Vurğun Əyyubdan itaətsizliyə çağırış

Sabiq birinci müavin Divanı legitim qurum hesab etmir

Müsavat Divanında narazılara xəbərdarlığın edilməsi partiyada narazılıqla qarşılanıb. Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsisçilərindən biri Vurğun Əyyub buna etiraz edib. Mediaya açıqlamasında ADR-in ağsaqqalı kimi qəbul edilən Vurğun bəy

Müsavat Divanında Ellada Məmmədli və Qubad İbadoğluna qarşı sərgilənən davranışı belə şərh edib: "Ellada Məmmədliyə xəbərdarlıq ediblər! Müsavat Partiyasının qeyri-legitim strukturu bundan gülünc qərar verə bilməzdi. Azərbaycan Xalq Hərəkatında, Müsavat Partiyasında Ellada Məmmədlinin gördüyü faydalı işin ondan biri qədər fəaliyyəti olmayanlar onu cəzalandırmaq niyyətinə düşüblər. Müsavatın Divanını "divan" tutmaq mexanizminə çeviriblər". Qeyd edək ki, bundan öncə Hikmət Hacızadə də Müsavat Divanının cəza mexaniminə çevrilməsini kəskin tənqid etmiş, "Görün Müsavatı nə günə qoydular" deyə heyfsilənmişdi. Vurğun Əyyubun bu açıqlaması birbaşa ADR üzvlərinə mesaj sayıla bilər. Qubad İbadoğlu gəncdir. Ola bilsin ki, Divanın qərarı ona pis təsir etsin, mövqeyində sapma yaransın. Bu baxımdan V.Əyyubun açıqlaması psixoloji seans təsiri bağışlayır. Yəni, ağsaqqal müsavatçı deyir ki, narahat olmayın, sizə heç nə edə bilməzlər, işinizdə olun. İkincisi, Vurğun Əyyub Müsavatın qurultayında formalaşmış qurumları qeyri-legitim hesab edir. Onun  Müsavat Divanı haqqında "Müsavat Partiyasının qeyri-legitim strukturu" ifadəsini işlətməsi ciddi məsələdir. Belə çıxır ki, Vurğun Əyyub Divanı legitim qurum hesab etmir. Və onun açıqlaması narazı müsavatçıları itaətsizliyə çağırış kimi dəyərləndirilə bilər. Qeyd edək ki, 2000-ci ildə sonradan KXCP-ni yaratmış AXCP sədrinin 4 müavini də Əli Kərimlinin rəhbərlik etdiyi qurumları qeyri-legitim elan etmiş, cəbhəçiləri kütləvi itaətsizliyə çağırmışdılar.  İndi Müsavatda eyni durum yaranıb. Sabiq birinci müavin müsavatçıları itaətsizliyə dəvət edib.
Vurğun Əyyubun açıqlaması, Divanda xəbərdarlıq edilmiş Qadınlar Təşkilatının sədri Ellada Məmmədlini "əzabkeş" kimi təqdim etməyə çalışması partiyada əsəb müharibəsinin getdiyini göstərir. Tərəflər qarşı tərəfi daha sərt və qanunsuz addımlara sövq etmək istəyirlər. Arif Hacılı istəyir ki, narazılar daha irəli gedərək Nizamnaməni daha kobud şəkildə pozsunlar. ADR qurucuları isə Arif Hacılını özündən çıxarıb ciddi xətalara, daha sərt cəzalara sövq etmək istəyirlər. Hər iki tərəf ictimai rəydə daha ədalətli, doğru yolda olan kimi görünməyə çalışır. Ancaq bu məsələdə Arif Hacılı daha çətin durumdadır. Çünki narazıların itirəcək heç nələri qalmayıb. Onlar mümkün qədər Müsavatdan sosial baza qoparmağa çalışırlar. Arif Hacılı isə daha təmkinli davranmalıdır. İndi o, hesablamanı dəqiq aparmalıdır. Narazıları boş buraxmaq da olmaz. Vurğun Əyyub Məclis üzvü, Ellada Məmmədli isə Qadınlar Təşkilatının sədridir. Hər ikisi yerlərdə keçirilən ADR-in təsis yığıncaqlarında iştirak edir. Bu, əyalət müsavatçılarının düşüncələrində qeyri-müəyyənliyə gətirib çıxarır. Bunun qarşısını almaq üçün ADR toplantılarına qatılanlar cəzalandırılmalıdır. Ancaq sərt addımlar da ictimai rəydə narazılar haqqında "əzabkeş" obrazını yarada bilər. Vurğun Əyyub son açıqlamasında Arif Hacılını buna təhrik edib.  Sabiq birinci müavin istəyir ki, onu partiyadan çıxarsınlar. Bu halda o, müsavatçılara müraciət edib fövqəladə qurultay çağırılmasına cəhd edə bilər. Bu isə Arif Hacılıya əlavə problemlər yaradacaq. Bu baxımdan Müsavat rəhbərliyi bir müddət sərt cəzalardan çəkinməlidir.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00