Qərbdən Suriyaya: İŞİD-in qara libası AXCP-nin düşüncə rəngi kimi
Onlar Əli Kərimlinin gözləri ilə baxdıqları qatığı belə qara görürlər
18 Avqust 2015 16:47 SiyasətAXCP sədri Əli Kərimlinin əmisi oğlu, partiya funksioneri İnqilab Kərimovun İŞİD terror qruplaşmasını Azərbaycana dəvət edən fikirlər səsləndirməsi ətrafında başlanan müzakirələr davam edir. Sosial media və mətbuatda gedən müzakirələrdə Kərimovun yaramaz hərəkətinə qarşı sərt təpkilər var. Həmişə "hüquqi dövlət və demokratiya" uğrunda mübarizə apardığını bildirən AXCP funksionerinin düşüncə olaraq, partiyanın siyasi rəqibləri ilə yanaşı bütöv bir dövləti, xalqı İŞİD-in qanlı bıçağının ağzına verməsi əxlaqsızlıq hesab edilir. Xalqın dəstəyindən tamamilə məhrum olmuş partiyanın sonda öz cığallığını ən tərbiyəsiz və aqressiv formada büruzə verəcəyi əslində gözlənilən idi. Digər yandan KXCP-nin keçmiş üzvü Elman Türkoğlu tərəfindən Əli Kərimlinin Xalq Cəbhəsinin mərhum lideri Əbülfəz Elçibəyi zəhərləməsi ittihamını nəzərə alsaq, AXCP tərəfdarlarının İŞİD-in terror bıçağına son ümid közərtisi kimi baxması təəccüblü olmamalıdır. Əli Kərimlinin bu günədək Elçibəyin timsalında, AXCP daxilində özünün şəxsi maraqlarına zidd gələn partiyadaşlarını ən əxlaqsız formada şərləyərək qurumdan uzaqlaşdırması faktını da unutmaq lazım deyil. Nəticədə potensial (ehtiyat) cəbhəçi yoxluğu sindromundan əziyyət çəkən Əli Kərimli Azərbaycanın siyasi hakimiyyəti ilə apardığı mübarizədə qalib gəlməyin yollarını ölkə xaricində axtarmağa başladı. Getdiyi bu yol onu okeanın o tayından bu tayına sürüdü, nəhayət aparıb Yaxın Şərqdə İŞİD-in qucağına atdı. Bağdadinin qucağında özünə isti yer tapacağının mümkünsüz olmasını bilən sədr bununla tamamilə tükənmiş siyasi potensial və fiziki enerjisini reabilitasiya etmək niyyətindədir. AXCP sədri də İŞİD lideri kimi maraqlarını həyata keçirmək üçün ən axırıncı yola baş vurur. Bağdadi rəqiblərini zərərsizləşdirmək üçün qatı açılmamış edamlara üz tutsa da, Kərimlinin belə imkanları məhduddur. Lakin, AXCP sədrinin "qaşınmayan yerdən qan çıxarmaq" şakəri də mahiyyət etibarilə onun İŞİD liderindən fərqlənmədiyini göstərir.
Əli Kərimlinin təhqirlərinə dözmək məcburiyyətindədirlər
İŞİD-çilərin qara libası cəbhəçilərin düşüncələrinə hopub. Onlar Əli Kərimlinin gözləri ilə baxdıqları qatığı belə qara görürlər. Elçibəyin partiyadan getməsilə AXCP-ni hər şeyin üzərinə narahat halda yeriyən zombi yığnağına çevirən Əli Kərimli, tərəfdarlarının şəxsi həyatlarına belə qarışaraq onların iplərini öz əllərində yığdı. Yəni, sözümüz odur ki, İnqilab Kərimov oturduğu yerdən qəflətən qalxıb İŞİD-i Azərbaycana dəvət etməz. Sədrin durduğu yerdə quş belə boş yerə havada uçmur. Hər iş planlı və Əli Kərimlinin maraqları dairəsində işlənilir, həyata keçirilir. Bir çox hallarda AXCP-nin tanınmış simaları Jirinovksi kimi ağabatan fikirlər səsləndirməsələr də, bu da Kərimlinin beynində olan fikirlərin dillərə yansıması kimi qəbul edilir. Bir neçə ay əvvəl AXCP-dən istefa verən sədr müavini Razi Nurullayev bu barədə kifayət qədər dəlillər ortaya qoydu. Nurullayev net formada bu günədək mediada Əli Kərimli haqda dərc olunan tənqidi materiallarda istifadə olunan iddia və faktların tamamilə doğru olmasına diqqət çəkdi. Yəni, AXCP-nin partiya bileti olan hər kəs mənəvi və fiziki olaraq Əli Kərimlinin boyunduruğu altında olur. Xüsusilə bu biletin gələcəkdə Avropadan sığınacaq almaq üçün "vacib sənəd" olmasını nəzərə alsaq, cəbhəçilər sədrin ən təhqiramiz hərəkətlərinə boyun əymək məcburiyyətindədirlər. Digər yandan partiya sıralarına qəbul etdiyi şəxslərin yanında "çepe" buraxmaq məcburiyyətində qoyan Əli Kərimli sonradan bunu AXCP-də özünə qarşı çıxanların üzlərinə sillə kimi çırpır. İŞİD-dən könüllü, yaxud gizli yolla qaçmağın edam olması kimi AXCP sıralarını da yalnız Əli Kərimlinin iradəsiylə tərk etmək olar. Belə bir adamdan yaralı barmağa bint olmaz.
Ömər Zamin