir. Mənim ürəyim ağrıyır. Qaçqınlarla qeyri-insani rəftar edirlər. Çörəyi hətta elə atırlar ki, üzr istəyirəm, sanki heyvana atırlar. Budur Avropa dəyərləri?"
"Onlar Azərbaycan prezidentinə paxıllıq edirlər"
Avropada yaranmış miqrant böhranı və Ərəb ölkələrində baş verən hadisələrə də toxunan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bəyan edib ki, indi Misirdə, Liviyada, Suriyada, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir: "Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları qaçqın kim etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. İndi də minlərlə miqrantı dənizdə batırırsınız, öldürürsünüz. Axı bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa, Azərbaycana necə demokratiyadan, insan haqqlarından danışa bilərsiniz? Milli satqınlar da Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var. Onlar Azərbaycan prezidentinə paxıllıq edirlər. Çünki onların özlərində belə prezident yoxdur". Z. Əsgərov qeyd edib ki, Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb: "Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropada artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıblar. Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?!" Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, Avropada jurnalistin ölümü məsələsini qabardırlar: "Hamımız bilirik ki, Rasim Əliyev əslində operator idi. İndi deyirlər ki, bu hakimiyyətə qarşı olan jurnalist idi və ona görə də öldürülüb. Bu, gizli və açıq müharibədir, məqsəd isə millətlərin öz simasını itirməsinə nail olmaqdır. Bu bir millətin heysiyyatına qarşı olan qərəzli qətnamədir. Azərbaycan dövləti buna ləyaqətli cavab verib, Milli Məclisin də cavab verəcəyinə inanıram".
"Avropa Parlamenti öz nüfuzuna böyük zərbə vurdu"
Millət vəkili, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə bizə göstərdi ki, bu qurum insan haqlarından istifadə edərək müstəqilliyə zərbə vurmağa çalışır: "Bir faktı göz önünə gətirim ki, sənədin təşəbbüskarlarından biri Avropa Azad Alyansın deputatları idi. Onlar da vaxtilə "Dağlıq Qarabağ" bölgəsində separatçı rejimin bəzi qüvvələrini üzvlüyə qəbul ediblər. Milli maraqlar və Prezident İlham Əliyevin yürütdüyü siyasət naminə öz sözümüzü deməliyik. Sağlam qüvvələrlə birləşib Avropa Parlamentində fəaliyyətimizi dayandırmalıyıq". S.Seyidov deyib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə parlamentdə ciddi təhlil olunmalıdır: "Azərbaycan ölkəmizə qarşı aparılan bu provakasiyanı pisləyir və layiqli cavab verilməsini tələb edir. Avropa Parlamenti Azərbaycandakı seçkilər ərəfəsində tez- tələsik böhtan dolu qətnamə qəbul etməklə öz nüfuzuna böyük zərbə vurdu və onlar uzun müddət bunun altından çıxa bilməyəcəklər. Qətnamələr, vədlər və digər addımlar ciddi əhəmiyyət kəsb edə bilməz. Tək Azərbaycanın deyil, bütün dünyanın gözü qarsışında onlar müstəqil dövlətə qarşı məsuliyyətsiz addım atdılar. Haqq sözə və sağlam qüvvələrə qulaq asmadan qətnaməni qəbul etdilər. Bunun tək cavabı odur ki, Azərbaycan regionda azad söz sahibinə çevrilib. Eyni zamanda, Azərbaycan öz xalqının maraqları ilə oturub- durmaq və inkişaf etmək iqtidarındadır. İqtidar işğal olunan torpaqları Avropa Parlamentindən dəstək almadan azad etmək iqtidarındadır. Bütün bunlar da onları qorxuya salır. Qətnamə bizə göstərdi ki, Avropa Parlamenti insan haqlarından istifadə edərək müstəqilliyə zərbə vurmağa çalışdılar".
"Liviyanı dağıtdılar, indi də Azərbaycanı dağıtmaq istəyirlər"
Millət vəkili Qüdrət Həsənquliyev Yaxın Şərqdə baş verən duruma diqqət çəkib: "Yaxın Şərqi qana boyadılar. Misiri qana buladılar. Misirdə demokratiya qurdular? Bir generalı digər generalla əvəzlədilər. Suriya rifah dövləti idi, nə günə qoydular, dövləti dağıtdılar. Liviyanı nə günə qoyduqları bəllidir. Bu qətnamə qərəzlidir. Fikrimcə, bu qətnamə həm də Azərbaycan ordusunun son zamanlar fəallaşması, dövlətin öz torpaqlarının azad edilməsi məsələsində ciddi addımlar atması ilə bağlıdır. Vurğulayıram ki, təhlil edəndə görünür ki, bu qətnamə ermənilərə xidmət edən, Avropa Parlamentinin marağına xidmət etməyən sənəddir". Millət vəkili daha sonra qeyd edib ki, Avropa Komissiyasının Avropa Parlamentinin bu qətnaməsindən sonra hansısa qərarlar qəbul edəcəyini zənn etmir: "Əgər belə qərar olacaqsa, biz Avropa Komissiyası ilə də münasibətlərimizə baxmalıyıq. İndi hesab edirəm ki, Avropa Parlamenti ilə münasibətlərə yenidən baxmalıyıq". Deputat, MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, əgər Azərbaycan xalqı Avropa ilə hər hansı bir siyasi və mədəni münasibətlərdən narazıdırsa, onda Avropa ilə əlaqələrin davam etdirilməsinin heç bir əhəmiyyəti yoxdur. O bildirib ki, Azərbaycanın Avropa İttifaqına üzv olan bəzi dövlətlərlə əlaqələri mövcuddur: "Bundan sonra da bu əlaqələr davam etdiriləcək. Biz Azərbaycanla münasibətdə olan Avropa İttifaqına üzv ölkələrin nümayəndələrini ölkəmizə dəvət edəcəyik. Onlar gəlib Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər. Biz bir təşkilat kimi Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmalıyıq və tövsiyələrimizi verməliyik. Parlament seçkilərində bizim üçün hansısa beynəlxalq qurumun, təşkilatların fikri yox, Azərbaycan xalqının fikri, mövqeyi, müşahidəsi vacibdir". Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, Avropa İttifaqını heç bir ölkənin ərazi bütövlüyünün pozulması narahat etmir, əks təqdirdə, öz mövqelərini ortaya qoyardılar: "Bu cür sənədlərin verə biləcəyi nəticələr ilk növbədə Avropa insanlarının taleyinə mənfi təsir göstərəcək: "Ona görə də mən üzümü avropalılara tuturam, siz siyasətçi, deputat bildikləriniz şəxslərlə bağlı ciddi düşünün! Mən sizləri gözüaçıq olmağa və seçdiyiniz siyasətçilərdən haqlı mövqeyi tələb etməyə çağırıram! Bu gün əlbir olsaq, dünyanı xilas edəcəyik. Bu gün dünya təhlükədədir".
Alim