Prezident mətbuatla münasibətdə məmurlara bir nümunə kimi həmişə öndədir
11 Avqust 2015 12:54 SiyasətAvqustun 8-də Ann.az saytının əməkdaşı jurnalist Rasim Əliyev Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da vəfat edib. Məsələyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal münasibət bildirib. Dövlət başçısı bu olayı söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqilliyinə təhlükə kimi qiymətləndirib. Prezident qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir: "Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir".
Hüquqşünas Habil İsgəndərli qeyd edib ki, jurnalist Rasim Əliyevin ölümü ilə nəticələnən döyülməsi qəbuledilməz olmaqla yanaşı, hər kəsdə təəssüf hissi doğuran hadisədir. Birmənalı olaraq qeyd etmək lazımdır ki, qanunun aliliyi, insan hüquq və azadlıqlarının dövlət tərəfindən təminat altına alındığı hüquqi dövlətdə "münasibətlərin zor vasitəsilə aydınlaşdırılması" yolverilməzdir. Eyni zamanda, bu hadisəyə hər bir cəmiyyətdə baş verə biləcək kriminal olay kimi də baxmaq olar. Bütün cəmiyyətlərdə hər gün yüzlərlə kriminal hadisə baş verir, insanlar zorakılığa, şiddətə məruz qalır, döyülür, təhqir olunur, öldürülür. Təbii ki, jurnalistin az-çox tanınan bir futbolçu haqqında sosial şəbəkədə yazdığı fikirlərinə görə öldürülməsi sıradan bir hadisə deyil. Bu, gənc jurnalistin həyatını itirməsi kimi dəhşətli hadisə, mərhumun doğmalarının hələ soyumayan ağrı-acısı ilə müşayiət olunmaqla bərabər, hələ də sosial münasibətlərin cəmiyyətin arzusuna, dövlətin istəyinə və məqsədinə uyğun formalaşmadığından xəbər verir: "Azərbaycan dövlətinin cəmiyyətin liberallaşması və özünütənzimləmə vasitələrinin inkişafına nə qədər dəstək verməsi göz qabağındadır. Bəzən mətbuatın ifrat azadlığını, fikir sərbəstliyinin hüdudsuzluğunu tələb edənlər cəmiyyətin özünün bu cür mexanizmlərə hələ tam hazır olmadığının fərqində olmurlar. Deməli, razılaşmaq lazımdır ki, bizim cəmiyyətdə sərbəst fikirliliyə tam nail olmaq üçün mətbuatla yanaşı, cəmiyyət institutlarını, ayrı-ayrı insan qruplarını, peşə sahiblərini də adekvat münasibətə hazırlamaq lazımdır". Onun sözlərinə görə, hər kəs mətbuat azadlığından danışarkən yalnız məmurlarla münasibətlərin tənzimlənməsi önə çəkilir. Lakin bu gün məmurların mətbuata qarşı münasibətlərinin adekvatlığının şahidiyik: "Qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyev mətbuatla münasibətdə məmurlara bir nümunə, bir etalon kimi həmişə öndədir. İstər tənqidə dözümlülük, istərsə də jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsində, o cümlədən, ölkə rəhbəri kimi mətbuata diqqət və qayğı göstərilməsində cənab Prezident çox musbət və səmərəli şəxsi nümunə göstərir. Məhz bu nümunənin nəticəsidir ki, bu gün demək olar ki, Azərbaycanda məmurlarla mətbuat nümayəndələri arasında münasibətlərdə gərginlik çox aşağı həddə düşüb. Xüsusən, yüksək vəzifəli məmurlar tərəfindən mətbuata və jurnalistlərə qarşı təzyiq kimi qiymətləndirilə biləcək münasibət aradan qalxıb. Ancaq təəssüf ki, ayrı-ayrı tanınmış şəxslər - iş adamları, şou-biznes nümayəndələri və idmançılar, ümumən, ictimaiyyətdə tanınmış və ya özünü "məşhur" hesab edənlərin arasında mətbuata, jurnalistlərə qarşı, yumşaq desək, kobud, saymazyana, təhqiredici münasibət, zorakılıq və təzyiq göstərənlər olur. Çox təəssüf ki, bu cür münasibətin sonu da kriminalla, ölümlə nəticələndi. Yenə də qeyd etmək lazımdır ki, cəmiyyətin bütün həssas məqamlarında olduğu kimi, bu faciəvi məsələdə də Prezident İlham Əliyevin mövqeyi diqqəti cəlb edir. Əslində, bu hadisəyə şəxslər arasında kriminal hadisə kimi də baxmaq olardı. Yəni, burada söhbət mətbuata təzyiqdən-filan getmir. Sosial şəbəkədə hər kəs öz fikrini bildirir və bu mənada jurnalist Rasim Əliyevin yerində başqa bir şəxs də ola bilərdi. Lakin yenə də R.Əliyevin mətbuat nümayəndəsi olmasına görə Prezident İlham Əliyevin xüsusi narahatlıq keçirməsi və öz köməkçisi vasitəsilə bunu cəmiyyətə çatdırması diqqətçəkən məqamdır. Doğrudur, cənab İ.Əliyev "hər bir azərbaycanlının prezidentidir". Lakin burada biz dövlət başçısının jurnalistə, mətbuata, fikir azadlığına xüsusi əhəmiyyət, qiymət verdiyinin şahidi oluruq. Bu münasibət bütün cəmiyyətə - istər yüksək vəzifəli məmurlar olsun, istər tanınmış idmançı, sənətçi və s., istərsə də sıravi vətəndaş - nümunə olmalıdır. Prezident İ.Əliyevin jurnalistin ölümünə bu cür həssas yanaşması, həm də hadisənin obyektiv araşdırılması və təqsirkarların layiqli cəzalarını alacaqlarına təminat verir. Bunu artıq hüquq-mühafizə orqanlarının ilk günlərdə gördüyü tədbirlərdən, göstərdikləri davranışlardan da görmək olur. Əlbəttə, tənqidin də həddi, sərhədi olmalıdır, təhqirə heç bir vaxt yol vermək, haqq qazandırmaq olmaz. Eyni zamanda, hadisənin mahiyyətindən asılı olmayaraq, jurnalistin fikrinə, sözünə görə cəzalandırılması faktı var. Cənab Prezidentin məsələyə münasibəti isə məhz bir daha əminlik yaradır ki, Azərbaycan dövlətinin rəhbəri hər bir vətəndaşının yanında olmaqla bərabər, jurnalistlərə olan hər cür zorakılığı, təzyiqi şiddətlə qınayır və buna qarşı qanunun bütün gücü ilə tədbirlər görülür".
Alim