Azərbaycan ATƏT-də məhkəmə qərarlarını siyasiləşdirmək cəhdlərini pisləyib
20 Avqust 2015 12:41 SiyasətAzərbaycanın ATƏT yanında Daimi nümayəndəliyi ölkəmizdə insan haqlarının durumu ilə bağlı ABŞ, Avropa İttifaqı, Kanada və Norveç təmsilçilərinin səsləndirdikləri tənqidlərlə bağlı bəyanat verib. "Olaylar" xəbər verir ki, qeyd edilən ölkələrin nümayəndələri ATƏT Daimi Şurasının 19 avqustda keçirilən xüsusi iclasında çıxış ediblər. Daimi nümayəndəliyin bəyanatda ABŞ, Avropa İttifaqı, Kanada və Norveçin Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı iddialarının düzgün olmadığı, bu cür halların ölkələr arasında ikitərəfli münasibətləri zəiflətdiyi vurğulanıb: "Azərbaycan ölkədə ayrı-ayrı fərdlərə qarşı aparılan cinayət işlərinin bilərəkdən siyasiləşdirilməsi və məhkəmə proseslərini təhrif etmək cəhdlərini qınayır. Azərbaycan ABŞ, Avropa İttifaqı və ona üzv olan dövlətləri, Kanada və Norveçi Azərbaycandakı məhkəmə sisteminin qərarlarına hörmət etməyə və cari hüquqi proseslərə müdaxilə etməməyə çağırır. Hesab edirik ki, bəzi anonim beynəlxalq missiyalar tərəfindən məhkəmələr barəsində irəli sürülən iddialar qüsurludur və məhkəmə sisteminə təzyiq xarakteri daşıyır". Bəyanatda o da vurğulanıb ki, Azərbaycanda bütün vətəndaşlar qanun qarşısında bərabərdir və fəaliyyətlərinə görə bərabər məsuliyyət daşıyırlar, bundan başqa, insan hüquqları müdafiəçisi və ya jurnalist olmaq heç kəsi qanun qarşısında məsuliyyətdən azad etmir. Əks təqdirdə bu qanunsuzluq olardı ki, bu da Azərbaycan üçün qəbuledilməzdir: "Təəssüf doğuran məqam odur ki, insan hüquqlarının müdafiəsi məsələsindən "5-ci kolon"un yaradılması və cəmiyyətdəki stabilliyin pozulması üçün sui-istifadə olunur. İnsan hüquqlarının müdafiəsinin biznesə çevrilməsi və ondan əldə olunan gəlirlərin şəxsi bank hesablarına köçürülməsi narahatlıq doğurur. Azərbaycana çirkli pulların yuyulması və digər qeyri-qanuni maliyyə əməliyyatlarının qarşısını almaq üçün effektiv sistem qurmağa yardım etmiş bu dövlətlərin indi hökumətin şübhəli maliyyə köçürmələri, o cümlədən, vergidən yayınma cinayətləri üzrə apardığı işləri qınaması anlaşılmazdır. Ona görə də, biz bu qərəzli yanaşmanı rədd edirik". Azərbaycan ABŞ, Avropa İttifaqı, Kanada, və Norveçi 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə, onların doğma torpaqlarına qayıtması və əmlakları üzərində hüquqlarının bərpa edilməsi məsələsində eyni həssaslığı göstərməyə çağırıb: "Biz bu hökumətləri Kəlbəcər rayonunda əsir götürülmüş, işgəncə və vəhşi rəftara məruz qalmış, üzərilərində qeyri-qanuni məhkəmə prosesləri keçirilərək barələrində müvafiq olaraq ömürlük və 22 illik həbs cəzası çıxarılan iki azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə də prinsipial yanaşmağa çağırırıq. Təəssüf ki, ABŞ, Avropa İttifaqı, Kanada, Norveç biz bu məsələni Daimi Şurada qaldıranda daim səssiz qalıblar". Sənəddə qeyd edilir ki, Azərbaycan cəmiyyəti üçün bu nümayəndə heyətlərinin belə mövqe sərgiləməsi iki standartların bariz nümunəsidir.