Ermənistan böyük sülh sazişindən niyə yayınır? - XİN
21 Mart 2015 11:43 Siyasət"Ermənistan rəhbərliyinin və Xarici İşlər nazirinin son günlərdə münaqişə ilə əlaqədar etdiyi çıxışlar kifayət dərəcədə aqressiv xarakter daşıyır və bunlar bilavasitə böyük sülh sazişi üzərində işə başlamaqdan yayınmağa xidmət edən addımlardır".Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın Dağlıq Qarabağ münaqişəsi çərçivəsində böyük sülh sazişi üzərində işləmək üçün işçi qrupunun yaradılması təklifindən imtina etməsinə münasibət bildirərkən deyib. O, bunu Ermənistanın növbəti təxribatçı addımı kimi qiymətləndirib:"Ermənistanın bu kimi təxribatçı fəaliyyəti 2014-cü ildən etibarən şiddətlənməyə doğru gedərək daha da güclənib. Bu da ondan irəli gəlir ki, Ermənistan böyük sülh sazişindən bu və ya digər formada yayınmaq üçün müxtəlif bəhanələr artırır. Bu, istər siyasi, istərsə də hərbi sahədə özünü göstərir. Hazırda ATƏT Minsk Qrupunun həmsədrləri ilə danışıqlar prosesi davam etdirilir. Həmsədrlər regiona səfər edir və Azərbaycan tərəfindən məsələlərə münasibət bildirilib. Sonrasında isə həmsədrlər tərəfindən Ermənistana da səfər edilib. Gündəmdə olan əsas məsələ hazırda böyük sülh sazişi və bundan irəli gələrək işçi qrupunun yaradılmasıdır. Azərbaycan razılıq verdiyi halda Ermənistan tərəfi buna etirazını bildirib. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan tərəfi ilə bu istiqamətdə fəaliyyətlərini daha ardıcıl surətdə davam etdirməlidir. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistana münasibətdə məcburedici və vadaredici tədbirlər nəzərdən keçirilməlidir. Görünür, bu mexanizm işə düşməli və bununla bağlı atılacaq addımlar daha da gücləndirilməlidir".