Yunuslar müəyyən sifarişləri yerinə yetirirlər

Deputat: “Xaricdən gələn bu sifarişlərin arxasında maliyyə dəstəyi durur”

"Ümumiyyətlə, hər bir məsələyə öz predmeti üzrə baxılmalı və qiymət verilməlidir. Yəni, hər hansı bir hüquqi, məhkəmə müstəvisində olan məsələyə siyasi qiymət verməyin özü doğru deyil". Bunu Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev dilə gətirib. Onun sözlərinə görə, hər hansı bir siyasi məsələyə də iqtisadi, sosial tərəfdən qiymət vermək özü doğru deyil. Bu mənada hər kəs öz işi ilə məşğul olmalıdır. Hüquq-mühafizə orqanlarının işçiləri öz işləri, öz vəzifələri ilə məşğul olmalıdır. Bəli, Leyla Yunus məsələsində, o cümlədən, digər bəzi bizim siyasi müxalifətdə olan və müxtəlif cinayətlərə görə məhkum olunan, həbs olunan insanların da məhkəmə prosesləri göstərdi ki, kənardan müdaxilələr var. Bu müdaxilələrdə də məqsəd nədir? Birinci növbədə həmin insanlara guya dəstək göstərməklə öz varlıqlarını sübut etməkdir. Digər tərəfdən, müəyyən sifarişləri yerinə yetirməklə - təəssüf ki, bəzi hallarda xaricdən gələn bu sifarişlərin arxasında maliyyə mənbəyi, maliyyə dəstəyi də durur- bunlar hardasa özlərinin də ona oxşar fəaliyyətlərini sığortalamaq üçün bu canfəşanlığı edirlər. Yadınızdadırsa, hələ Leyla Yunusdan qabaq Rauf Mirqədirov həbs olunanda Leyla Yunus çox böyük bir canfəşanlıqla bunu bir siyasi aksiya, müxalifətdə olan insanlara, azad sözə, fikrə basqı kimi qiymətləndirdi. Amma hansı ki, Rauf Mirqədirov heç vaxt müxalifətdə olmamışdı və Rauf Mirqədirov həbs olunana qədər artıq Türkiyədə yaşayırdı. Amma müəyyən orqanların əlində elə faktlar vardı ki, Rauf Mirqədirovun fəaliyyətində Azərbaycan dövlətçiliyinə, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə zərər verə biləcək hallar var və onu sonra məhkəmənin gedişində elə Rauf Mirqədirovun özü, onun ailəsi də təsdiq etdilər". M. Quliyev bildirib ki, o zaman L. Yunusun canfəşanlığı da Mirqədirova görə deyildi, əməllərinin sabah faş olunacağı halda özünü müdafiə etməyə cəhd etməsi ilə bağlıydı: "Bu gün də, məsələn, eşidirəm ki, Milli Şura adlanan qurumdan bəzi adamlar, radikal müxalifətdən olan bəzi adamlar müxtəlif bəyanatlar verirlər. Bunlar əslində Leyla Yunusu müdafiə etməkdən daha çox iki işi görürlər. Birincisi, onlara verilən sifarişi yerinə yetirirlər. İkinci, sabah özlərinin də müxtəlif cinayətləri ortaya çıxarsa və onlar da Leyla Yunusun oturduğu yerdə oturarlarsa, özlərinə indidən alibi qazandırmaq fikrindədirlər. Biz sivil, demokratik cəmiyyətdə yaşayırıq və hər şeyə hüquq müstəvisindən yanaşmağı öyrənməliyik. Bugünləri kimsə, tutaq ki, məhkəmə qərarı ilə həbs olunursa, ondan yuxarı məhkəmə instansiyaları və ora müraciət etmək hüququ var. Bu insanın vəkili var. Bu insanın yaxın adamları, ailə üzvləri var. Onlar yuxarı instansiyalara müraciət edə bilərlər. Ali Məhkəmə var, ondan sonra Ali Məhkəmənin Plenumu var, Konstitusiya Məhkəməsi var, Avropa Məhkəməsi var. Niyə bunlar o məhkəmələrin qərarını gözləmirlər və indidən bunu siyasi bir aksiya olduğunu göstərmək istəyirlər? Ona görə də belə hay-küyləri biz çox görmüşük və cəmiyyət də artıq belə hay-küylərə öyrənib. Hesab edirəm ki, artıq o radikal mövqedə duran insanlar özləri də bir qədər öz hərəkətlərini başa düşməlidirlər".

MM-in Sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli bildirib ki, demokratik cəmiyyətin baş prinsipi hüququn aliliyidir, qanunlara hörmət etməkdir: "Bu, həm iqtidara aiddir, həm müxalifətə aiddir". Komitə sədrinin sözlərinə görə, qanunlara hörmət etməyən dövlət və cəmiyyət demokratik ola bilməz: "Götürək Amerikanı, dünyanın bütün ölkələrini, dövlətlərini, əgər o artıq sivil, demokratik cəmiyyətdirsə, orada qanunlara hörmət olmalıdır və olur. Çünki demokratiya üçün qanunun aliliyi başlıca məsələdir. Mən indi başa düşə bilmirəm, necə olur ki, Leyla Yunus da, Arif Yunus da bunların hər biri dünya prosesindən danışırlar, demokratik cəmiyyətdən danışırlar, amma qanunların qarşısında cavab verməyi özlərinə ikinci dərəcəli məsələ hesab edirlər? Kimliyindən asılı olmayaraq, hər kəs, eləcə də onlar əməllərinə görə qanun qarşısında cavab verməlidirlər". H. Rəcəblinin fikrincə, ortada qanunun aliliyi, ona riayət olunması məsələsi var: "Bizim məhkəmə sisteminin də mərhələləri var. Əgər onlar da məhkəmənin qanuni hökmündən narazıdırlarsa, o zaman Apellyasiya Məhkəməsinə, ondan sonra o biri məhkəmə sisteminə, ta ki Konstitusiya Məhkəməsinə qədər müraciət etsinlər, onların müraciət etmək hüququ var. Lap elə Avropa Məhkəməsinə müraciət etmək hüquqları da var. Heç kim onların bu hüquqlarını əllərindən almayıb və odur ki, bu hüquqlardan istifadə etsinlər".


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00