“Ərdoğan erkən seçkiləri udacaq”

Elşən Musayev: “Baxçalı və Kılıçdaroğlu ilə koalisiya hökuməti yaratmaq mümkün deyildi”

"Erkən seçkilərdə Ərdoğanın qələbəsi şəksizdir". Türkiyənin siyasi həyatında baş verənlər barədə "Olaylar"a danışan politoloq Elşən Musayev belə deyib. E. Musayev qeyd edib ki, Türkiyə və Azərbaycan siyasətinin iki paralel cəhəti var: "Birincisi, hər iki dövlətdə müxalifətin uğur qazana bilməməsidir. İkincisi, siyasətdə lider çatışmazlığıdır. 80 milyonluq Türkiyədə onillər boyunca bir lider olaraq, Ərdoğan yetişib. Fakt odur ki, Ərdoğan son illər Türkiyə siyasətinin yetişdirdiyi ən möhtəşəm liderdir. Dövlət Baxçalı və Kılıçdaroğlu ilə koalisiya yaratmaq olmaz. Bunu Ərdoğanın özü də başa düşür. Ərdoğan prosesə müdaxilə etmədən danışıqları baş nazirə həvalə etdi. Qarşılıqlı anlaşma şəraitində danışıqlar keçirildi. Ümumiyyətlə Türkiyə elə dövlətdir ki, orada 3-4 partiya ilə koalisiya hökuməti qurmaq olmaz. Qurulsa belə bu hökumət 3-4 aydan o tərəfə keçməz. Bir xətdən idarə olunan dövlətçilik metodu Türkiyə üçün uyğundur. Eyni zamanda bir çox dövlətlər üçün presedent keçərlidir. Türk vətəndaşında da dəyişikliyə qarşı bir eyforiya olub. Türkiyədə son illərdə hökuməti ən çox Ərdoğan saxlayıb. Tansu Çillərdən bu yana 5 illik hakimiyyət səddini aşan olmayıb. Həmişə çox kəskin fərqlə seçkiləri uduzublar. Ərdoğan Türkiyə üçün yeganə nümunədir. O, Atatürkdən sonra türk cəmiyyətinin yetişdirdiyi ən ciddi siyasi xadimdir. Kılıçdaroğlu onunla heç vaxt bacara bilməz. Hərçənd ki, onlar Atatürk ideologiyası ilə üzə çıxmağa çalışırlar, özlərinə yer etmək istəyirlər. Biz əvvəldən koalisiyanın baş tutmayacağını, Türkiyənin erkən seçkilərə gedəcəyinə əmin idik. Gözləntilərimiz də doğruldu. Burada bir uduş var ki, o da yenə AKP-nin üzərindədir. Meydan boş qaldıqca AKP-nin yeri göründü. AKP-yə təbii ehtiyac yarandı. Bu anlaşılmazlıq, xaos hakim partiyanın xeyrinə işlədi. Erkən seçkilərdə Ərdoğanın qələbəsi şəksizdir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00