Beynəlxalq təşkilatlar jurnalistin ölümünü siyasiləşdirməyə çəhd edirlər
Deputat: “İnsan qanı üzərində ucuz siyasət qurmaq cəhdinə heç bir ad verilə bilməz”
11 Avqust 2015 14:49 SiyasətAnti-Azərbaycan qüvvələrini özündə cəmləşdirən beynəlxalq təşkilatların əlinə yenə fürsət düşüb-ölkədə döyülərək fiziki xəsarət yetirilən jurnalist dünyasını dəyişib. Azərbaycanı tənqid etmək, insan hüquqları ilə bağlı dezinformasiyaları qabartmaq, mediaya basqı ilə əlaqədar uydurma ittihamlar irəli sürmək və hətta lazım gələrsə təzyiq elementlərinin işə salınması üçün yeni imkan yaranıb. Elə bu fürsət özünü çox gözlətmədi. Artıq Avropa Şurasının Baş Katibi Torbyorn Yaqland jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar açıqlama verib. Təbii ki, həmişə olduğu kimi cənab Baş Katibin fikirləri baş verən olaya obyektiv yanaşma yox, hadisəni siyasiləşdirməyə hesablanıb. Təbii ki, Azərbaycan ictimaiyyəti jurnalistin qətlini təqdir etmir, əksinə baş verən hadisəni pisləyərək günahkarın ən sərt formada cəzalandırılmasını tələb edir. Məlumat üçün qeyd edək ki, ölkədə bunun üçün siyasi iradə də mövcuddur. Hadisəyə Azərbaycan prezidentinin dərhal reaksiya verməsi, günahkarın tez bir zamanda tapılaraq istintaqa cəlb edilməsi, obyektiv istintaq tədbirlərinin həyata keçirilməsi üçün hüquq mühafizə orqanlarına tapşırıq verməsi mövcud siyasi iradənin təzahürü kimi qiymətləndirilməlidir. Çünki Rasim Əliyevin ölümündə günahkar olanlar nəinki jurnalistin həyatına, həmçinin ən müqəddəs varlıq olan insan həyatına, Azərbaycan vətəndaşlarının azadlıqlarının təmin edilməsindən ibarət olan siyasətinə qəsd ediblər. Onu da qeyd edək ki, Azərbaycanda daim azad sözə, müstəqil mətbuata tolerant münasibət olub. Təsadüfi deyil ki, dövlət başçısı bu faktı söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqilliyinə təhlükə kimi qiymətləndirib. Azərbaycan Prezidenti bəyan edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir: "Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir". Həmçinin Azərbaycanda müstəqil mətbuata nə qədər önəm verilməsi, onun inkişafı məqsədilə dövlət büdcəsindən vəsaitin ayrılması, azad söz, fikir plüralizminin bərqərar olması üçün atılan addımlar göz qabağındadır. Belə bir şəraitdə beynəlxalq təşkilatlar tərəfindən jurnalistin ölümünün siyasiləşdirilməsi heç şübhəsiz ki, Azərbaycana qarşı qərəzin davam etməsindən xəbər verir. AŞ PA rəsmisinin açıqlamasından bəlli olur ki, "dünya siyasətinə meydan oxuyan şəxs" jurnalistlə bağlı baş vermiş faktın mahiyyətinə, hüquq-mühafizə orqanlarının həyata keçirdikləri istintaq əməliyyat tədbirlərinə və ən nəhayət dövlətin fakta münasibətinin fərqinə varmayaraq birtərəfli qaydada açıqlama verməyi özünə rəva bilib. Əslində baş verənlər adi bir kriminal hadisə kimi də qiymətləndirilə bilərdi. Hansı ki, özünü demokratik adlandıran heç bir ölkə belə halların baş verməsindən sığortalanmayıb. Lakin ölkə rəhbərinin mövqeyi baş verən olayın ədalətli şəkildə araşdırılaraq günahkarın layiqli cəzalanacağını istisna etmir.
Yeri gəlmişkən qeyd edək ki, Avropa Şurasının Baş Katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar açıqlamasına Xarici İşlər Nazirliyi də münasibət bildirib. Millət vəkili Musa Qasımlı isə bildirib ki, dünyanın heç bir ölkəsində jurnalistə Azərbaycandakı qədər qayğı göstərilmir: "Onlara dövlət tərəfindən mənzillər verilir, qəzet redaksiyalarına Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Şurasının xətti ilə yardımlar edilir. Ölkədə senzura yoxdur. Jurnalist öz fəaliyyətində tam sərbəstdir. Qələm sahiblərinə "bunu yaz, onu yazma, belə yazma, elə yaz" deyən yoxdur. Kim nəyi və necə istəyirsə, elə də yazır". M.Qasımlı deyib ki, bəzilərinin bu hadisədən məhdud siyasi məqsədləri naminə istifadə etmək cəhdləri yolverilməz, rüsvayçılıq , milli adət-ənənələrimizə və mərhumun ailəsinə hörmətsizlikdir. Deputat bildirib ki, insan qanı üzərində ucuz siyasət qurmaq cəhdinə heç bir ad da verilə bilməz.
Alim