“AXCP uçurumun dibinə düşdü”

Elşən Musayev: “Artıq cəbhəçilər Əli Kərimlinin yalnış siyasətinə dözmürlər və açıq formada fikir bildirməyə başlayıblar”

Əli Kərimlinin AXCP-də yaratdığı anti-demokratik vəziyyətə etiraz olaraq avqustun 19-da keçmiş sədr müavini Razi Nurullayevin liderliyi ilə AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini təşkil edən cəbhəçilər AXCP-nin idarəçiliyində təşəbbüsü Əli Kərimlidən alacaqlarını elan etdilər. Keçmiş partiya funksionerləri bunun üçün hüquqi yollara baş vuracaqlarını da açıqladılar. R. Nurullayevin təşəbbüsünün sözügedən partiyaya təsirləri barədə "Olaylar"a danışan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, AXCP-nin bu günəcən gözlə görülən formada bir neçə yerə parçalandığını vurğulayıb. AXCP-nin uçurumun dibində olduğunu deyən E. Musayevin sözlərinə görə, ömrü boyu AXCP əziyyətini çəkən insanlar bu gün Əli Kərimlinin "Domokl qılıncı"nı əlində tutmuş olduğu gilyotinə tuş gəliblər: "İnsanların keçmiş fəaliyyəti, əqidəsi, getdiyi yol qiymətləndirilmir. Yalnız burada iki adam - Əli Kərimli və Fuad Qəhrəmanlı məsələləri diktə edirlər. Nə var ki, əllərində möhür var, nizamnamə bunlardadı və AXCP adını illər boyunca mənimsəyiblər. Uzun illər Razi Nurullayev kimi bir çox insan partiya idarəçiliyinin Əli Kərimlidən alınması barədə düşünüblər. Siyasi mühitdə qarışıqlıq yaranmasın deyəmi, yaxud öz xislətlərindən gələn bir məsələ olubmu, hər nə olubsa, bu məsələnin üzərindən səthi keçilib. AXCP-də bu gün real cəbhəçilərdən heç kəs qalmayıb. Elçibəyin üst-üstə 15 müavin və müşaviri olub. Bunların heç biri bu gün partiyada yoxdu. Qarşı tərəf iddia edir ki, bunlar satılıblar, xəyanətkardırlar. Hamı birdən satıla bilməz axı! Bunu demək, əslində Elçibəy siyasətini, onun özünü inkar etməkdir. Burada söhbət insanların AXCP-dən yox, Əli Kərimlidən inciməsindən gedir, söhbət hansısa ideoloji xəttin imtinasından yox, Əli Kərimlidən imtinadan gedir. Artıq cəbhəçilər Əli Kərimlinin yalnış siyasətinə dözmürlər və açıq formada fikir bildirməyə başlayıblar. Razi Nurullayev də həmin kütlənin başında gedən öncüllərdən biridir. Bir fakt var ki, AXCP adı Əli Kərimlinin haqqı deyil. Odur ki, sədrə qarşı başlamış prosesdə ədalət zəfər çalacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00