Müsavat özü qazdığı quyuya düşüb

Çoxları Müsavat Partiyasının düşdüyü duruma təəccüblə yanaşır. Necə oldu ki, iilərin sınağından çıxmış partiya bu vəziyyətə düşdü? Bir zamanların ana müxalifəti nədən futbol termini ilə desək "güclülər dəstəsi"ni tərk etdi? Müsavat niyə böhrandan çıxa bilmir? Sonuncu sualdan başlayaq. Müsavatın bu durumdan çıxa bilməməsinin tək səbəbi özünün də yaranmasında iştirak etdiyi, "ana müxalifət" kimi cəmiyyətə sırıdığı Milli Şuradan çıxması, AXCP ilə müttəfiqliyə son qoyması oldu. Müsavat Müsavatın güclü vaxtlarında, məsələn, 2005-ci il parlament seçkilərindən həmən sonra qurultay keçirsəydi, Arif Hacılı o zaman başqan seçilsəydi, partiyanın durumu bu cür olmayacaqdı. Uzağı Arif Hacılını qəbul etməyən bir neçə funksioner partiyadan çıxacaqdı, ancaq Müsavat müxalifət daxilində mövqeyini qoruyacaqdı.  Bəs sual yarana bilər ki, Müsavat niyə Milli Şuradan, AXCP-dən asılı duruma düşdü? Bu durumun yaranmasının suçlusu da Müsavat Partiyasıdır. Uzun illər Müsavat müxalifət daxilində mövqeyini radikallıqla qazanmışdı. "Ən çox və ən pis söyən, ən real müxalifətdi" prinsipini Azərbaycan siyasətinə Müsavat gətirib.  1993-2005-ci illər ərzində bu siyasət davam etdi. Müsavatın yaratdığı "təmiz, real müxalifət"  meyarları ilə neçə partiya sıradan çıxarıldı, parçalandı. O cümlədən, AXCP. AXCP-nin hazırkı rəhbərliyi bir zamanlar konstruktiv müxalifət rolunda çıxış edirdi. Əli Kərimlinin komandasını da "radikallaşdıran" məhz Müsavatın müəyyən etdiyi prinsiplər oldu. 2003-cü ildə ağır zərbə alan, daxilində problemlər yaranan Müsavat radikal kursdan imtina etmək zorunda qaldı. Ancaq real müxalifət funksiyasını qoruyub saxlaya bilmədi. Çünki ortada radikal kurs seçmiş AXCP vardı. 2006-cı ilin fevralından bu yana AXCP Müsavatı özünün metodları ilə vurur, sosial bazasını dağıdır, ictimai rəydə aşağılayır. Çünki Müsavatın radikal kurs aparmağa nə həvəsi, nə də adamları var. Yorulmuş İsa Qəmbər, Arif Hacılı indi  dinc yaşamaq, mandat almaq, xaricə səfərlər etmək, həm müxalifət adını qoruyub saxlamaq istəyirlər. Bu isə mümkün deyil. Çünki müxalifətdə əsası Müsavat tərəfindən qoyulmuş qaydalar var. O qaydalar ki, hətta düşərgənin lideri, AXCP sədri mərhum Əbülfəz Elçibəyə də şamil olunurdu. İsa Qəmbərin ətrafı, radikal yazarlar, funksionerlər Elçibəyi loyal siyasət yeritməkdə, hətta separatçılıqda suçlayırdılar. İndi Müsavatın sosial şəbəkələrdə söyüş söyəsi adamları qalmayıb. Ancaq AXCP-nin var. Ona görə də AXCP-nin qoyduğu qaydalar keçərlidir. Ona görə də Arif Hacılı kimi təcrübəli, hikkəli bir partiya funksioneri Fuad Qəhrəmanlı kimi cavanın ağzına baxır. Ki, o ağızdan nə zaman "gəlin, müttəfiq olaq" sözləri çıxacaq. İndi Müsavat başqanı Arif Hacılının bir yolu qalıb: Milli Şuraya qayıtmaq, Əli Kərimlinin liderliyini qəbul etmək. Əks halda, Qubad İbadoğlunun başçılıq etdiyi qiyamçılarla bacarmayacaq. Onlar Müsavatın sosial bazasını dağıdacaqlar. Çünki Qubad İbadoğlu ilə Arif Hacılının siyasi aləmdəki statusu eynidir. Qalib gəlmək üçün radikal olmaq lazımdır. Arif Hacılı radikal görünmək üçün Milli Şuraya daxil olmalı, ya da AXCP ilə ikitərəfli münasibətlər qurmalıdır.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00