Qubad İbadoğlu Müsavatdan qovula bilər
Bu qərar Müsavatda parçalanmanı dərinləşdirəcək
30 Yanvar 2015 13:59 SiyasətYaxın günlərdə Azərbaycan Demokratiya və Rifah Hərəkatının başqanı Qubad İbadoğlu partiyadan çıxarıla bilər. Partiyadan sızan məlumata görə, bu barədə vahid fikrə gəlinib. İsa Qəmbər, Arif Hacılı və "dərin Müsavat" a daxil olan digər nüfuzlu şəxslərin iştirakı ilə yekdil rəyə gəlinib ki, Qubad İbadoğlu və Vurğun Əyyubla bağlı qeyri-müəyyənlik qalınca, partiya daha çox itirəcək. Bəllidir ki, İsa Qəmbərin məsləhəti ilə "prosesi təbii axarına buraxın, ictimai rəydə gözdən düşsünlər" taktikası effekt vermədi. Artıq Müsavat rəhbərliyi anlayır ki, hər keçən gün İbadoğlu tərəfdarlarının xeyrinə işləyir. Çünki Qubad İbadoğlu və Məclis üzvü Vurğun Əyyub rayonlarda Müsavat adı ilə təmsil olunur, müsavatçıları asanlıqla ADR-ə cəlb edə bilirlər. Çünki qanunvericiliyə görə, hər kəsin, hər bir partiya üzvünün ictimai təşkilatda birləşmək hüququ var. Müsavat rəhbərliyi də heç kimə "ADR-ə qoşulmayın" tapşırığı verməyib. Ona görə də ADR-in sıraları genişlənir. Sabah bu qurum partiyaya çevrilsə, Müsavatdan xeyli adamı özü ilə aparacaq. Ona görə də Arif Hacılı tələsməlidi. Bu il seçki ilidir. Partiya seçki kampaniyasına qədər toparlanmalı, seçkiyə hazırlaşmalıdır. Ancaq belə görünür ki, bu il Müsavat daha çox daxili məsələ ilə məşğul olacaq. Arif Hacılı və gənc müavini Səxavət Soltanlı başqanlığa sabiq aday Qubad İbadoğlunun və Qadınlar Təşkilatının sədri Ellada Məmmədlinin Divana çağrıldığını və onların fəalliyətinin müzakirə olunacağını bildirblər. Bəs Qubad İbadoğlu fevralın 2-də ADR-in yerli şöbələrinin təsis olunması ilə əlaqədar rayonlarda olacağını bidlirib. Bu o deməkdir ki, artıq İbadoğlu partiyanın rəhbər strukturlarının tövsüyyələrinə də əməl etmir. Böyük ehtimalla, İbadoğlu toplantıya qatılmayacaq və ona son dəfə xəbərdarlıq ediləcək. Ellada Məmmədli isə çox güman ki, QT sədriliyindən çıxarılacaq. Çünki onun bu statusla ADR-in toplantılarına qatılması Müsavatın zərərinədir. Qubad İbadoğlu ilə bağlı məsələ, ona qarşı davranışın sərtləşməsi Müsavat üçün hansı sonluqla nəticələnəcək? Yəqin ki, bu dəfə Divan Qubad İbadoğluna vaxt verəcək. Ona yəni müəyyən müddətə qədər ADR-lə bağlı, Müsavat rəhbərliyinin tənqidinə yönəlmiş fəalliyyətə son qoymaq tapşırılacaq. ADR-in yaranması, partiya quruculuğu prosesi geridönməz xarakter aldığından İbadoğlu da geri addım atmayacaq. ADR-in quruculuğu davam edəcək. Növbəti dəfə, (çox güman ki, mart ayına qədər bu, reallaşacaq) Divan Qubad İbadoğlu və Vurğun Əyyubun partiyadan çıxarılmasına qərar verəcək. Hər şey bəlli olduğundan Arif Hacılının vaxtı uzatması ancaq Müsavatın ziyanınadır. Onsuzda ADR partiyaya çevriləcək. Lap İbadoğlu geri çəkilsə belə, Vurğun Əyyub, Səxavət Əlisoy, Hikmət Hacızadə Müsavatla yolları ayırıblar. Onlar yola davam edəcəklər. Qubad İbadoğlu martda partiyadan çıxarılsa belə, heç nə dəyişməyəcək. Müsavatdan qopmalar labüddür və bunun qarşısını nər Arif Hacılını, nə də İsa Qəmbər ala bilməyəcək.
Ərhun Abbas