ADR qurucularını Müsavatda sevmirlər
Qarşı duran tərəflər söz atışmasına keçdi, narazıların liderləri partiyadan çıxarıla bilər
5 Fevral 2015 13:42 SiyasətMüsavat partiyasında AXCP-dəki 2000-ci il sindromu yaşanır. Bu günə qədər proses sakit axarı ilə davam edirdisə, artıq qarşı duran tərəflər söz atışmasına çıxıblar. Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı ilə başqanlığa sabiq namizəd Qubad İbadoğlu arasında qarşıdurma yaranıb. Soltanlı özünün facebook səhifəsində müsavatçılara və ictimaiyyətə xitabən artıq Qubad İbadoğlu məsələsinin partiyadaxili məsələ olmadığını, bu məsələnin partiyadaxili məsələ olmaqdan xeyli vaxtdır çıxdığını bildirib: "Faktiki olaraq Qubad müəllimin fəaliyyəti Müsavatda guya parçalanma var görüntüsü yaratmağa hesablanıb". Gənc başqan müavini İbadoğlunu sifariş icra etməkdə suçlandırıb. O, Q.İbadoğlunu "bu fəaliyyətdən, nifaqçılıqla məşğul olmaqdan əl çəkməyə çağırıb. Qubad İbadoğlu Səxavət Soltanlıya cavab versə də, onu ciddi fiqur saymadığını sezdirib. Bu Səxavəti daha da qəzəbləndirib, gənc başqan müavini "Doğulduğun rayon işğal olunanda 22 yaşın vardı, harda idin" sualını verib. Qeyd edib ki, həmin vaxt İsa Qəmbər və Arif Hacılı döyüş bölgəsində olsalar da, 22 yaşlı Qubad İbadoğlu cəbhə xəttində olmayıb.
Səxavət Soltanlının açıqlaması, onun mövqeyinin "Yeni Müsavat"da müdafiə olunması, Qubad İbadoğlunun sərt danışması bir neçə maraqlı nüansa aydınlıq gətirir. Rauf Arifoğlunun artıq tərəf tutduğunun şahidiyik. Onsuz da Vurğun Əyyubla gərgin münasibətlərdə olan, bir zamanlar sabiq birinci müavini 16 oktyabrda həbs olunmayıb evdə gizləndiyinə görə tənqid edən Rauf Arifolunun türmə yoldaşı Arif Hacılını müdafiə edəcəyi bəlli idi. Qəzetin və müsavat.com-un Səxavət Soltanlı-Qubad İbadoğlu söz atışmasında birincini açıq-aşkar dəstəkləməsi, ikincini aşağılayan ifadələr seçməsi diqqətdən qaçmamalıdır.
Narazıların fəallaşması heç şübhəsiz ki, ADR-in ideya müəllifi, baş ağsaqqalı Vurğun Əyyubun ortaya qəti mövqe qoyması ilə bağlıdır. Hər şey aşkar ortadadır: ADR-i yaradanların geriyə yolu yoxdur. Onlar Arif Hacılının rəhbərliyi altında qalmayacaqlar. Özlərinə partiya yaradırlar. İbadoğlunun son açıqlaması bunu bir daha təsdiq edir. S.Soltanlının açıqlaması isə ona işarədir ki, artıq İsa Qəmbərlə Arif Hacılı Qubad İbadoğlu və Vurğun Əyyubun partiyadan çıxarılmasına qərar verilib. Gənc başqan müavinin "ADR-in, Qubad İbadoğlunun fəaliyyətinin Müsavata aidiyyatı yoxdur" sözləri buna işarədir. Bu açıqlamanın ardınca sərt qərarlar gələ bilər. Yəqin ki, Müsavat Divanı yaxın günlərdə ADR qurucularının partiyadan çıxarılması ilə bağlı qərarlar verəcək. Bu isə qarşıdurmanın daha da dərinləşməsinə səbəb olacaq.
Zaur Sultanbud