AXCP-də Müsavatla barışıq rüzgarı
“Sülh göyərçinləri” fəallaşıb, seçkiyə qədər əməkdaşlıq sazişi imzalana bilər
3 Fevral 2015 14:13 SiyasətAXCP Müsavatla müttəfiqliyə yox deyib. Əli Kərimlinin Arif Hacılı ilə son görüşündə razılıq əldə olunmayıb. Çünki irəli sürülən şərtlərə Müsavat hazır deyil. Mətbuatdan gizlədilsə də, Əli Kərimli Arif Hacılının qarşısına "Rauf Arifoğlundan imtina edin, sonra müttəfiq olaq" şərtini qoyub. Arif Hacılı bu şərtə razılıq versəydi, bu, Müsavatın darmadağın olması ilə nəticələnə bilərdi. AXCP-də yaxşı bilirlər ki, indiki vəziyyətdə Arif Hacılı Rauf Arifoğlundan ayrıla bilməz. Bu, siyasi intihara bərabər addım olardı. Çünki Müsavat Rauf Arifoğlu ilə yolları ayırsa, baş yazar Qubad İbadoğlunu "əsil Müsavat" kimi tanıya bilər. Bir də ki Müsavat baş yazardan ayrılsa, Əli Kərimlinin özünün də Rauf Arifoğlu ilə əməkdaşlıq etməyəcəyinə təminat yoxdur. Siyasətdə daimi maraqlar prinsipi "Yurd" üçün həmişə prioritet olub. Bu baxımdan AXCP-dən hər şey gözləmək olar. Ancaq bir iş var ki, Arif Hacılı bu durumdan da çıxmalıdır. Rauf Arifoğlundan imtina etməsə belə, Qubad İbadoğlu ilə də eyni statusda qala bilməz. Müsavat AXCP ilə müttəfqilik əlaqələrini bərpa etməlidir. Müsavat Milli Şuraya qayıda bilməz. Çünki bu qurumdan çıxanda Müsavat mediası, müsavatçı fəallar bu qurumu Rusiyapərəst elan etmişdilər. Bu baxımdan yenidən quruma qayıtmaq olmaz. Ona görə də Müsavat funksionerləri ortaya başqa modellər qoymağa meyllidirlər. Son günlər Müsavat başqanının müavinləri AXCP ilə təmasları artırıb, bu partiyaya müxtəlif jestlər etməkdədirlər. Bu məsələdə xüsusilə Osman Kazımov fərqlənir. Gələn xəbərlərə görə, bir zamanlar "Yurd"da Əli Kərimli ilə birgə təmsil olunmuş Osman bəyə AXCP-də münasibət istidir. AXCP-də isə bu missiya bir zamanlar Müsavat düşərgəsində olmuş Razi Nurullaya tapşırılıb. Razi bəy bu günlərdə sosial şəbəkələrdə aktivləşib. Onun 2010-cu il parlament seçkilərinə aid, üzərində "AXCP-Müsavat seçki blokunun namizədi Razi Nurulla" yazılmış seçki plakatlarını paylaşması təsadüfi deyil, Razi bəyin nostaljisi ilə izah oluna bilməz. Bu, ictimai rəyə hesablanmış addımdır. Görünür, Qərbdən tapşırıq gəlib, AXCP ilə Müsavat yenidən bir arada olmalıdır. Bu yumşalma siyasətinin seçki ilinə təsadüf etməsi də maraqlıdır. Yaxın günlərdə Müsavatda Osman Kazımova, AXCP-də Razi Nurullaya qoşulanların sayı arta, sosial şəbəkələrdə AXCP-Müsavat birliyini təbliğ edənlər fəallaşa bilər. Əslində müttəfiqlik hər iki partiyaya lazımdır. Müsavatın durumu ortadadır. Arif Hacılı radikal AXCP-yə yaxınlaşmasa, nə partiya qalacaq, nə də başqanlıq. Qubad İbadoğlu ilə Vurğun Əyyub partiyanın sosial bazasını dağıdacaqlar. Müsavatla ittifaq AXCP-yə də lazımdır. Hər halda az qalsa da, Müsavatın sosial bazası AXCP-dən sonra ikincidir. AXCP-yə sanballı müttəfiq lazımdır. Mənfi reputasiyalı Milli Şura Qərbdə qəbul olunmur. Üstəlik, Milli Şura bütün tədbirlərini AXCP-nin hesabına keçirir. Ötən il ABŞ səfirliyinin keçirdiyi tədbirə müxalifət adına AXCP ilə Müsavat dəvət olunmuş, Cəmil Həsənli çağrılmamışdı. Bunu AXCP-də yaxşı hesablayırlar və bilirlər ki, seçkidə güclü görünmək üçün Müsavatla ittifaqa ehtiyac var.
Zaur Sultanbud