"Müxalif düşərgədə gənclərin önə çıxmasından qorxurlar"

Emin Məmmədli: “İllərdir nəyə nail olmusuz? Hansı haqla partiya sədrliklərindən ikiəlli yapışmısınız?”

Müsavat Partiyasının sonuncu qurultayı və qurultaydan sonra partiyada yaşananlar bir sıra müsavatçıların partiyadakı postundan uzaqlaşması ilə nəticələndi. Daha doğrusu yeni rəhbərliyin fəaliyyətsizliyi və bacarıqsızlığını tənqid edənlər xəyanətkar adı altında Müsavat rəhbərliyindən, seçki orqanlardan kənarlaşdırıldı. Yeni rəhbərliyin hədəfində olanlardan biri də partiyanın Divan üzvü və qurultayda başqanlığa namizədliyini irəli sürmüş Tural Abbaslı idi. Uzun illər can qoyduğu Müsavatda haqsızlıqla üzləşməsi, Divan üzvlüyündən çıxarılması Tural Abbaslını heç də yolundan döndərmədi və o,  alternativ planlar üzərində düşünməyə başladı. Beləliklə, Tural Abbaslı bir qrup fəal gənclə birlikdə keçən ay "Ağ blok" adlı yeni siyasi blok yaratdı.  Blok təsis edilərkən onun məqsədi barədə mətbuata açıqlama verən təsisçilər bildirdilər ki,  təşkilatın məqsədi müxtəlif partiyalarda təmsil olunan, lakin həmin təşkilatlarda yetərincə dəstəklənməyən gənclərin parlament seçkilərində birgə iştirakını təmin etməkdir. Lakin "Ağ blok"un yaradılması heç də müxalif düşərgə tərəfindən müsbət qarşılanmadı. Müsavat Partiyası və onun rəhbərliyi tərəfindən qısqanclıqla qarşılanan "Ağ blok" çox keçmədən digər siyasi dairələr tərəfindən də hədəfə alındı. Hər halda ayrı-ayrı partiya sədrlərinin mətbuata verdiyi açıqlamalarda bunu aydın görmək mümkündür. Elə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da bu günlərdə mətbuata verdiyi açıqlamada "Ağ blok"un ünvanına daş atıb. Demokratların sədri belə bir blokun yaradılmasının yalnış olduğunu bildirib: "Çünki siyasi partiyaların gənclər təşkilatı partiyanın qərarlarına uymağa borcludur. Onların öz partiyalarından çıxıb kənarda blok yaradıb, seçkiyə getmələrini heç cür anlaya bilmirəm. Bu nə deməkdir? Onlar "Müsavat"ın liderləri ilə alternativ olacaqlar. Bu əslində siyasi təşkilatların seçkilərdə iştirakının perspektivini aşağı endirir. Bu majoritar qaydada partiyaların seçkilərdə rolunun azaldılması deməkdir. Hər kəs seçkidə siyasi təşkilatların vasitəsilə təmsil olunmalıdır. Fərdi qaydada təmsilçiliklə uzağa getmək olmaz. Bu, cəmiyyətə heç bir xeyir gətirmir". Maraqlıdır, "Ağ blok"un yaradılması müxalifət düşərgəsini hansı səbəbdən narahat edir və szügedən blokun təsisçiləri onlara qarşı olan hücumları necə dəyərləndirirlər? "Ağ blok"un üzvlərindən olan Emin Məmmədli də bəzi partiyaların təmsil olunduqları blokla bağlı narahatçılıqlarının başadüşülən olmadığını deyib: "Müxalifət düşərgəsi niyə qorxuya düşüb? Adam bir xeyir-dua verər. Yoxsa az qalırsız fala, caduya gedib bəxt bağlatdırasınız. İllərdir nəyə nail olmusuz? Hansı haqla partiya sədrliklərindən iki əlli yapışmısınız? Bunun hesabını verin". Emin Məmmədli hesab edir ki, müxalifətdəki bəzi siyasilər gənclərin önə çıxaraq onları əvəz edə biləcəyindən ehtiyatlanırlar: "Siz nədən qorxursunuz? Xalqda günahın olmadığını, özünüzün qara günlü olduğunuzu yaxın tarix göstərəcək. Onda necə cavab verəcəksiniz?". Emin Məmmədli bildirib ki, blokun təsisçisi Tural Abbaslının dediyi kimi "Ağ blok"un rəqibi iqtidardır: "İllərlə çiyin-çiyinə mübarizə apardığımız müxalifətin bu cür davranması isə iyrənclikdir. Bilirlər ki, Tural Abbaslı çox səmimi mübarizə aparır, keçmişi təmiz, gələcəyi parlaqdır. Həmçinin onun nəticəyə çatacaq qabiliyyətdə perspektivi var. Ona görə də yeni qüvvə kimi bizlərin meyadan çıxmasını istəmirlər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00