Müsavatdan daha bir istefa

Məmməd Zeynalov: "Müsavat Partiyasının nə etdiyi mənə məlum deyil. Bu, yarıtmaz siyasətdir"

Müsavat Partiyasının tanınmış simalarından daha bir nəfər partiya sıralarını tərk edib. Əbülfəz Elçibəy prezidentliyi dönəmində ədliyyə nazirinin müavini olmuş Məmməd Zeynalov özünün "Facebook" səhifəsində Müsavatdan istefa verdiyi barədə açıqlama yayıb. O, Müsavat Partiyasının apardığı yarıtmaz siyasətə etiraz əlaməti olaraq Musavat partiyası sıralarından istefa verdiyini bildirib: "Bu gündən etibarən siyasətlə məşğul olmayacağımı bəyan edirəm. Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa istənilən partiya funksioneri ilə debata hazıram". M.Zeynalov APA-ya açıqlamasında da Müsavat rəhbərliyinin apardığı siyasətə etiraz əlaməti olaraq partiyadan istefa verdiyini bildirib: "Bütün siyasi partiyalar özlərini təcrid edib, milli məfkurədən kənarda qalıb. Milli Şura pis-yaxşı nəsə edirdi. Ancaq Müsavat Partiyasının nə etdiyi mənə məlum deyil. Bu, yarıtmaz siyasətdir. Mən artıq bundan sonra siyasətlə məşğul olmayacağam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00