Müsavat adı uğrunda mübarizə qızışır
Fövqəladə qurultay çağrıla, möhür Arif Hacılıdan alına bilər
21 Avqust 2015 15:01 SiyasətMüsavat Partiyası rəhbərliyi ilə Qubad İbadoğlunun rəhbərlik etdiyi narazılar arasında münaqişə yenidən alovlanıb. Beləki Müsavat Partiyası başqanının müavini Elman Fəttah Ədliyyə Nazirliyinə çağırılıb. Qeyd edək ki, Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah Təşkilatı rəhbərliyinin Müsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğv olunması ilə əlaqədar şikayətini araşdırır. Müsavat rəhbərliyi Ədliyyə Nazirliyinə müraciətə görə, ADR rəhbərliyini suçlandırıb. Lakin ADR rəhbərliyi Müsavatla bağlı müraciətin ayrı-ayrı şəxslər tərəfindən edildiyini bildirirlər.
Müsavat Partiyası Qadınlar Birliyinin sabiq sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədli deyib ki, Müsavat Partiyasının qurultayının nəticələrinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə o imzalayıb və bunun Azərbaycan Demokratiya və Rifah Hərəkatına aidiyyəti yoxdur.
O bildirib ki, hazırkı Müsavat rəhbərliyi məhkəməyə müraciət olunmasın deyə qurultaydan sonra uzaqlaşdırılan partiya üzvlərinə xaric olunma ilə bağlı sənəd vermir. Onun sözlərinə görə, Müsavatın VIII qurultayı şəffaf keçirilməyib, proses saxtakarlıqla yerinə yetirilib və hazırkı Müsavat rəhbərliyi qurultaydakı saxtakarlıqla bağlı suallara cavab verə bilmir. E.Məmmədlinin sözlərinə görə, onlar həm də partiyadan xaric etdikləri şəxslərə xaric olunma ilə bağlı səbəb qeyd olunan sənəd vermirlər: "Buna görə də biz məhkəməyə müraciət edə bilmirik. Bütün bunları nəzərə alıb, Ədliyyə Nazirliyinə müraciət etməyi qərara aldıq. Çünki hazırkı başqan legitim deyil, qurultay başa çatmayıb. Hazırda müraciətimiz araşdırılır". Müsavat başqanının müavini Elman Fəttah isə qeyd edib ki, Ədliyyə Nazirliyinə belə bir müraciətin edilməsi absurddur. Başqan müavini Qubad İbadoğlu tərəfdarlarını ittiham edib: "Bizə əvvəlcədən bəlli idi ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı Müsavata qarşı yaradılan hərəkatdır. Hərəkatın Ədliyyə Nazirliyinə etdiyi şikayət xarakterli müraciətdə təxminən 12-13 nəfərin imzası var. Müraciət ADR-in sədr müavini, Departarment rəhbəri, Məclis üzvləri səviyyəsində hazırlanıb".
Bu məsələ Müsavatda rəsmi təmsilçilik uğrunda mübarizəni qızışdıracaq. Maraqlıdır ki, eyni proses AXCP-də də başlayıb. Bir qrup narazı Razi Nurullayevin rəhbərliyi ilə partiyanın rəsmi təmsilçiliyinə iddia etdiyini bildirib. Onlar yaxın günlərdə fövqəladə qurultay keçirərək AXCP adı ilə çıxış edəcəklərini bəyan ediblər. AXCP-də baş verənlər Müsavatdakı narazıları da hərəkətə gətirə bilər. Gələn xəbərlərə görə, narazı müsavatçılar yaxın günlərdə imzatoplama kampaniyasına başlayacaqlar. Partiya nizamnaməsinə görə, üzvlərin 3/2-i imza verərsə, fövqəladə qurultay çağrıla bilər. Qeyd edək ki, bu cür tələblərlə Müsavatdan çıxarılmış Səxavət Əlisoy, Ellada Məmmədli çıxış ediblər. Ədliyyə Nazirliyinə müraciətin edilməsi onu göstərir ki, narazı müsavatçılar hərəkətə keçməyə hazırlaşırlar.
Ərhun Abbas