Lyuks Simpkins: “Çox əminəm, noyabrın 1-də müşahidəçilər görəcəklər ki, seçkilər ədalətlidir və alternativ siyasi fikirlərə meydan verilib”
19 Avqust 2015 14:22 SiyasətAvstraliya parlamentinin üzvü, Avstraliya Liberal Partiyasından deputat, Avstraliya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Lyuk Simpkins Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatasında çıxış edib. L.Simpkins çıxışında parlamentarilərə Azərbaycan barədə məlumat verib, Avstriya, Azərbaycan əlaqələrinin inkişaf potensialından danışıb. Qeyd edib ki, bu yaxınlarda parlamentimiz Avstraliya-Azərbaycan parlament dostluq qrupunu təsis edib və mən çox məmnunam ki, hökumətin partiya fraksiya katibi yeni yaranmış bu dostluq qrupuna rəhbərlik etmək xahişimi təsdiq etdi. Azərbaycan Respublikası əksər avstraliyalıların tanıdığı ölkə deyil. Bu ölkə Cənubi Qafqazda yerləşir, şimalda Rusiya ilə, qərbdə Gürcüstan, Ermənistan və Türkiyə ilə, cənubda İranla, şərqdə isə Xəzər dənizi ilə həmsərhəddir. Azərbaycan Xəzərdəki böyük neft-qaz ehtiyatlarına görə yüksək iqtisadi artıma nail olub. Ölkə iqtisadiyyatı xeyli dərəcədə neft və qaz hasilatından asılı olsa da, neftin aşağı qiymətinin yaratdığı çağırışları nəzərə alaraq Azərbaycan öz iqtisadiyyatını şaxələndirmək yollarını arayır. Neft ixracına gəlincə, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri Bakıdan başlayaraq Gürcüstandan keçməklə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına kimi 1770 km uzanır. Ceyhanda neft tankerlərə yüklənir və Avropaya daşınır. Ötən ilin sentyabrında BP Cənub Qaz Dəhlizini tikməyə başlayıb. 2019-cu ilə kimi bu dəhliz Şahdəniz yatağının resurslarını Türkiyə vasitəsilə Avropaya qovuşduracaq. Azərbaycanın paytaxtı çox müasir və inkişaf etmiş Bakı şəhəridir. Ölkə dağlıq ərazidədir, Qafqaz kimi tanınan regionda yerləşir və əhalisi təxminən 9,5 milyon nəfərdir. Azərbaycan yenidən müstəqillik əldə edərək Sovet İttifaqından ayrıldıqdan sonra 26 dekabr 1991-ci ildə Avstraliya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Diplomatik əlaqələrimiz Ankaradakı səfirlik vasitəsilə həyata keçirilir. Azərbaycan 2013-cü ilin iyununda Avstraliyada səfirlik açmışdır və mən paytaxt Kanberrada fəaliyyət göstərən səfir Rövşən Cəmşidovun və onun işçilərinin səylərini alqışlayıram: "Bu yaxınlarda Azərbaycana səfər etmək imkanım oldu. Maraqlı səfər idi. Bakı olduqca müasir və xoş təsir bağışlayan şəhərdir. Ölkənin özü aydın şəkildə fəaliyyətdə olan demokratiyanın çox yaxşı nümunəsidir və orada müxtəlif dinlərə, hətta etnik azlıqlara böyük hörmət vardır. Şübhəsiz, biz ölkənin yerləşdiyi coğrafi məkanı və nəticədə ortaya çıxan çağırışları da nəzərə almalıyıq. Şimalda Rusiya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrindən narazıdır. Cənubda isə İran şiə islam ölkəsi olsa da, dinə riayət edilməsi istiqamətində çox fərqli fikirlərə malikdir və tez-tez öz fikirlərini bildirir. Qərbdə Ermənistan Rusiyanın yaxın müttəfiqidir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsini qanunsuz işğal etmişdir". O, əlavə edib ki, bu ərazi mürəkkəb geosiyasi landşaftdır. Belə şəraitdə azərbaycanlıların işlək demokratiyanı qurduqları yol və Azərbaycanın müxtəlif dini etiqadlara böyük hörmət bəsləyən tolerant ölkə olması əslində regionun digər ölkələrinə nümunə olmalıdır: "Azərbaycan Respublikası şiə islam ölkəsidir. Lakin Qubada yəhudi sinaqoquna baş çəkmək, hər kəsə qorxmadan və təqib olunmadan öz dini etiqadına uyğun ibadət etməyə imkan verən kilsələri və məscidləri görmək maraqlı idi. Orada ikən yəhudilərlə ailə qurmuş bir neçə müsəlmanla görüşdüm. Həmçinin, Ermənistanla davam edən münaqişəyə baxmayaraq, erməni mənşəli insanlarla da (metislərlə) görüşdüm və gördüm ki, heç bir problem yoxdur". O, deputatlara Azərbaycanın ev ahibliyi etdiyi beynəlxalq tədbirlər barədə də məlumat verib: "Bu il Azərbaycan Bakıda birinci Avropa oyunlarına ev sahibliyi etdi, bir neçə il əvvəl isə Avroviziya mahnı müsabiqəsi Bakıda keçirilmişdi. Onları reallaşdırmaqla Azərbaycan möhtəşəm bir ölkə olaraq uğurunu nümayiş etdirdi və biz bu məsələləri etiraf etməliyik. 2015-ci ilin noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcəkdir. Bu zaman Azərbaycan demokratiyasının vəziyyəti qiymətləndirilə bilər. Mən çox əminəm, müşahidəçilər görəcəklər ki, seçkilər ədalətlidir və alternativ siyasi fikirlərə meydan verilib. Məncə, dünya Azərbaycana dair obyektiv olmalıdır. Bəli, ölkəyə tənqidi yanaşın, lakin həm də qəbul etməyə hazır olun ki, öz qonşuları ilə müqayisədə və faktiki olaraq dünyadakı ölkələrin əksəriyyəti ilə müqayisədə Azərbaycan müasir və sabit bir ölkədir. Bu, iqtisadi və siyasi uğurdur. Dini hüquqların və azlıqların hüquqlarının qorunduğu yerdə yaxşı demokratiya olur".
Alim