“Azərbaycan Respublikasının Milli Atlası”, “Cənubi Qafqaz: 1903-cü il” xəritəsi

Əli Həsənov: “Erməni ekspansionistlərin xəritə və atlaslardan ölkəmizə qarşı silah kimi istifadə etməsi bu məsələnin nə qədər vacib olduğunu göstərir”

Fevralın 2-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Milli Atlası" və "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, "Milli Atlas"ın redaksiya heyətinin sədr müavini Akif Əlizadə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması ilə bağlı kartoqrafik saxtakarlıqlar artıb. A.Əlizadə qeyd edib ki, bu tip saxtakarlıqların qarşısının alınmasının zəruriliyi Azərbaycan Prezidenti tərəfindən imzalanmış 20 aprel 2011-ci il tarixli "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin və 18 aprel 2012-ci il tarixli "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında sərəncamlarda öz əksini tapıb. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra tarixi həqiqətlərə real yanaşmaq imkanı olub: "Bu nərşlərin yaradılması da həmin imkandan istifadə etməyin nəticəsidir. "Milli Atlas" coğrafiya və kartoqrafiyanın nailiyyətlərini özündə birləşdirən ən yüksək səviyyədə tamamlanmış kartoqrafik əsərdir. Milli atlasların nəşri bir çox dövlətlərdə xarətəçəkmə orqanları qarşısında duran prioritet məsələlərdən biridir. Yalnız güclü elmi potensiala malik dövlətlər bu məsuliyyətli işin öhdəsindən müstəqil şəkildə gələ bilirlər.  Azərbaycan Respublikasının Milli Atlası" özündə böyük məlumat bankını təşkil edir. Atlas 19 bölmə, 444 səhifədən ibarətdir. Bu atlasın digər atlaslardan fərqi burada Azərbaycanın bütün həyatının kompleks şəkildə öz əksini tapmasıdır. Burada Azərbaycanın torpaqları ilə bağlı bütün məlumatlar var. Sənaye, təhsil, tarix və digər istiqamətlər üzrə məlumatlar bu atlasda öz əksini tapıb. Atlasın digər mühüm dəyəri odur ki, bu atlasın tərtibatında informasiya təminatından istifadə edilib. Atlasın yaradılması kollektiv əməyin nəticəsidir. Bu gün onlara böyük təşəkkürlər düşür". Milli atlasların məkan məlumatları infrastrukturları üçün yeganə baza rolunu oynadığını bildirən Akif Əlizadə, Milli Atlasın Coğrafi İnformasiya Sistemi versiyasının hazırlanmasının ölkəmizdə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılmasına həlledici təkan verəcəyini qeyd edib. A.Əlizadə "Cənubi Qafqaz: 1903-cü il" xəsitəsinin 1903-cü ildə Cənubi Qafqazın Hərbi Dairəsinin topoqrafiya şöbəsi tərəfindən hazırlandığını deyib: "Bu xəritə özlərini hər zaman aborigen xalq kimi təqdim edən və ölkəmizə qarşı torpaq iddiası aparan ermənilərə sanballı cavabdır. Xəritə göstərir ki, hazırkı Ermənistan ərazisində olan bütün tarixi adlar Azərbaycana məxsusdur, tarixi dövlətimizin adlarıdır. Bu xəritə 1903-cü ildə Çar Rusiyası tərəfindən tərtib edilib. Ona görə də ondan qaçmağa yer yoxdur. Bu, ermənilərin iddialarının əsassız olduğunu sübut etmək üçün əsaslı bir məlumatdır". Çıxışının sonunda "Azərbaycan Respublikasının Milli Atlası" və "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin nəşrini Azərbaycanın elmi, ictimai və mədəni həyatında mühüm tarixi hadisə kimi dəyərləndirən akademik A.Əlizadə diqqət və qayğıya görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

"Həmin xəritələr Çar Rusiyasının hakim dairələri tərəfindən tərtib edilib"

"Azərbaycan Respublikasının Milli Atlası" məxsusi kartoqrafik əsərdir" mövzusunda məruzə ilə çıxış edən DTXK sədri, akademik Qərib Məmmədov "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin əsas mahiyyətini xarakterizə edərək, indiki Ermənistan ərazisində olan coğrafi adların bütövlükdə azərbaycanlılara məxsus olması barədə bir sıra əsaslı dəlillər səsləndirib. Q.Məmmədov vurğulayıb ki, son vaxtlar ayrı-ayrı ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin adlarının dəyişdirilməsi istiqamətində təxribat xarakterli materiallar yayılır: "Biz özümüz istəmədən informasiya müharibələrinin ən qəddar, amanız növü olan kartoqrafik müharibəyə cəlb olunmuşuq. Ölkə Prezidenti belə halların qarşısını almaq, dünya ictimaiyyətinə düzgün məlumatları çatdırmaq üçün 1903-cü ildə Çar Rusiyasının hakim dairələri tərəfindən tərtib edilmiş "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çap edilməsi barədə sərəncam verib. Bu xəritənin nəşr olunması ermənilərin əsassız iddialarına cavab vermək baxımından böyük əhəmiyyətə malikdir. Xəritənin digər başlıca əhəmiyyəti isə Ermənistan ərazisində olan coğrafi adların bütövlükdə Azərbaycana məxsus olmasının, İrəvan quberniyasındakı yaşayış məntəqəsi adlarının demək olar ki, hamısının Azərbaycan dilində, türk mənşəli olmasının aşkar şəkildə göstərilməsidir. Milli Atlas da bu kimi təhdidlərə tutarlı cavabdır". Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının Milli Atlası" ölkəmizlə bağlı ilk sanballı, irimiqyaslı kartoqrafik əsərdir" sözlərini xüsusi vurğulayan akademik Azərbaycan tarixində indiyədək Milli Atlasın olmadığını bildirib. Eləcə də "coğrafi atlas" anlayışının müasir təriflərindən atlasların və atlas kartoqrafiyası üsullarının inkişaf tarixindən danışıb, Milli Atlasın əsas faunksiyalarını iştirakçıların diqqətinə çatdırıb.

"Azərbaycanın gələcək minilliyi həyata vəsiqə aldı"

"Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri dövlətçilik tariximizin mühüm hadisəsidir" adlı məruzə ilə çıxış edən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib ki, Milli Atlasın nəşr olunması ölkəmizin tarixində təkcə nəşriyyat işi sahəsində əldə olunmuş nailiyyət kimi qiymətləndirilməməlidir. Y.Mahmudov həmçinin bu nəşri xalqın zəngin tarixini və dövlətin müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbə kimi səciyyələndirib. Qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin Milli Atlasının nəşr olunması gələcək nəsillərimizdən ötrü, gələcək yüzilliklər, minilliklər üçün elmin bütün sahələrini əhatə edən çox qiymətli ilk mənbənin həyata vəsiqə alması deməkdir. Öz məruzsəsində Milli Atlasa daxil olan tarixi xəritələrin qədim dövlətçilik ənənələrimizi olduqca parlaq şəkildə sübut etdiyini qeyd edən Yaqub Mahmudov atlasa Azərbaycan tarixinə dair bütövlükdə 70 xəritənin daxil edildiyini bildirib.

"Milli atlasları yalnız müstəqil dövlətlər hazırlayır"

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov deyilən fikirləri ümumiləşdirərək nəşrlərin tarixi əhəmiyyətindən danışıb, məzmun zənginliyi və tərtibatını yüksək qiymətləndirib: "Qədim dövrlərdən bəri yaşamaq uğrunda mübarizə aparan qəbilə və xalqlar həm məskunlaşdıqları əraziləri, həm də ətrafdakı insanları öyrənməyə çalışmış, əldə etdikləri məlumatları və bilikləri müxtəlif formalarda əks etdirərək bir-birilərinə çatdırıblar. Belə formalardan biri də universal ünsiyyət vasitəsi olan, fərqli dillərdə danışan insanların başa düşə biləcəyi kartoqrafik təsvir və materiallardır. Mütəxəssislər belə hesab edirlər ki, kartoqrafiya hətta yazıdan da əvvəl yaranıb. Bu sahə ildən-ilə təkmilləşir, dövlət və cəmiyyət üçün onun əhəmiyyəti daha da artır. Azərbaycan alimləri və mütəxəssisləri milli xəritəçəkmə mədəniyyətinin tərəqqisi istiqamətində mühüm uğurlara imza atıblar. Hələ sovet dövründə ölkənin fiziki, coğrafi, geoloji, siyasi və inzibati xəritələri hazırlanıb. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra bu sahənin elmi-praktiki, təsərrüfat əhəmiyyəti, siyasi və ideoloji xüsusiyyəti artıb. Erməni ekspansionistlərin xəritə və atlaslardan ölkəmizə qarşı silah kimi istifadə etməsi bu məsələnin nə qədər vacib olduğunu göstərir. Dövlətin öz məqsədlərinə çatması yolunda kartoqrafik materialların əhəmiyyətini və təsir imkanlarını mühüm qiymətləndirən Ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşıb. 2001-ci ildə ölkədə struktur islahatları aparılarkən kartoqrafiya problemləri diqqətdən yayınmayıb. Müasir dövrdə mövcud resurslardan daha səmərəli istifadə etmək üçün Dövlət Topaq və Xəritəçəkmə Komitəsi yaradılıb. Tədqiq olunmuş məlumatlar və statistik göstəricilər Azərbaycanda kartoqrafiya sahəsində yeni inkişaf mərhələsinin Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu söyləməyə əsas verir. Prezidentin müstəsna xidməti və himayəsi sayəsində 2003-cü ildən indiyədək respublikada 200-dən çox xəritə və atlas nəşr olunub. Bu sahədə ana dilində çap olunmuş topoqrafik xəritələr, ölkənin ekoloji, torpaq, turizm və sair atlaslarını qeyd etmək yerinə düşər. Son 10 ildə dövlət sərhədlərinin delimitasiyası sahəsində görülən işlərin nəticələri ictimaiyyətə məlumdur. Bu sahədə indiyədək həyata keçirilən işlərin mahiyyətini azaltmadan qeyd etmək olar ki, kartoqrafiyanın şah əsəri bu gün təqdimatı keçirilən Milli Atlasdır. Prezident İlham Əliyevin 2011-ci il 20 aprel tarixli sərəncamına əsasən hazırlanan bu fundamental nəşr ölkəmiz haqqında mühüm informasiya mənbəyi, analitik material, sosial-iqtisadi inkişaf üçün tələb olunan biliklərin məcmusudur. Bu nəşrdə Azərbaycanın mədəniyyəti, iqlimi, flora və faunası, yeraltı və yerüstü sərvətləri, iqtisadiyyatı və digər sahələr haqqında mötəbər məlumatlar toplanıb. Atlasdakı qiymətli elmi məlumatlar, 1000-ə yaxın xəritə, diaqram və cədvəl, arayışlar, qrafika və illüstrasiyalar redaksiya heyətinin və bütün mütəxəssislərin gərgin əməyinin nəticəsidir. Beynəlxalq təcrübə göstərir ki, milli atlasları yalnız müstəqil dövlətlər hazırlayır. Hazırda dünyadakı 200-dək dövlətdən təxminən yarısının atlası yoxdur. Qərb ölkələri bu prosesi hələ ötən əsrin 70-90-cı illərinin ortalarından başlayıblar. Biz postsovet ölkələri arasında 5-ci ölkəyik ki, milli atlasımızı buraxırıq. Bizdən əvvəl Rusiya, Belarus, Ukrayna və Qazaxıstan milli atlaslarını hazırlayıblar. Təbii ki, Azərbaycanın Milli Atlasının ərsəyə gəlməsi həm dövlət müstəqilliyimizin bizə bəxş etdiyi tarixi nailiyyət, həm xalqımızın yüksək intellektual potensialının göstəricisi, həm də son illər sosial-iqtisadi sahədə qazanılan uğurların nəticəsidir. Hazırda Azərbaycan Milli Atlasının tərtibatında da 2 süni peykimizin imkanlarından da istifadə olunub. Bu gün Azərbaycan dünyanın kosmik dövlətləri ilə bir sıradadır. Bu faktın özü Azərbaycanın nə qədər inkişaf etdiyinin bariz göstəricisi hesab oluna bilər. Atlas cəmiyyətimiz üçün bir neçə aspektdən önəmli olacaq. Əvvəla, Atlas vətəndaşlar, xüsusilə də gənc nəsil üçün maarifləndirici funksiya daşıyır. Belə ki, tariximiz, mədəniyyətimiz, iqtisadiyyatımız, təbii sərvətlərimiz barədə dəqiq məlumatlar və doğru biliklər əldə etmək, ölkəmizin hər bir güşəsini daha yaxından tanımaq imkanı yaranacaq. Digər tərəfdən, təhsil alan gənclərimiz və yeniyetmələrimiz bu tipli vəsaitlərlə işləmək vərdişləri qazanacaq ki, bu da onların dünyagörüşünün genişlənməsinə, intellektual səviyyələrinin artmasına səbəb olur. Atlas Azərbaycanın mili maraqlarının qorunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə də öz mühüm töhfəsini verəcək. Ermənistan və erməni diasporu uzun illərdən bəri müxtəlif saxta xəritələr hazırlayaraq onlardan ölkəmizə və xalqımıza qarşı geniş istifadə edirlər. Azərbaycanın Milli Atlasının nəşr edilməsi, xarici ölkələrə, beynəlxalq təşkilatlara və tanınmış kitabxanalara göndərilməsi regionun tarixi və coğrafiyası, burada gedən proseslərin mahiyyəti ilə bağlı erməni yalanlarının ifşasına əlavə imkanlar yaradacaq. Bu baxımdan atlasın tarix bölməsinə geniş materialların yerləşdirilməsi müsbət haldır. Azərbaycanın müxtəlif dövrlərdə hazırlanan kartoqrafik materiallarındakı təsvirlər, bu torpaqlarda yaranan qədim dövlətlər və abidələr haqqında xəritələr mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, xəritələr 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin kütləvi köçü, münaqişələrin və qırğınların baş verdiyi məkanlar, etnik təmizləmələr və işğal edilmiş ərazilər barədə ətraflı təsəvvür yaradılması üçün olduqca faydalıdır. Atlasda Azərbaycanın sosial-iqtisadi göstəricilərini əks etdirən bölmələr xüsusi sahələr üzrə təqdim olunur. Xəritədə cədvəllər və digər materiallar sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət, idman və s. sahələrdə respublikanın dinamik inkişafını izləməyə imkan verir. Bu, ölkəmizin potensialı haqqında dolğun təsəvvür yaradılmasına və nəticədə xarici investisiyanı və turistlərin cəlb edilməsi üçün zəruri mühitin formalaşmasına kömək edir. Təşəkkür edirəm".

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru Hicran Hüseynova, AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və digər natiqlər "Azərbaycan Respublikasının Milli Atlası" və "Cənubi Qafqaz. 1903-cü il" xəritələrinin əsas mahiyyət və əhəmiyyətindən danışaraq görülən işləri müsbət qiymətləndiriblər.


Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00