AXCP və Müsavat üçün xilas resepti
Azsaylı qüvvələr birləşdirilməsə, ənənəvi müxalifət siyasi səhnədən silinəcək
17 Avqust 2015 14:30 SiyasətParlament seçkilərinə 3 ay qalsa da, müxalifət düşərgəsində səssizlik hökm sürür. Öncəki illərin siyasi fəallığı yoxdur. Bunun bir səbəbi ənənəvi müxalifətin sosial bazasının dağılmasıdırsa, digər səbəbi kiçik elektorata malik olsalar da ciddi siyasi rəqabət aparan AXCP ilə Müsavatın birləşə bilməmələridir. Hələ də bu partiyalar ölməmiş ayının dərisi uğrunda mənasız savaş aparırlar. MÖVQE savaşı deyilən ifadənin özü doğru deyil. Söhbət hansı mövqedən gedir? MÖVQE odur ki, bir qüvvə orada möhkəmlənib və durduğu yer çox etibarlı, güclüdür. Bu günlərdə AXCP-dən istefa vermiş bir cəbhəçi fəalın dedikləri müxalifət liderlərini düşündürməlidir. Sabiq cəbhəçi deyir ki, AXCP-nin Qərb bölgəsində cəmi 2-3 təmsilçisi var. AXCP-ni ölkənin ikinci şəhəri Gəncədə 2-3 nəfər təmsil edirsə, "ana müxalifət", "real müxalifət" anlayışları olduqca gülünc görünür.
Müsavatda baş verən hadisələr müxalifəti bir az da zəiflədib. Onsuz da seyrəlmiş partiya elektoratı bir az da dağılıb. Müsavatdan ayrılıb gedənlərin (Qubad İbadoğlu tərəfdarlarından söhbət gedir-müll.) hələ müxalifətçi platformada qalacaqları bəlli deyil. Çünki bir ilə yaxındır Müsavatdan ayrılmış, uzaqlaşdırılmış bu adamların konkret hədəfi bəlli deyil. Onların işi-gücü Arif Hacılının fəaliyyətini təftiş etmək, yeni başqanı tənqid etməkdir. Əslində Arif Hacılı da bu aylar ərzində ciddi mesajlar verə, özünü müxalifət lideri kimi təqdim edə bilmədi. Müsavat başqanının yeganə pozitiv mesajı parlament seçkilərində iştirakın vacib olduğunu bildirməsidir. Fikrimizcə, bu, cəmiyyətin siyasi cəhətdən aktivləşməsinə səbəb ola bilər. Eyni mesajları AXCP və Milli Şura tərəfindən eşitmirik. AXCP birmənalı şəkildə boykota köklənib. AXCP təmsilçiləri dəfələrlə bildiriblər ki, parlament seçkilərini boykot edəcəklər. Bu günlərdə açıqlama verən Milli Şura sədri "şərait olarsa" seçkidə iştirak edəcəyini bildirib. Cəmil Həsənlinin bu açıqlaması məqsədlidir. Milli Şura sədri bu açıqlama ilə AXCP-nin təsiri altında olmadığını, müstəqil siyasət yürütdüyünü göstərməyə çalışır. AXCP seçkini boykot edəcəksə, deməli, Milli Şura da seçkilərdə iştirak etməyəcək. Seçkini boykot özünü "əsil müxalifət" adlandıran siyasi qruplara fayda verməyəcək. AXCP və Milli Şura üçün ən doğru olanı Müsavatla (Əli Kərimlinin şərti yerinə yetirilib:Rauf Arifoğlu Müsavatdan gedib) anlaşmaq, azsaylı qüvvələri birləşdirmək və ənənəvi müxalifətin varlığını qoruyub saxlamaqdır. AXCP Müsavatla qüvvələri birləşdirib parlament seçkilərində iştirak etsə, bu, 2018-ci il prezident seçkiləri üçün də bir məşq, hazırlıq olar. Birlik alınmasa, parlament seçkiləri boykot edilsə, qarşıdakı 3 il ərzində ənənəvi müxalifətin durumu daha da pisləşəcək. Elektorat tamam dağılacaq, AXCP-nin siyasi vitrinində qalan adamların əksəriyyəti mühacirət edəcəklər.
Ərhun