Müsavatda parçalanma dərinləşir

KXCP-dən gələnlər partiyanı tərk edə bilər

Müsavat Partiyasında istefalar davam edir. Partiyanın  tanınmış simalarından daha bir nəfər partiya sıralarını tərk edib. Əbülfəz Elçibəy prezidentliyi dönəmində ədliyyə nazirinin müavini olmuş Məmməd Zeynalov Müsavatdan istefa verdiyi barədə açıqlama yayıb. O, Müsavat Partiyasının apardığı yarıtmaz siyasətə etiraz əlaməti olaraq Müsavat sıralarından istefa verdiyini bildirib: "Bu gündən etibarən siyasətlə məşğul olmayacağımı bəyan edirəm. Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa istənilən partiya funksioneri ilə debata hazıram". M.Zeynalov  Müsavat rəhbərliyinin apardığı siyasətə etiraz əlaməti olaraq partiyadan istefa verdiyini bildirib: "Bütün siyasi partiyalar özlərini təcrid edib, milli məfkurədən kənarda qalıb. Ancaq Müsavat Partiyasının nə etdiyi mənə məlum deyil. Bu, yarıtmaz siyasətdir. Mən artıq bundan sonra siyasətlə məşğul olmayacağam". M. Zeynalov tanıtımda qeyd olunduğu kimi istər AXCP-nin, istərsə də Müsavatın önəmli simalarından biri olub. AXCP parçalananda KXCP-yə, ordan isə Müsavata  transfer edib. Maraqlıdır ki, Məmməd müəllim o zaman KXCP-dən Müsavata  transfer edən  "Rəsulzadə-Elçibəy fraksiyası"nın üzvlərindən biri olub. Son kadr islahatlarında keçmiş fraksiyanın yalnız bir üzvü-Nüşabə Sadıxlı vəzifə alıb. Onun Müsavat Məclisinin sədri postuna gətiriblər. Qalanlar, o cümlədən sabiq Məclis sədri Arzu Səmədbəyli də kənarda qalıb. Ehtimal edilir ki, M.Zeynalovun ardınca, A.Səmədbəyli də Müsavatdan istefa verəcək. Onunla birgə Novella Cəfəroğlu, Almaz Əliqızı və digər kənarda qalmış fiqurların da Müsavatdan istefa verəcəyi gözlənilir. Maraqlıdır ki, Məmməd Zeynalov "partiyada baş verən hadisələrlə bağlı İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa hamı ilə danışmağa hazıram" deyib. M.Hacıbəylinin adı niyə çəkilir, bəllidir. Müsavatçılar Arif Hacılının qardaşını qeyri-ciddi şəxs hesab edirlər. İsa Qəmbərə gəlincə, görünür, sabiq başqanın özünü kənara çəkməsi müsavatçıları küsdürüb. Ya da İsa Qəmbərin birmənalı şəkildə Arif Hacılını dəstəkləməsi onların qəzəbləndirib.  Təcrübəli siyasətçi M.Zeynalovun Milli Şuraya xoş sözlər deməsi də diqqətdən qaçmır. Görünür, AXCP Müsavatdan çıxanlarla müntəzəm işləyir, onların bir şəkildə Milli Şuraya qatılmasına çalışır. Bu günlərdə İsa Qəmbərin sabiq müşaviri, Müsavat Milli Şuranı tərk edəndən sonra partiyadan istefa vermiş Yeganə Hacıyeva da fəallaşıb. Onun Qubad İbadoğlunun təşkilatı ilə təmasları artırması diqqətdən qaçmamalıdır. Böyük ehtimalla, AXCP Müsavatdakı narazı qanadlardan Qubad İbadoğlunun rəhbərlik etdiyi qurumu tanımaq istəyir. İstefa verənlərə də tövsüyyə ADR-ə, ya da Milli Şuraya qoşulmaqdır.

Daha maraqlı bir nüans son günlər Müsavatdan istefa verənlərin, o cümlədən, Qubad İbadoğlu tərəfdarlarının Arif Hacılı və komandasını fəalliyyətsizlikdə suçlandırmasıdır. Bunun ardınca, çox güman ki, Müsavatın loyal kursu da tənqid olunacaq, AXCP ilə əməkdaşlıq tələb ediləcək. Bunu edə bilsə, ADR və Qubad İbadoğlu Müsavatdakı qarşıdurmadan qalib çıxa biləcək. İstənilən halda, AXCP ADR ilə əməkdaşlıqda maraqlı görünür, Əli Kərimli 2000-ci ildəki qisasını almaq üçün Qubad İbadoğluna dəstək verə bilər.


Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00