Müxalifətin qaranlıq siyasəti

Ənənəvi olaraq hər seçki yaxınlaşdıqca müxalifət düşərgəsində birincilik uğrunda yeni bir savaş başlayır. Seçki ərəfəsində baş verən siyasi proseslərdə önə çıxmaq istəyən, özünü ana müxalifət hesab edən bir sıra partiyalar bu yolda onlara alternativ ola biləcək, sağlam rəqabətə qoşulmaq istəyən digər siyasilərə qarşı "qara piar"a əl atırlar. Müəyyən qism partiyalar isə ümumilikdə bu tendensiyanı tənqid edərək müxalifəti düzgün siyasət aparmamaqda ittiham edir. Elə bu səbəbdəndir ki, bu qəbildən olan partiyaların haqlı tənqidləri özünü müxalifətin lideri hesab edənlər tərəfindən normal qəbul edilmir. Bu günlərdə İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslının müxalifətin sağlam rəqabətə deyil, iqtidara qarşı savaş açmağa üstünlük verdiyini deməsi cəbhəçilər tərəfindən kəskin reaksiya ilə qarşılaşıb. Bir çox AXCP funksionerləri İDP-nin bu mövqeyini tənqid edərək bu kimi partiyaları qorxaqlıqda ittiham ediblər. İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı bildirib ki, düz sözə qarşı çıxmaq, reallığı qəbul etməmək bəzi müxalifət partiyalarının köhnə şakəridir: "Müxalifətin hədəfi tək İqtidarın getməsi olduqda, mübarizələrin nəticəsi elə indiki durumu kimi olar. Milli və dövlət maraqlarında müxalifət daha  səriştəli siyasət yürütsəydil, yəqin ki, bu qədər pərakəndə olmazdılar. Uzun müddət müxalifət düşərgəsinin möhtəşəm partiyaları kimi söz sahibi olan müxalifət liderlərinin siyasi manevrləri elə də ürəkaçan olmadığından, Milli Şura yaradıldı. Amma Milli Şuraya daşınanlar yenə də siyasi uğur qazana bilməyənlər oldular. Birləşmək əvəzinə, müxalifət daha da gərgin duruma düşdü. Elə partiyalar oldu ki, parçalandı, yarısı Milli Şurada, yarısı da digər qurumlarda fəaliyyət göstərdilər". Tahir Abbaslının sözlərinə görə,  Milli Şuraya müxalifətin təyinatlı Şurası demək daha məqsədəuyğun olardı: "Orta xətti tuta blən, heç bir partiyada olmayan, milli və dövlət təfəkküründə olan ziyalılar Milli Şuraya dəvət olunmadı. Vətəndaşlarımızın siyasi mariflənməsi, haqqı tanıyıb, haqqın tərəfində durması üçün hərəkət sistemi yaratmaq əvəzinə, siyasi partiyalar savaş meydanına çevrildi. Qaranlıq siyasət bu gün də davam edir. Bizlər yaxamızı heç vaxt kənara çəkməmişik". İDP sədri bildirib ki, siyasət və millətə xidmət etmək tək bu illər üçün nəzərdə tutulmayıb və Milli Şuradan ibarət deyil: "Gələcəyimizi düşünərək ciddi, səriştəli və məsuliyyətli addımlar atmağı özümüzə vəzifə borcu bilirik. Sadəcə bu aralarda kimlərinsə (güclərin) əlində kötək olub, kimlərinsə  basqı altında qalmasının tərəfdarı deyilik. Ölkəmizin, milli və dovlət problemlərimizin həllini istəyir, ölkə daxilində yeni cəbhə açılmasını məqsədəuyğun hesab etmirik. Təbii ki, cəmiyyət bizə müraciət edərsə sözümüzü deyib, əməllərimizlə sübut edə bilərik. İndiki halda isə ilk növbədə qarşılıqlı aqressiv ittihamlardan xilas olmalıyıq və müxalifət bir-birilərinə güzəşt etməyi bacarmalıdır. Hamının fikirlərini dinləyib, ən yaxşısını seçib ədalətli qərara gəlmək, bizlərdən səriştə istəyir. Millət və dövlət yolunda həbsxanaya düşmək və azad olmaq şərəfli hərəkətdir. Himnimizdə and da içirik ki, hər bir əziyyətlərə, zəhmətlərə qatlaşıb, canımızdan da keçməyə hazırıq. Gəlin şikayətçi olmayaq. Hər halda güclərin zəif ölkələrin taleləri ilə necə oyun oynadıqlarını görməmiş deyilik. Hətta son Suriya və Ukrayna hadisələri  bizlərə dərs olmamış kimi görünür. Hər halda millət və dövlət yolunda həbsxana həyatı, müstəqilliyimizi və olanlarımızın (dövlətimiz, milli-mənəvi dəyərlərimiz) əlimizdə qalmasını təmin edirsə və günahsız insanların qırılmasının qarşısını alırsa bunu facəyə çevirməməliyik. Əksinə şükür etmək lazımdır".

Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00