Əli Kərimli – Razi Nurullayev qalmaqalı: Əbülfəz Qurbanlı yenilənmiş AXCP-yə sədr gətirilir – İlginc Təfərrüat
“AXCP-də gəncləşmə siyasətini tələb edən qruplaşma Əli Kərimlinin yerinə Əbülfəz Qurbanlının namizədliyini irəli sürüb”
21 Avqust 2015 14:56 SiyasətƏli Kərimlinin AXCP-də yaratdığı anti-demokratik vəziyyətə etiraz olaraq partiyadan uzaqlaşan cəbhəçilərin keçmiş sədr müavini Razi Nurullayevin liderliyi ilə AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini elan etməsi qarşı tərəfdə çaşqınlıq yaradıb. Keçən qısa müddət ərzində çoxlu sayda cəbhəçinin AXCP-ni tərk edərək AXCP EQTK-a keçməsi partiya rəhbərliyini düşündürməyə başlayıb. "Köç prosesi"nin qarşısını ala bilməyən rəhbərlik, R. Nurullayevə hansı formada cavab vermək barədə düşünür. Prosesi əngəlləmək üçün Əli Kərimli və ətrafına daxil olan qrupun (Fuad Qəhrəmanlı, Gözəl Bayramlı və Həsən Kərimov) istefaya gedəcəyi də gözlənilən deyil. Ən yaxşı halda AXCP-nin keçirilməsi gözlənilən qurultayında Əli Kərimli Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin taktikasına üstünlük verə bilər. Lakin, bu variant da, AXCP-də başlamış narazılığın səngiməsinə kömək etməyəcək. Çünki, bu halda Əli Kərimli seçkilərin nəticələrini saxtalaşdıraraq müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, yaxud Həsən Kərimovdan birinə üstünlük verəcək. İndiki halda isə, narazı cəbhəçilər (AXCP EQTK) sədrlə yanaşı adı çəkilən şəxslərin partiya rəhbərliyindən getmələrini və gənclərə üstünlük vermələrini tələb edirlər. Prinsip etibarilə, Əli Kərimlinin üstünlük verəcəyi bu variant özünün intiharı olacaq ki, bu da Razi Nurullayevin əlinə oynayan faktora çevriləcək.
Əblülfəz Qurbanlının istefasının pərdəarxası
AXCP sədrinin müavini Əbülfəz Qurbanlı məhz partiyada gəncləşmə siyasətinin qurbanlarından biridir. Məlum olub ki, AXCP-də gəncləşdirmə siyasətini tələb edən qruplaşma Əli Kərimlinin yerinə Əbülfəz Qurbanlının namizədliyini irəli sürüb. Qruplaşmanın bu addımı partiyanın sədrlik postuna iddiası olan Fuad Qəhrəmanlı, Həsən Kərimov və Gözəl Bayramlının xoşuna gəlməyib. Nəticədə Əli Kərimlinin və bu şəxslərin təşkil etdiyi gizli iclasda Ə. Qurbanlının "qələmini qırıblar". Keçmiş sədr müavinin AXCP-dən dışlanması kampaniyasının başında isə Həsən Kərimov dayanıb. Əli Kərimlinin Əbülfəz Qurbanlı üçün tapşırdığı işləri ondan qabaq həyata keçirən Həsən Kərimov müavinin AXCP daxilində bütün fəaliyyət imkanlarını məhdudlaşdırıb. Qurbanlıya qarşı partiya daxilində qruplaşma onun hələ Əli Kərimli tərəfindən sədr müavini postuna gətirilməsindən sonra yaradılıb. Ə. Kərimlinin bu addımının Əbülfəz Qurbanlının AXCP sədri postuna yüksəlişi kimi qəbul edən "qoca qurd"lar dərhal hərəkətə keçiblər. Nəticədə Ə. Qurbanlının "könüllü istefa"sına nail oldular.
Yenilənmiş AXCP-nin vahid namizədi
Razi Nurullayev və narazı cəbhəçilərin addımı AXCP rəhbərliyinin əsəblərini gərib. Partiyanın idarəçiliyinin hüquqi yollarla Əli Kərimlidən alacaqlarını elan edən cəbhəçilər, idarəetmənin AXCP EQTK-a verilməsi üçün sistemli "yol xəritəsi" hazırlayıblar. Əli Kərimlinin idarəetmə mexanizmindən daha cəlbedici görünən "yol xəritəsi" artıq sədr ətrafında olan insanları R. Nurullayevin liderliyindəki qrupa doğru çəkməyə başlayıb. Yaxın günlərdə Əbülfəz Qurbanlının da AXCP EQTK ilə anlaşacağı gözlənilir. Ədliyyə Nazirliyi narazı cəbhəçilərin edəcəyi müraciətə müsbət cavab versə, böyük ehtimalla Əli Kərimlinin cəbhəsi tamamilə dağılacaq. Əsas məqsədlərinin AXCP-ni gəncləşdirmək olduğunu bildirən qrupun sədrliyə vahid namizədi də məlumdur. Əldə etdiyimiz məlumata görə, adı rəsmi qaydada açıqlanmasa da həmin şəxs Əbülfəz Qurbanlıdır. Prosesin içində birbaşa iştirak etməsə də, Ə. Qurbanlının olaylarda kənardan iştirak etdiyi deyilir. Mövzuya yenidən qayıdacağıq.
Ömər Zamin