Millət vəkili Minsk qrupunun tərkibinin dəyişdirilməsini təklif edir
2 Fevral 2015 15:53 Siyasət"Biz 20 ildir ki, ATƏT Minsk qrupunun həmsədr ölkələrinə öz iradımızı bildiririk. Təəssüflər olsun ki, bu tərkib heç bir məsələnin həllinə müsbət təsir etməyib. Ona görə, hesab edirəm ki, artıq vaxtı gəlib çatıb ki, Azərbaycan rəsmi şəkildə Minsk qrupunun həmsədr ölkələrinin tərkibinə yenidən baxılması və genişləndirilməsi məsələsini müzakirəyə çıxarsın". Bunu deyən millət vəkili Azay Quliyevin sözlərinə görə, yanvarın 21-də cənab Prezident İlham Əliyevin Almaniyaya çox uğurlu bir səfəri oldu və səfər zamanı Almaniyanın kansleri xanım Anqela Merkel də Dağlıq Qarabağ probleminin həllində yaxından dəstək verəcəyini bildirdi: "Hesab edirəm ki, bu məqamdan istifadə edib Almaniyanın Minsk qrupunun həmsədrliyinə gətirlməsi məsələsini qaldırmaq lazımdır. Ikinci bir təklif Türkiyənin bu formata daxil olunmasıdır və bilirsiniz ki, Türkiyə regionda güclü dövlətdir, münaqişəyə cəlb olunan hər iki ölkədə müəyyən mənada maraqları var və xüsusilə Ermənistan neçə müddətdir ki, Türkiyə ilə sərhədlərin açılmasına çalışır. Hesab edirəm ki, Türkiyənin müəyyən imkanları var ki, bu istiqmətdə təsir etsin, xüsusilə Türkiyə Ermənistan ilə sərhəddinin açılmasıni birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bəyan edir. Beləliklə hesab edirəm ki, indiyə qədər fəaliyyət göstərən hər üç həmsədr ölkə birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Ona görə də bu balansı yaratmaq üçün, müəyyən formada ədalətli mövqeyi bərqərar etmək üçün Minsk qrupunun tərkibinə yenidən baxılmalıdır və mən bu məsələni ATƏT-in Parlament Assambleyasının qış sessiyasında qaldırmağı planlaşdırıram".