Əli Əhmədov: “Partiyamız bütün gücünü, resurslarını səfərbər edib”

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şirvan bölgəsi üzrə   rayon şöbələrinin  qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, İsmayıllı şəhərində keçirilən müşavirədə YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı, Göyçay, Şamaxı, Ağsu, Qobustan, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayon şöbələrinin üzvləri iştirak ediblər.

Müşavirədə  çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli  Əhmədov Yeni Azərbaycan Partiyasının Milli Məclisə keçiriləcək növbəti seçkilərə ciddi şəkildə hazırlaşdığını bildirib. Əli Əhmədov qeyd edib ki, bütün seçkilərdə olduğu kimi bu dəfə də partiyamız bütün gücünü, resurslarını səfərbər edib. Onun sözlərinə görə, YAP-ın yerli strukturları, partiyanın fəalları seçkilərə hazırlıq prosesinə cəlb olunublar.
YAP Sədrinin müavini deyib ki, seçkilərdə inamlı qələbənin qazanılmasının əsas şərtlərindən biri də səmərəli seçki kampaniyasının təşkil olunmasıdır. Bundan əvvəlki seçkilərdə də partiyanın bu prinsipə sadiq qaldığını deyən Əli Əhmədov YAP-ın böyük, güclü insani potensialının da seçkilərdə uğur qazanılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00