İstefalar Müsavatda passivliyə səbəb olacaq
5 Fevral 2015 11:16 Siyasət"Partiyada baş verən istefaların kütləvi hal alacağına inanmıram. Çünki bir çox müsavatçılar həyatlarının 15-20 ilini bu partiyanın və ideologiyanın yolunda xərcləyib". Bu fikirləri "OLAYLAR"-a Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı partiyada baş verən istefalara münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, partiyada yaranmış bu günkü vəziyyət kütləvi istefalara səbəb olmasa da labüddür ki, kütləvi passivliyə gətirib çıxarsın: "Yəni sıravi müsavatçl səsini partiya daxilində eşitdirə bilməyəcəyini anlayanda etiraz əlaməti olaraq sadəcə prosseslərdən uzaqlaşacaq. Bu da partiyanın gücünün böyük hissəsinin itməsinə gətirib çıxaracaq". Tural Abbaslı onu da bildirib ki, Məmməd Zeynalov kimi siyasi çəkili fiqurların partiyadan getməsi istər istəməz partiyanı zəiflədəcək: "Çünki siyasi səhnədə vitrin çox önəmlidir və son zamanlar istefa verənlər əsasən bu kəsimin nümayəndələridir. Bu vəziyyətdən sadəcə bir çıxış yolu var "dialoq". Ritorika dəyişmədikcə heç bir müsbət dəyişikliklərin olacağına inanmıram".