Minsk Qrupunun Dağlıq Qarabağı “mübahisəli ərazi” adlandırmasının ilginc təfərrüatı

Erkin Qədirli: “..."DQR" yox olacaq, Ermənistan isə özünü birbaşa işğalçı kimi tanıyacaq”

"Real" Hərəkatı idarə heyətinin üzvü, siyasi analitik Erkin Qədirli ABŞ-da nəşr olunan "Nyu-York Tayms" qəzetinin Dağlıq Qarabağı "mübahisəli ərazi" adlandırmasına münasibətini açıqlayıb. Bu ifadənin Minsk Qrupu həmsədrlərinin də dilindən düşmədiyini deyən E.Qədirli bildirib ki, Ermənistan və Azərbaycan isə bölgəni mübahisəli ərazi adlandırmırlar: "Biz, aydın məsələdir, Qarabağın özümüzə aid olduğuna və kimsəylə onu mübahisələndirmədiyimizə görə belə sayırıq. Ermənistan da Qarabağı özünə aid edir, amma ermənilər üçün məsələnin burası heç də ən vacib olanı deyil. Ermənistan Qarabağı "mübahisəli ərazi" saymır, çünki, əks təqdirdə, qondarma "Daqlığ Qarabağ Respublikasının" bütün hekayəsi dağılacaq. Ermənilərin qurduğu hekayəyə görə, "DQR" müstəqil dövlət olmağa layiqdir, onun "xalqı" özdurum haqqından guya istifadə edib və Azərbaycandan ayrılıb, Azərbaycan isə "DQR"ə qarşı guya təcavüz edib. Bu hekayədə Ermənistanın yeri yoxdur. Ermənistan Dağlıq Qarabağı "mübahisəli" adlandırarsa, bir tək faktiki deyil, həm də ritorik (rəsmi) səviyyədə də birbaşa tərəfə çevrilir. Hal-hazırda Ermənistanın danışıqlarda "DQR"in maraqlarını ifadə etdiyi hesab olunur, çünki Azərbaycan "DQR"i tərəf kimi tanımır. Başqa sözlə, Ermənistan Dağlıq Qarabağı "mübahisəli ərazi" adlandırarsa, "DQR" yox olacaq, Ermənistan isə özünü birbaşa işğalçı kimi tanıyacaq. Paradoksal vəziyyətdir. Münaqişə tərəfləri Dağlıq Qarabağı "mübahisəli ərazi" saymır, münaqişədə vasitəçi olan dövlətlər və dünya mediası isə sayır. Niyə? Özlərinə belə sərf edir, çünki. Yaxşı məlumdur ki, istilah və anlayışlara kim nəzarət edirsə, sosial üstünlük (hakimiyyət) də onundur. Qədim zamanlardan bəri belə olub həmişə. Minsk Qrupunun həmsədrləri, onların rəyini nəzərə alan başqa dövlətlər, eləcə də aparıcı dünya mediası, Dağlıq Qarabağı "mübahisəli ərazi" adlandırmaqla, münaqişənin birbaşa tərəflərinə, bütün başqa təsirlərdən əlavə, həm də məna vasitəsilə təsir etməyə çalışır və, beləliklə, onların (münaqişə tərəflərinin) danışıqlarda sərbəstliyini xeyli məhdudlaşdırmış olurlar". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00