AXCP EQTK-dan Əli Kərimliyə xoş gəlməyəcək açıqlama

“Əli Kərimlinin cəbhəsini tərk edib bizə qoşulmaq istəyənlərin sayı günbəgün artır”

Əli Kərimlinin AXCP-də yaratdığı anti-demokratik vəziyyətə etiraz olaraq partiyadan uzaqlaşan cəbhəçilər avqustun 19-da keçmiş sədr müavini Razi Nurullayevin liderliyi ilə AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini elan etdilər. Cəbhəçilər AXCP-nin idarəçiliyində təşəbbüsü Əli Kərimlidən alacaqlarını bildirdilər. Keçən bir neçə gün ərzində AXCP-dən AXCP EQTK-a müraciət edənlərin sayı durmadan artır. Əli Kərimli və partiyanın əhəmiyyətli fiqurlarının başlamış prosesə narahatlıqları açıq formada özünü büruzə verməyə başlayıb. AXCP EQTK-nın təşəbbüskalarından biri, keçmiş cəbhəçi Rəfail Becanov "Olaylar"a açıqlamasında elan edilmiş qurumun AXCP-yə alternativ olmadığını, bilavasitə Xalq Cəbhəsinin özü olduğunu deyib. R. Becanovun sözlərinə görə, AXCP-də olan vəziyyət, Əli Kərimlinin qurduğu siyasət, onun demokratiyaya qarşı formalaşmış nifrəti bu məsələnin aktuallaşmasına səbəb oldu: "AXCP-dən zorla uzaqlaşdırılanlar, təşkilatdan dışlanmaq təhlükəsi ilə üzləşənlər, Əli Kərimlinin sədrliyinə etiraz edənlər, ümumiyyətlə 20 illik bir müddətdə Xalq Cəbhəsində onun yaratdığı anti-demokratik ab-hava bizim belə bir təşəbbüslə çıxış etməyimizə ehtiyac yaratdı. Addımın atılmasından sonra AXCP-də yaranmış narahatılıq bizim üçün yoxdu. Əks tərəfdə müəyyən narahatlıq və narazılıqlar olacaq, bu labüd idi və davam da edəcək. Təbii ki, gündən-günə AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinə qoşulmaq üçün AXCP-dən müraciətlərin sayı çoxalır. Avqustun 20-də Xalq Cəbhəsinin aparıcı üzvləri bizə qoşulmaq üçün müraciət etdilər. Artıq onlar öz mövqelərini müəyyənləşdiriblər. Bu proses davamlı olacaq. Çünki, onlar bu günədək AXCP-də Əli Kərimlinin başçılığı ilə aparılan siyasəti qəbul etmirlər. Buna görə də, proses kütləvi və geniş xarakter alacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00