AXCP parçalandı: narazı cəbhəçilər Əli Kərimlinin istefasını tələb etdilər

Razi Nurullayev: “Təmsilçiliyin bizə verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik”

Partiyadan zorakı yollarla uzaqlaşdırılan və ya istefaya vadar edilən, narazı olan cəbhəçilər Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdırılmasına etiraz əlaməti olaraq bir araya gəlib yeni təşkilatda birləşdilər. Bununla əlaqədar avqustun 19-da yeni yaradılan siyasi təşkilatın təqdimatı olub. Tədbiri giriş sözü ilə açan AXCP sədrinin keçmiş müavini Razi Nurullayev çıxışında Azərbaycanda ciddi müxalifət probleminin olmasını diqqətə çatdırıb. O, hazırkı müxalifətin keçən illə ərzində heç nə ilə yadda qalmadığını bildirib: "Bu formatı dəyişmək üçün biz keçmiş cəbhəçilər bir araya gəldik. Biz AXCP adına iddia edirik və bu partiyada olan bütün cəbhəçiləri öz ətrafımızda toplayacağımıza inanırıq". Razi Nurullayev artıq bununla bağlı cəbhəçilərlə danışıqların başladığını deyib. Ya Əli Kərimli tutduğu postu tərk edəcək, ya sıravi üzv kimi qalacaq, ya da biz təmsilçilik uğrunda mübarizə aparacağıq. Təmsilçiliyin bizə verilməsi üçün hüquqi yollara baş vuracağıq, Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Biz uzun illər uğrunda mübarizə apardığımız əsl AXCP-ni bərqərar edirik". Razi Nurullayev Əli Kərimlinin AXCP-də dözülməz diktatura rejimi yaratdığını diqqətə çatdırıb. O, eyni zamanda Əli Kərimlini agentlikdə ittiham edib: "Biz cəbhəçilər çağırış edirik ki, Əli Kərimli və onun tərəfdarları partiyadan getsin. Və partiya yenidən demokratik düşüncəli insanlarla qurulsun". Razi Nurullayev Əli Kərimlidən təmsilçiliyi alanadək mübarizəni davam etdirəcəklərini açıqlayıb.

Keçmiş cəbhəçi Ehtiram Mehdiyev tədbirdə yeni yaradılmış AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin bəyanatını səsləndirib. Bəyanatda narazı cəbhəçilər adından deyilir:

"Bizi zor gücünə partiyadan uzaqlaşdırmaq və bir şəxsin əsassız ambisiyalarının qurbanı etmək olmaz. Çünki biz bu partiya və bu amal üçün bütün şüurlu həyatımızı həsr etmiş və cəbhəçi kimi ən ağır məhrumiyyətlərə düçar olmuşuq. Vətəni, milləti sevmək kimi şərəfli bir həyat yolu keçən cəbhəçiləri indi kimsə öz şəxsi maraqlarını həyata keçirmək üçün müxtəlif yollarla partiyadan xaric edir. Həmin şəxslər haqsız və alçaqcasına ləkələnir. Onların təmənnasız və fədakar mübarizə yollarına kölgə salınır. Artıq bütün bu rəzalətə dözmək və bunları sadəcə müşahidə etmək mümkün deyildir. Buna imkan vermək də onların dəyirmanına su tökməkdir. Son çıxış yolumuz, bir nəfərə qulluq edən AXCP-ni əsl və səmimi sahiblərinə qaytarmaqdır. Məqsədimiz AXCP-ni sağlamlaşdırmaq və orada daxili demokratiyanı bərpa etmək, indiyə kimi oradan qanunsuz və əsassız qovulanların və ləkələnənlərin hüquqlarını bərpa edib partiyaya qaytarmaqdır. Biz heç də ikinci AXCP yaratmırıq. Əsl cəbhəçilərin bu AXCP-də toplanacağına əminik. Hər kəsi - hüququ pozulanları, qanunsuz və mənəviyyatsızcasına ləkələnənləri, Elçibəy və Rəsulzadə ideyalarının daşıyıcılarını sıralarımıza dəvət edirik. Biz əsl AXCP-ni qaytaracağıq. Biz birbaşa olaraq Əli Kərimlinin diktəsi və istəyi ilə qanunsuz olaraq partiyadan uzaqlaşdırılmışıq. Hüquqlarımızı bərpa edib partiyaya dönəcəyik. O zaman artıq iki AXCP-yə ehtiyac qalmayacaq. Bu zaman Əbülfəz Elçibəyin də ruhu şad olacaq. Biz partiyanı parçalamaq istəmədik. Biz adımızı dəyişdirib onlarla partiyanın sıralarına qoşulmaq istəmədik. AXCP var, sadəcə o qəsb edilib. Buna son qoyulmalıdır və biz buna sizlərlə birlikdə son qoyacağıq. Partiya könüllü şəkildə toplumun birləşdiyi bir qurumdur. Partiya kiminsə inhisarında olan, Məhdud Məsuliyyətli Cəmiyyət deyil. İllərimiz itir, gənclərimiz küçələrdə qocalır və həbsxanalarda həyatları məhv olur, lakin Əli Kərimlinin övladları xaricdə bahalı universitetlərdə təhsil alır və dəbdəbəli həyat yaşayırlar. Əli Kərimli bəzi xarici qüvvələrin əlində oyuncağa çevrilərək milli və partiya maraqlarını da vicdansızcasına satmaqla məşğuldur. Bu kimi şəxslər uzun müddət səmimi cəbhəçiləri aldatmış və bununla da xalqa və ümumi dəyərlərimizə xəyanət etmişlər. Hesab edirik ki, bütün cəbhəçilərin iştirakı ilə etimad qurultayı çağırılmalı, əsl AXCP-nin qayəsi və mahiyyəti özünə qaytarılmalı, partiya yenidən təşkil olunaraq özünə yeni rəhbərlik seçməlidir. Bununla bərabər, AXCP-nin nizamnaməsi dəyişdirlməlidir. Sədrin qeyri-məhdud səlahiyyətləri məhdudlaşdırılmalı və seçkili orqanların səlahiyyətləri artırılmalıdır. Əlavə olaraq, sədrlik müddəti iki dəfəyə məhdudlaşdırılmalıdır. Bu demokratiyanın tələbidir". Tədbirdə çıxış edən keçmiş cəbhəçilər - Rafiq Daşdəmirli, Vəli Xramçaylı, Ələddin Kəsəmənli, Teymur Kərim, Rəfail Becanov, Səbuhi Əliyev və digərləri AXCP sədri Əli Kərimlinin partiyada yaratdığı diktatura rejiminə etiraz ediblər və qurum daxilində olan narazılıqlar barədə danışıblar. 

Mənsur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00