AXCP yeniləşir

Narazılar fövqəladə qurultay keçirəcək, Əli Kərimli sədrlikdən uzaqlaşdırılacaq

AXCP sədrinin sabiq müavini Razi Nurullayevin başçılıq etdiyi bir qrup sabiq cəbhəçi partiyanın fövqəladə qurultayına hazırlaşır. Onlar qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıblar. Quruma Razi Nurullayev rəhbərlik edir. Təşkilat komitəsinin təsis yığıncağında tanınmış AXCP fəallarından Rafiq Daşdəmirli, Səbuhi Əliyev, Ehtiram Mehdiyev, Rəfael Becanov, Vəli Xramçaylı, Cavid Musazadə, Ələddin Kəsəmənli, Teymur Kərim, Fəxri Abduləzimov və başqaları iştirak ediblər.  Adları çəkilən şəxslərin əksəriyyəti partiyadan uzaqlaşdırılmış şəxslərdir. Onları Əli Kərimlinin şəxsi maraqlarına xidmət etmədikləri üçün partiyadan çıxarıblar.  Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaranması Əli Kərimli tərəfdarlarını qəzəbləndirib. İki gündür ki, sosial şəbəkələrdə Razi Nurullayevə və fövqəladə qurultay keçirmək istəyən cəbhəçilərə qarşı qara piar aparılır. Kərimli tərəfdarları  təsis yığıncağında iştirak edənləri "satqın", "xain" adlandırır, ən sərt ifadələrlə aşağılayırlar. Əslində isə burada qeyri-adi heç nə yoxdur. Əli Kərimli və rəhbərlik etdiyi qrup 1995-ci ildən AXCP-ni ələ keçirib. Əli Kərimli faktiki olaraq 20 ildir sədrdir. AXCP qurultaya hazırlaşır və yəqin ki, Kərimli növbəti dəfə yenə sədr seçiləcək. Partiyada yaranmış avtoritar atmosfer cəbhəçiləri hiddətləndirib. Onlar demokratik mühitin yaradılmasını, sədrin dəyişilməsini, gənclərin önə çıxarılmasını tələb edirlər. Əli Kərimli tərəfdarlarını narahat edən əsas məsələ partiyanın qurultay ərəfəsi bu cür problemlə üzləşməsidir. Üstəlik, narazıların söylədiklərinin əksəriyyəti doğrudur. Partiyadan gənclərin önü kəsilib. Bunu bu günlərdə partiyadan istefa vermiş Əli Kərimlinin ən yaxın adamlarından biri olmuş Əbülfəz Qurbanlının açıqlamaları da sübut edir. Əli Kərimlinin qara piar maşını Əbülfəz Qurbanlını qarşısında nədən susdu? Çünki adam haqlı idi. İndi oxşar tələbləri Razi Nurullayev tərəfdarları səsləndirir.
Kərimli tərəfdarlarını qəzəbləndirən üçüncü faktor Razi Nurullayevdir. Bu adam AXCP sədrinin müavini olub. İntellektual səviyyəsinə görə Kərimli komandasında hər kəsdən üstün olmuş bu şəxsin yaxşı beynəlxalq əlaqələri var.  AXCP mətbəxinin bütün sirrlərinə vaqif olan Razi Nurullayev Əli Kərimli üçün ciddi təhlükə sayılır.
Əli Kərimli tərəfdarlarını qəzəbləndirən daha bir faktor təcrübəli cəbhəçi Rafael Becanovun Təşkilat Komitəsində olmasıdır. Əli Kərimlinin adamları onun haqqında "heç zaman AXCP-də olmayıb" ifadəsini işlədirlər. Ancaq Rafael Becanov Əli Kərimlidən də çox AXCP-yə, Elçibəy ideyalarına bağlı biri olub. Əli Kərimli AXCP-də qruplaşma yaradıb "Yurd"a rəhbərlik edəndə Rafael Becanov Elçibəyin ən sadiq tərəfdarlarından biri olmuşdu.
  Bir sıra analitiklər Razi Nurullayevin AXCP-nin adı uğrunda mübarizədə ciddi uğur qazana bilməyəcəyini söyləyirlər. Bu fikri onunla əsaslandırırlar ki, Nurullayevin sosial bazası yoxdur. Ancaq buna əks arqumentlər də var. 2000-ci ildə AXCP bölünəndə cəbhəçilərin 90 faizi Mirmahmud ağa ilə getmişdi. Ancaq Əli Kərimli 10 faizlə AXCP-nin rəsmi təmsilçiliyini qoruyub saxlaya bildi. Razi Nurullayev də narazı cəbhəçilərin gücü ilə partiyanın rəsmi təmsilçiliyini ələ ala bilər. Yaxın günlərdə narazı cəbhəçilərin bəyanatla çıxış edərək fövqəladə qurultay keçirmək istəyən cəbhəçilərə qoşulacağı gözlənilir. Bu sırada ünlü simalar da olacaq.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00