"Bunların hamısını asmaq lazımdır" yazır birisi.
Başqa birisi isə buyurur: "Bax belə yerdə deyirlər ki, tüpürüm sizin anlamaz, qammaz jurnalist sifətinizə". Mən buradan kiminsə anlamaz, "qammaz" (yəqin, dəvə kimi tüpürcəyini daim hazır saxlayan adam bu sözlə "qanmaz" kəlməsini qəsd edib) sifətinə tüpürmək niyyətində deyiləm.
Zatən mənəviyyatın simasındakı tüpürcəklərin qoyduğu ləkələr tüpürülmüş üzdən fərqli olaraq, silinmir.
Ümumiyyətlə, lütfən, bu tüpürcək məsələsini həmin əxlaq və mədəniyyət yiyələrinin öhdəsinə buraxmaq istəyirəm.
Çünki iyrənc məqamdır. Gerçəkdən.
AXCP sədri Əli Kərimlinin yaxın qohumları arasında ağıllılar da var, radikallar da, mötədillər də, cəsarətlilər də, qorxaqlar da.
Hamımızda olduğu kimi.

Fəqət, Əli Kərimlini hamımızdan fərqləndirən iki məqam var.
Bir məqam odur ki, o, qohumlarının psevdosiyasi fəaliyyətinə tam nəzarət edir və onları şəraitdən asılı olaraq ya aktivləşdirir, ya da əlverişli məqam yarananadək süstləşdirib gözləmə mövqeyinə keçirir.
İkinci məqam da budur ki, Əli Kərimlinin qohumları arasında İnqilab Kərimov adlı bir zat var.
Fransaya mühacirət edəndən sonra adındakı "i" hərfindən birini sosial şəbəkədə itirən və "İnqlab" olan Kərimov maraqlı fərddir.
Facebook-dakı səhifəsində özü barədə məlumatlar bölməsində İ.Kərimov "İş yeri" bölməsində "AXCP-də əsgər", "Təhsil" bölməsində isə "AXCP Universitetində mitinqlərdə döyülmək" yazıb.
Bakını tərk edərək Fransada məskunlaşan, Nant şəhərində yaşayan İnqilab Kərimov sosial şəbəkələrdə aqressiv yazıları ilə tanınırdı. Bu yazılarında o, AXCP-ni tərk edənləri "xəyanətkar" adlandırır, sonra da təhqir edir, aşağılayırdı.
AXCP sədrinin qohumu hirsində və qəzəbində elə vəcdə gəlirdi ki, "xəyanətkar"ın özü ilə yanaşı, ailə üzvlərini, qohumlarını da küçə sözlərinə tuş edirdi.
Yaxın qohumu Əli Kərimlini tənqid edənləri düşmən sayan bu adam yazışmalarında hədd tanımasa da, bu dəfə efemer olan həmin "hədd"ləri də keçib və Azərbaycanda terrora çağırışlar edib.
İ.Kərimov avqustun 15-də Facebook səhifəsində yazıb: ""İŞİD heç də hər adamın başını kəsmir... İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir... İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir... Və düşünürəm ki, düz də edir... Azərbaycana XOŞ gəlirsən, İŞİD..."

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatında pənah arayan, terrorçuların əməllərinə haqq qazandıran əvvəllər İnqilab, indisə "İnqlab" olan Kərimovun yazdığından görünür ki, o, Azərbaycandakı hakimiyyətlə bahəm, müxalifətə də düşmən kəsilib.
O, hər birimizin başının kəsilməsinə də razıdır - təki AXCP sədri Əli Kərimli tənqid olunmasın, onun siyasi "lider" qismində fəaliyyəti müzakirə mövzusuna dönməsin və ən nəhayət, AXCP-də yaşanan deqradasiya, tənəzzül, geriləmə məhz "möhtərəm Sədr Bəy"in yarıtmaz, bəlkə də yaramaz əməllərinin səbəbi olması barədə gerçəklər üzə çıxmasın.
İnqilab Kərimov onun "İŞİD-ə dəvət" statusu barədə yazı yazmış jurnalistlərə öz aləmində sərt cavab verərək əxlaqını, mənəviyyatını ortaya qoyub və "Bax belə yerdə deyirlər ki, tüpürüm sizin anlamaz, qammaz jurnalist sifətinizə" yazıb.
AXCP-nin radikallıqda az qala maniakal psixoz halına gəlmiş digər "əsgər"i, çox yəqin ki, "mitinqlərdə döyülmək" peşəsinin yiyəsi olduğunu fəxrlə vurğulayan və ya imkan düşərsə, qürrələnərək vurğulayası Həsən Səftərli adlı bir başqa fərdsə "Bunların hamısını asmaq lazımdır" yazır.
_inqlab_kerimov_2015-08-17_13-24-40.png)
Əgər bu yazılanlar AXCP rəhbərliyinin dünyagörüşündə, şüurunda və əqlində demokratiya, azad fikirdirsə, onda əxlaqsızlıq, tərbiyəsizlik nədir?
Bu, mənəvi məsələdir və üstündən keçək, çünki yaşı 50-ni adlamış insanların davranışlarındakı qüsurlardan bəhs edərək onların islahına ümid etmək, bəlkə də ən mənasız cəhdlərdən biridir.
Məna, yəqin ki, İnqilab Kərimovun İŞİD-lə bağlı fikirlərindədir - hər halda AXCP sədrinin əmisi oğlunun iki gün əvvəl yazdığı status hələ də onun Facebook səhifəsində qalıbsa və Əli Kərimlinin öz yan-yörəsindəki adamlara, ətrafındakı "silahdaş"larına olan nəzarət səviyyəsini nəzərə alsaq, görünən budur ki, AXCP sədri ya əmisi oğlunun affektiv çıxışından xəbərsizdir, ya da ki, bu mövqeyə laqeyd yanaşır.

Azərbaycana İŞİD-i "dəvət" edən, baş kəsilməsini və edamları arzulayan insanın əməlindəki cinayət tərkibinin olub-olmamasını, bu statusa yazılan şərhlər arasında bir şəxsin "Ümid edirəm ki, nə dediyinizin fərqindəsiniz" sözlərinə İnqilab-İnqlab Kərimovun şəstlə və qürurla "Fərqindəyəm!" yazması ciddi məsələdir.
Olay Avropanın müxtəlif ölkələrinə sığınaraq siyasi mühacir statusu alan və özlərini "AXCP əsgəri" adlandıranların gerçək simalarını aşkarlamaqla yanaşı, AXCP sədri Əli Kərimlinin lideri olduğu təşkilata faktiki olaraq nəzarət etmədiyini göstərir.
Facebook-da çoxsaylı saxta profillər yaradaraq Əli Kərimlinin səhifəsində yazılan hər yazını "like yağışı"na tutmaq, fərqli fikir söyləyənləri və ya "Möhtəşəm Əli Bəy"i tənqid edənləri təhqirlərə tuş etmək, daha sonra "haydı-hoydu" statuslar yazaraq "Biz gəlirik!" xülyasını səsləndirmək absurd təsiri bağışlasa da, indiki şəraitdə virtual yaşamda özlərini normal hiss edən, əslindəsə natamamlıq kompleksinin daşıyıcısı olan adamların məşğuliyyəti sayıla bilər.
Fəqət AXCP "əsgəri" olduğunu deyən adam nə məqsədlə və ya məna ilə olursa-olsun, "Azərbaycana XOŞ gəlirsən, İŞİD..." yazırsa, dünyanın ən mənhus terror təşkilatının günahsız insanları edam etməsinə haqq qazandırırsa, diri-diri yandırılan, başları kəsilən, güllələnən, damlardan atılan, zorlanan, partladılan qurbanları "günahkar" deyib onlara əhkam kəsirsə - bu adam ya sözlərinə və əməllərinə cavabdeh olmayan, psixomotor funksiyalarında ciddi problemlər, sinir-əsəb sistemində fəsadlar yaranmış pasiyentdir, ya da nə etdiyini və nə etdiyini gözəl bilən, məqsədli şəkildə provokasiya yaratmağa can atan hiyləgər fərddir.
Hər iki halda İnqilab Kərimovun sözləri AXCP-nin demokratiya çağırışlarının başına düşən daş, Əli Kərimlinin guya Qərbə meyllənmiş siyasətinin qapılarını bərkdən çırpan və hətta yerindən oynadan zərbədir.
Səbəblər çoxdur.
Kim təminat verə bilər ki, AXCP üzvü olan və hazırda Avropa ölkələrində mühacirətdə olanların arasında İnqilab Kərimov kimi düşünənlər yoxdur? Belə təminat ilğım təsiri bağışlayır.
Kim deyə bilər ki, Əli Kərimli əmisi oğlunun bu sözlərindən xəbərsizdir? Təbii, Əli Kərimli belə deyəcək, amma onun sözlərinə inanmaq çətin olacaq. Çox çətin.
Kim bilməsə də, Əli Kərimliyə bələd olanlar bilirlər ki, AXCP sədri siyasiləşmiş qohumlarının və siyasətdən guya kənar duranların Facebook-dakı zəhmətkeşliklərinə ciddi nəzarət edir: saxta qadın profillərini yazmıram, eldən ayıbdır.
Və kim bilməsə də, Əli Kərimli yaxşı bilir ki, Milli Şuranın mitinqlərindən birində İŞİD bayrağının peyda olmasında hakimiyyətin əli yoxdur. Həmin degenerat izhara görə kimlər tənqid olundu, kimlərə söyüldü, hətta kimlərə yumruq atıldı - bunu "AXCP əsgərləri" əla bilirlər.

Fransaya gedəndən sonra adının "i"lərindən birini ixtisara salaraq avropalaşdığını göstərən İnqilab Kərimovun İŞİD-ə dəvətini "maskanın cırılması" və ya "əsl simanın göstərilməsi" də adlandırmaq olardı.
Amma etmirəm.
Çünki İnqilab Kərimov kimilərinin maska daşımağa ehtiyacı yoxdur.
Özü maskaya çevrilmiş adamın başqa maskaya nə ehtiyacı olasıdır ki.
Hə, o ki qaldı İŞİD-in tərifinə və onun Azərbaycanda vəhşiliklər etmək arzusuna - təəccüblənməyin.
AXCP-də həyatının illərini keçirmiş adamlar bilirlər: "Hakimiyyətə gəlmək üçün İblislə də tərəfdaş olarıq" ifadəsi məhz bu təşkilatın "nurlu sima"larından birinə məxsusdur.
İnqilab Kərimov kimi İŞİD fanatı isə sadəcə, həmin simanın kölgəsidir.
Bu qədər bəsit, bəylər...
Orxan Hun
MilliAz